Modern.az

Pozneri susduran azərbaycanlı qız: “Tədbirdən sonra mənə yaxınlaşıb “sağ ol” deyirdilər”

Pozneri susduran azərbaycanlı qız: “Tədbirdən sonra mənə yaxınlaşıb “sağ ol” deyirdilər”

28 Oktyabr 2019, 14:08

Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist və aparıcı Vladimir Pozner Kaliforniyada çıxışı zamanı əslən Dağlıq Qarabağdan olan azərbaycanlı Arzu Məmmədovanın sualı qarşısında çıxılmaz vəziyyətdə qalıb.

Belə ki, Qarabağ bölgəsindən olduğunu deyən Arzu Azərbaycanda bütün xalqların sülh şəraitində yaşadığını və heç bir xalqa, o cümlədən, yəhudilərə qarşı ayrı-seçkilik olmadığını deyib. O qeyd edib ki, Vladimir Pozner kimi səviyyəli jurnalist qərəzsiz olmalıdır:

 

“Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq işğal etdiyi ərazidir. Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz qaytarılması barədə BMT qətnamələri var. Dünyanın heç bir ölkəsi, o cümlədən, Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır”.

 

Azərbaycanlı xanım Arzu Məmmədova Modern.az-a açıqlamasında deyib ki, Poznerə cavab vermək fürsətinin olduğunu biləndə heç nə düşünməyib:

 

“Mütləq sual verəcəyimi və bunun da Qarabağ haqqında olduğundan əmin idim. Sadəcə, bu sualın nə barədə olacağını düşündüm. Mən Bakıda doğulsam da, Azərbaycanda böyüməmişəm. Əslən qarabağlıyam. Ailədə 3 bacıyıq. Ölkədən kənarda yaşasaq da, həmişə Azərbaycanı təmsil edirik. Çünki Azərbaycan bizim vətənimizdir. Vətəndən uzaqda yaşasaq da, içimizdə vətən eşqi həmişə bizimlədir”.

 

Arzu Məmmədova qeyd edib ki, bu onun ilk addımı deyil:

“2014-cü ildə Çində Azərbaycanı gənc səfir kimi təmsil etmişəm. Azərbaycanın tarixdəki görkəmli xanımları haqqında bloqun yaradıcısıyam. Çalışdığım qədər Azərbaycanı təmsil edirəm, Azərbaycan üçün əlimdən gələni edirəm”.

 

Azərbaycanlı xanım bildirib ki, sualı çox uzun olsa da, fikirlərini ümumi auditoriyaya  çatdırmaq üçün daha doğru idi:

“Tədbirdən sonra Poznerə yox, mənə  yaxınlaşıb “sağ ol” deyirdilər. Mühazirə çox maraqsız keçmişdi. Hamı Poznerdən fərqli nəsə gözləyirdi. Tərcüməçilər belə mənə yaxınlaşıb dedilər ki, “sualın yaxşı olsa da, heç bir cavab almadın. Çox pauza verir, cümləni sonuna qədər bitirmirdi”. Bəziləri elə düşünürdülər ki, ora toplaşanların Qarabağ haqqında bilgiləri yoxdur. Ancaq elə deyildi. Hər kəs Qarabağ münaqişəsi barədə məlumatlı idi”.

 

Qeyd edək ki, Arzu Məmmədova  rusiyalı aparıcı Poznerə belə sual ünvanlayıb. 

“Siz Ermənistanı dəstəkləməklə qadın və uşaqların qatillərini alqışlayır, mən və ailəm də daxil olmaqla məcburi köçkün düşmüş minlərlə azərbaycanlıya qarşı ayrı-seçkilik edirsiniz. Sizcə, söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?”, - deyə Arzu soruşub.

Nə deyəcəyini bilməyən Vladimir Pozner Dağlıq Qarabağın Ermənistanın rəsmi olaraq tanınan ərazisi adlandırıb. Bu zaman Məmmədova onun sözünü kəsərək Dağlıq Qarabağın Azərbaycanın rəsmi ərazisi olduğunu bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI