Modern.az

Pənah Hüseynin ad günündə kefi pozuldu: “Camaata it hürər, mənə də çaqqal”

Pənah Hüseynin ad günündə kefi pozuldu: “Camaata it hürər, mənə də çaqqal”

Hadisə

28 Oktyabr 2019, 15:26

Oktyabrın 23-də Müsavat Partiyasının başqanı Arif Hacılı yeni təkliflə çıxış edib. Partiya lideri bildirib ki, müxalifətin birliyi mövzusu aktuallaşıb: “Partiya rəhbərlərindən, o cümlədən məndən siyasi qüvvələrin əməkdaşlığı tələb olunur. Bu təklifləri, eyni zamanda siyasi resursların toparlanması zərurətini nəzərə alaraq ölkədəki siyasi durumu dəyərləndirmək, yaranmış vəziyyətdən çıxış yolları barədə müzakirə aparmaq üçün açıq dəyirmi masanın keçirilməsini təklif edirəm”.

Müsavat başqanı dəyirmi masaya Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlini, AXCP sədri Əli Kərimlini, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovu, Xalq Partiyasının sədri Pənah Hüseyni, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Məclisinin üzvü İsa Qəmbəri, sabiq səhiyyə naziri Əli İnsanovu, jurnalist Mehman Əliyevi, politoloq Hikmət Hacızadəni dəvət edib və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakını məqbul sayıb.


Modern.az xəbər verir ki, Amerikada yaşayan müsavatçı politoloq Ramiz Yunus (hüquq müdafiəçisi Arif Yunusun qardaşı, Leyla Yunusun qaynı) Arif Hacılının bu təklifinə münasibət bildirib. O Əli İnsanovla Pənah Hüseyni təhqir edib, onları cəmiyyətdə nüfuzu olmayan şəxslər hesab edərək odioz siyasətçilər adlandırıb:

“Belə odioz siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirmək təklifi, Müsavat Partiyasının imicinə bir daha zərbə vurur. Hansi ki, son illərdə onun rəhbərliyi (Arif Hacılı-red.) altında onsuz da qənaətbəxş deyil. Sosial bazası olmayan siyasi cəsədləri necə canlandırmaq olar? Axı nə qədər ictimai rəyə məhəl qoymayan, cəmiyyətin nəbzini və sosial sifarişi hiss etməyən bəyanatlar verəcəksiniz, hörmətli Arif bəy? Əminəm ki, belə ölü doğulmuş dəyirmi masalarda özünə hörmət edən siyasətçilər iştirak etməyəcəklər”.


Ramiz Yunusun bu ittihamlarına münasibət bildirən Pənah Hüseyn onun fikirlərini şərh etməyəcəyini deyib:

“Fikir, ifadə azadlığı var. Onun da istədiyi məsələ barədə fikrini bildirməyə haqqı var. Amma hərə öz tərbiyəsinə görə, addım atır. Mən onun fikirləri ilə tanış deyiləm. Təhqir edibsə də, öz tərbiyəsini göstərib. Mən nə deyə bilərəm ki?! Camaata it hürər, bizə də çaqqal”.

Qeyd edək ki, bu gün, 28 oktyabr tarixi Xalq Partiyasının sədri Pənah Hüseynin doğum günüdür, onun 62 yaşı tamam olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı