Modern.az

Niyə belə yazırıq?

Niyə belə yazırıq?

28 Oktyabr 2019, 17:01

Xeybər GÖYYALLI

                                      
Azərbaycan  dilinin  özəl prinsip və  normativlərini  bilərəkdən  pozaraq    uzun  illər  səhv yazdığımız  “aşbaz” ( bu günə kimi orfoqrafiya lüğətimizdə  aşpaz yazılıb) sözünün yazılışı haqqında  xeyli vaxtdır düşünürəm. Səhv yazdığımıza  zərrə  qədər şübhəm yoxdur. Ancaq  nə vaxtsa bir  dilçinin  söylədiyi  fikir  şüur altında oturmuşdur. Bu  gün  kimliyini tamam  unutduğum  həmin dilçi  alim  bu  sözü  fars  mənşəli bir söz kimi qələmə verib və   aşpaz  formasında yazılmasını mütləq şəkildə diktə edirdi. Ancaq  aşbaz sözünün aşpaz şəklində yazılmasını heç cür qəbul edə bilmirdim və indi də qəbul etmirəm.  doğma ,  baz isə  fars  mənşəli  sözdür. Məlumdur ki, aş  milli  xörəyimizin adıdır. Buradakı  baz  sözü isə  artıq  sözdüzəldici  şəkilçi statusundadır. Əslində, fars  dilində  baz  sözü müstəqil  bir söz kimi bir neçə mənada işlənilir. Fars dilində bu söz açıq, şahin (quş), təkrar, bir daha, geriyə, dala mənalarını  da ifadə  edir. Bu  gün  dilimizə  leksik  bir vahid  kimi  daxil olmuş  baz  sözü   fars  dilində  həm də  müəyyən  bir işin  düşkünü,  sənət və peşənin  mükəmməl  bilicisi  mənalarında işlənilir. Baz  sözü  fars  dilində omonim  söz  kimi işlənilsə də,   dilimizdə  yalnız  bir  mənanı qoruyub saxlamaqla  peşə və sənət  bildirən  sözlərin yaranmasında iştirak etmişdir. Belə  ki,  aşnabaz, arvadbaz, qumarbaz  kimi  sözlərdə  mənfi,  aşbaz, kəndirbaz (canbaz) və s. sözlərdə müsbət çalarda  işlənilib. Çox doğru olaraq,  fars  mənşəli  baz  sözü  dilimizdə şəkilçiləşərək   bir cür  (baz)  yazılmışdır. Məs: atbaz, kəndirbaz (canbaz), quşbaz, qumarbaz, ibarəbaz, yerlibaz və s. Heç bir ciddi səbəb olmadan yalnız  aşpaz  sözünə  istisnalıq verilib.  Nədəni və niyəsi  heç cür izah olunmayıb. Çox  böyük  ehtimalla  demək  olar ki,  uzun  illər  heç  bir  normativə əməl etmədən bu səhv   kortəbii şəkildə davam etdirilmişdir. Fars  mənşəli  baz  sözünün definisiyasından  da açıq-aşkar görünür ki,  dilimizdə  şəkilçiləşmiş  bu  söz  sənət və  peşə mənasını  özündə  ehtiva  edir. Bu  leksik  vahidin  qarşılığı (sinonimi) dilimizdə  sənət, peşə mənasında  sözlər  yaradan  - çı, -çi, - çu,- çü   şəkilçisidir.

 
Haqqında  danışdığımız  sözün  aşpaz  kimi  yazılmasını israr edən, ancaq  kimliyini unutduğum  dilçinin  fikri  dolayısı ilə   “Azərbaycan dilinin izahlı lüğəti”ndə   təsdiqlənir. Belə ki, sözü  doğma, aşpaz sözü  isə  fars  mənşəli  söz  kimi  qeyd  olunub. Eyni cür  yaranan atbaz sözündə  bu  səhvə  rast  gəlmirik. At sözünün doğma (milli), baz  leksik vahidinin fars mənşəli olduğu qeyd  edilir.

 
 Fars  dilindən  ana  dilimizə  şəkilçiləşərək  keçən  baz  sözü  fars  dilində  paz yox, baz   kimi yazılır. Azərbaycan  dilində  digər sözlərə qoşulub sənət və peşə məfhumlu  söz  yaradan  bu leksik vahid aşpaz sözündən başqa  digər sözlərin hamısında p yox, b  ilə yazılıb. Yuxarıdakı  nümunələrdə də  bunu  əyani şəkildə gördük. Bu məqamda onu da diqqətə çatdırım ki, “Ərəb və fars sözləri lüğəti”ndə ( Bakı, ”Yazıçı”, 1985)  bu söz bir qədər  də  fərqli,  aşpəz (?)  formasında yazılıb.  

İndi  məntiqi  bir  sual  ortaya  çıxır:  niyə atbaz, kəndirbaz, quşbaz, qumarbaz və s. yazılır, ancaq  aşbaz yazılmır? Atbaz  at  həvəskarı,  kəndirbaz  kəndir üstündə   oynayan, quşbaz  quş  həvəskarı,  qumarbaz qumar  aludəçisi olduğu  kimi, aşbaz da aş və xörək  bişirəndir. Bu fikrin  analogiyasını milli şəkilçimiz olan -çı, - çi,- çu,-çü şəkilçisinin vasitəsilə  fərqli  formada  gerçəkləşdirək : atçı, kəndirçi, quşçu, qumarçı , aşçı. Düzdür, dilimizdə bu sözlər işlənilmir. Bu analogiyanı aparmaqla  bir daha  vurğulayıram ki,  fars dilindən keçmiş baz sözü  dilimizdə sənət və peşə bildirən söz(lər) yaradan və bir cür yazılan (baz) şəkilçidir.


İndi gələk aşbaz sözünün  fonetik tələffüzünə.  Qəti və birmənalı  şəkildə  deyirəm ki, heç kim aşpaz  formasında tələffüz etmir və heç kəs də belə deyilişə rast gəlməyib. Soydaşlarımızın hamısı aşbaz deyir və bir çox məqamlarda  da  elə dedikləri kimi də yazırlar. Paytaxtımızda yerləşən  bəzi  reklam  lövhələrində də  doğru  olaraq  aşbaz yazılıb.


... Yaxşı deyilib ki, həqiqətin bərpası  heç vaxt gec deyil...

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu