Modern.az

Müsavatın “dəyirmi masa” təklifinə REAKSİYA: “Baxaq görək, baş tutacaqmı”

Müsavatın “dəyirmi masa” təklifinə REAKSİYA: “Baxaq görək, baş tutacaqmı”

Ölkə

29 Oktyabr 2019, 12:51

Müsavat Partiyasının başqanı Arif Hacılı yeni təkliflə çıxış edib. Partiya lideri bildirib ki, müxalifətin birliyi mövzusu aktuallaşıb:

 

“Partiya rəhbərlərindən, o cümlədən məndən siyasi qüvvələrin əməkdaşlığı tələb olunur. Bu təklifləri, eyni zamanda siyasi resursların toparlanması zərurətini nəzərə alaraq ölkədəki siyasi durumu dəyərləndirmək, yaranmış vəziyyətdən çıxış yolları barədə müzakirə aparmaq üçün açıq dəyirmi masanın keçirilməsini təklif edirəm”.

 

Müsavat başqanı dəyirmi masaya Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlini, AXCP sədri Əli Kərimlini, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovu, Xalq Partiyasının sədri Pənah Hüseyni, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Məclisinin üzvü İsa Qəmbəri, keçmiş səhiyyə naziri Əli İnsanovu, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevi, politoloq Hikmət Hacızadəni dəvət edib və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakını məqbul sayıb.

 

Xatırladaq ki, bundan əvvəl Bakıda “Ana Vətən” Partiyasının təşkilatçılığı ilə “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda “dəyirmi masa” keçirilmişdi. Son illərdə siyasi partiyaların bir yerdə keçirdiyi ilk konfrans kimi bu, mediada müzakirələrə səbəb oldu. Elə Müsavat Partiyasının da “dəyirmi masa” ideyasını buradan götürdüyü, müxalifətdə və siyasi partiyalar arasında üstünlüyü ələ almağa çalışdığı iddia edilir.

 

Bu barədə Modern.az-a danışan “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı qeyd edib ki, istənilən partiya, təsisat hər hansı mövzuda “dəyirmi masa” keçirə bilər:

“Mətbuatdan oxuduğuma görə, müxalifətin birliyi haqqında ideya ortaya atılıb və Müsavat Partiyası da bu mövqedən çıxış edib. Partiya belə arqument gətirib ki, indiyə qədər müxtəlif  birliklər yaranıb, amma bunların perspektivi olmayıb, hər biri fiaskoya uğrayıb. Doğrudan da belədir. Bundan sonrada müxalifət bloqları yaradılarsa, perspektivi olmayacaq. Çünki müxalifət partiyaları çoxqütblüdür, birinin maraqları digəri ilə ciddi şəkildə toxunur. Hər kəs özünü aparıcı müxalifət hesab edir. Bunlar imkan vermir ki, müxalifət partiyaları uzun müddət bir arada qalıb, fəaliyyətlərini kordinasiya etsinlər.  Bu “dəyirmi masa” da müxalifətdaxili məsələlərin müzakirəsinə həsr oluna bilər. Azərbaycan demokratik ölkədir, istənilən partiya istənilən təşəbbüslə çıxış edə bilər. Ona görə, Müsavatın təşəbbüsünə hörmətlə yanaşıram”.

 

F.Ağamalı hesab edir ki, istənilən siyasi partiyanın atdığı addım Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət etməlidir:

“Azərbaycan xalqının milli maraqları öndə olmalıdır. Baxaq görək, “dəyirmi masa” baş tutacaqmı və orada səsləndirilən fikirlər nə dərəcədə dediyimiz meyarlara uyğun olacaq. Mənim üçün də maraqlıdır ki, həmin “dəyirmi masa” müxalifət qütbündə nə dərəcədə rezonans doğuracaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir