Modern.az

“İtirilmiş  torpaqlarımız...” - Canyataq-Gülyataq  yaylaqlarının  yağı  binələri - VI  YAZI

“İtirilmiş  torpaqlarımız...” - Canyataq-Gülyataq  yaylaqlarının  yağı  binələri - VI  YAZI

Qarabağ

30 Oktyabr 2019, 09:23

Tarixən  Qarabağ bəylərbəyliyinin və xanlığının otlaq-örüş, cıdır-oylaq sahələri olan  Canyataq-Gülyataq massivi Murov və Qarabağ dağlıq silsilələrinin gündoğar hissəsindən (Gülgəz zirvəsi, 2358 m; Qırxqız, 2679 m; Dəlidağ, 2243 m; Susuzluq, 2845; Xocayurd, 2389 m; Sağsağan qayası, 1706 m) başlayaraq Gəncəbasar mahalının aran yerlərinədək çatır. Gül-çiçək qoxulu, barlı-bərəkətli tərəkəmə elatının əski yurd ocaqlı bu yerləri Kəlbəcər, Şuşa, Laçın, Xocalı, Ağdam,  Tərtər, Goranboy, Xanlar (indiki  Göy-göl)... nahiyələrinin (rayonlarının) ərazisini tutmuşdur. Bu otlaqlarda aran və dağlıq  Qarabağın tərəkəmə camaatının yay-qış ocaqlarının odu-közü, təknələrinin halal bərəkəti, var-dövlətlərinin sayı-hesabı, qonaqlarının təşriv buyurmağı azalmazdı, əskilməzdi. Gavur tör-töküntülərinin murdar nəfsi və nəfəsi bu yerlərin havasına qarışana kimi, ibtidai hay sürüsünün ləpiri bu torpaqlara dəyənə kimi. Bu yerlərdə qaçaq Nəbi Alı oğlunun və Alı Xıdır oğlu Məhərrəmovun düşərgələrinin izi qalıb, ustad aşıqlardan  Ələsgər, Valeh, Şəmşir... “sübh çırtladan” məclislər aparıblar, qatar-qatar dastanlar söyləyiblər... qonaqlı-qaralı “ağırtaxta” (bu rayon əvvəllər Mardakert adlanıb)  yığnaqlarında.

    
Canyataq-Gülyataq massivi Tərtər rayonunun Qazyan, Hüseynlı, Dəmirli, Azad Qaraqoyunlu, Ağdam rayonunun Qalayçılar, Kolanı, Papravənd, Qarapirim, Goranboy rayonunun Ağcakənd, Tap Qaraqoyunlu, Gülüstan... kəndləri hüdudunda olsa da, 1930-40-cı  illərdə (bu dövrədək həmin yerlərdən Laçın, Kəlbəcər, Tərtər, Ağdam, Goranboy, Xanlar rayonlarının təsərrüfatları istifadə etmişlər) bu ərazilərin  hesabına hay-daşnak sürüsünün cəmləşdiyi Mardakert və Şaumyan (kənd) rayonları yaradılmışdır. 1930-cu ilin 8 avqust tarixində yaradılmış Şumyan (kənd) və Cerabert (1939-cu ildən sonra  Mardakert adlanıb) rayonları Azərbaycan SSR Ali Sovetinin 1991-ci il tarixli qərarı ilə ləğv edilmişdir.

 
 Göz işlədikcə uzanan bərəkətli örüş-otlaq torpaqlarında  quldur daşnak adlarını daşıyan hay təsərrüfatlarının üzüm  və meyvə bağları salındı, taxıl əkinləri aparıldı, ən çox kartof əkini sahələrinə üstünlük verildi. Beləliklə, Qarabağın dağlıq bölgəsinin  “arxasına” daşnakların  məkrli xəyanəti sayəsində  “xəncər” vuruldu, Sovet hökumətinin hayəsilli üzvlərinin mənfur niyyətlərinə uyğun və himayədarlarının köməkliyi ilə ...

1942-ci ildə Ağdərə rayonu (bu rayon əvvəllər Mardakert adlanıb) ərazisində, bu massivdə məskunlaşmış  hayların 4-5-i Laçın rayonu, Lolabağırlı kənd sakini Paşa Məşədi Tanrıverdi oğlunu (1870-1972) döyüb, qolunu-qıçını sındırmışdılar ki, atı otlağa girib,  “bu yerlər bizim yurdumuzdur” deyə.

                 

İndi bu qədim, əzəli  mahalın yalnız adını yaşadan Canyataq və Gülyataq kəndləri hazırda  Tər-tər rayonunun inzibati-ərazi vahidləri kimi düşmən işğalı altındadır.              

 (Yazı   Laçın rayonu,Lolabağırlı  kənd sakini   Hacı Bayram Paşa oğlunun (1936) məlumatı əsasında hazırlanıb.)

                                                     
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı