Modern.az

“ABŞ da Ermənistanın tərəfindədir” - Deputatdan separatçıların Vaşinqton səfərinə ETİRAZ

“ABŞ da Ermənistanın tərəfindədir” - Deputatdan separatçıların Vaşinqton səfərinə ETİRAZ

Qarabağ

30 Oktyabr 2019, 11:25

Qondarma rejimin “xarici işlər naziri” Masis Mayilyanın başçılıq etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarının paytaxtına “işgüzar səfəri” başlayıb. Nümayəndə heyətinə “ölkənin” Milli Məclisinin Xarici Əlaqələr Komitəsi sədrinin müavini David Melkumyan da daxildir.

Masis Mayilyan səfər çərçivəsində ABŞ Konqresində “DQR”in “müstəqilliyinə həsr olunmuş məruzə” ilə çıxış edəcək.

ABŞ Konqresinin əsas komitə sədrləri və üzvləri ilə görüşlər, həmçinin, Vaşinqtondakı nüfuzlu beyin mərkəzlərində çıxışlar planlaşdırılır. “Xarici işlər naziri” erməni diaspor təşkilatlarının nümayəndələri ilə də görüşəcək.


Ermənistanın Amerika tribunasına meyllənməsinin səbəbləri haqqında Modern.az-a danışan Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü, deputat Elman Məmmədov bildirib ki, Ermənistan işğal etdiyi əraziləri özünə birləşdirməyə çalışır:

“Onlar artıq Qarabağın işğalı mərhələsini yekunlaşdırıblar. Orada yaradılmış qondarma, separatçı qurum aralıq mərhələdədir. Bundan sonrakı addım Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və bunun dünya tərəfindən tanınmasına nail olmaqdır. Ermənilərin bu niyyəti onsuz da bizə məlumdur. Bəs münaqişənin həll olunması prosesində həmsədr rolunu tutan Amerika niyə belə addım atır? ABŞ tərəfsiz olmalıdır. Həmsədr olduğu halda cinayətkarlara, separatçılara öz tribunasında çıxış haqqı verib, dinləyirsə, deməli, ABŞ da Ermənistanın tərəfindədir.  

Amerika həmişə demokratiyadan, ədalətdən, insan haqlarından danışır. Bəs 5-10 min cinayətkar erməni 1 milyona yaxın azərbaycanlının bütün hüquqlarını pozduğu halda, buna niyə səssiz qalır? ABŞ ştatlarının əksəriyyəti Xocalı soyqırımını tanıyır, Vaşinqton isə qondarma rejimə şərait yaradır. Bu hadisə ciddi şəkildə qınanmalıdır”.


E.Məmmədov qeyd edib ki, Ermənistan Rusiyanın nəzarətindən çıxa bilməz:

“Onların belə bir fikirləri də yoxdur. Sadəcə ermənilər mahir fırıldaqçı olduqlarından hər iki tərəfdən – həm Qərbdən, həm də Rusiyadan bəhrələnirlər. Rusiya öz ordusunu onların ərazisində yerləşdirib, onları müdafiə edir. Amerika isə siyasi, hərbi-texniki cəhətdən Ermənistanı təmin edir. Rusiya ilə Azərbaycan arasında yaxınlaşma olanda, emrənilər Moskvanı təlaşlandırmaq üçün Qərbə tərəf keçirlər. Oradan xoşagəlməz nə isə görəndə isə ruslara meyillənirlər. Ermənilər öz siyasi oyunlarından əl çəkən deyillər”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir