Modern.az

Dövlət Komitəsinin nümayəndə heyəti Yunus Əmrə İnstitutunda olub - FOTO

Dövlət Komitəsinin nümayəndə heyəti Yunus Əmrə İnstitutunda olub - FOTO

27 Oktyabr 2019, 11:50

Macarıstana səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Yunus Əmrə İnstitutunda türk və macar müəllimləri ilə görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Fuad Muradov görüşdə ölkəmizin diaspor siyasətindən, rəhbərlik etdiyi qurumun fəaliyyətindən, ümumtürk diasporu şəbəkəsinin yaradılmasından, “Türkdilli diasporların inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan addımlardan danışıb. O, türkdilli ölkələrin gənclərinin yay düşərgəsinin təşkil edilməsi fikrini bir nümunə kimi xatırladaraq, bu addımın bütün Türk dünyasının yaxınlaşmasına təkan verəcəyinə əminliyini ifadə edib.

 

Nümayəndə heyətinə bildirilib ki, sözügedən təhsil ocağında bu ölkədə yaşayan türklərə və macarlara türk dili və ədəbiyyatı tədris olunur. Bundan başqa, müəllimlər macar tələbələrinə Azərbaycanı da tanıtmağa çalışırlar. Onlar ölkəmizə səfərləri, Türkiyə və Azərbaycan haqqında aparılan araşdırmalar, nəşr olunan kitablar, Macar-Turan Fondunun Qarabağda çəkdiyi "Atəşkəs" filmi barədə danışıblar.

 

Macar-Turan Fondunun təsisçi Andras Biro bildirib ki, həmin filmi çəkməklə Qarabağ həqiqətlərini macar ictimaiyyətinə çatdırmaq istəyiblər. Qarabağ torpaqlarının ermənilər tərəfindən işğal olunmasından bəhs edən filmin Macarıstanda geniş təqdimatının keçirildiyi diqqətə çatdırılıb.

 

Nümayəndə heyəti maraqlı görüşə görə Yunus Əmrə İnstitutunun rəhbərliyinə təşəkkür edib. Bu cür görüşlərin diasporlarımızın daha çox yaxınlaşmasına, təşkilatlanmasına, xaricdə yaşayan türk əsilli insanların birgə fəaliyyət göstərməsinə müsbət təsir etdiyi vurğulanıb.

 

Görüşün yekununda qonaqlar institutda təşkil edilmiş sərgi ilə tanış olublar.

 

Tədbirdə ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev də iştirak edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu