Modern.az

Modelyer payız mövsümünün ən dəbli rənglərindən DANIŞDI: “Geyim seçərkən diqqətli olmalıyıq ki...”

Modelyer payız mövsümünün ən dəbli rənglərindən DANIŞDI: “Geyim seçərkən diqqətli olmalıyıq ki...”

Mədəni̇yyət

1 Noyabr 2019, 10:59

Geyim insanın daxili aləminin xarici təzahürlərindən biridir. Atalar düzgün söyləyib “insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar”. Hər mövsümün özünəməxsus geyim dəbi olur. Bəs görəsən, bu ilin payız mövsümünün geyim tərzi necə olacaq? Paltarlarda hansı rəng çalarları üstünlük təşkil edəcək?

 

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova Modern.az-a payız mövsümünün dəbi ilə bağlı məlumat verib.

 

“Ümumiyyətlə son illərin dəbi bizi təəccübləndirə bilmir. Demək olar ki, bu günə qədər dəbdə olan rənglər, formalar, geyim çeşidlərində təkrarlar bir az fərqli təqdimatla gündəmə gəlir. Artıq neçə ildir ki, trikotajlar dəbdən düşmür. Bu il də, rəngarəng, iri toxunuşlu, maraqlı naxışlarla bəzədilmiş trikotajlar dəbdə olacaq. Mən ilk dəfə toxunma kolleksiya ilə gündəmə gəldim. Məhz həmin trikotaj kolleksiyada eleqant üslubda tikilmiş gəlinliklərdən tutmuş, bir çox geyim formaları var idi. Artıq son illərdə müşahidə edirəm ki, trikotajlardan pencək, şalvar və palto formaları daha çox aktualdır. Ümumiyyətlə trikotajlardan hər formada geyim nümunələri təqdim olunur. Bu həm rahatlıq baxımından yaxşıdır, həm də çox istifadə olunur. Fərqli təqdimatda olan geyimlərdən çiyinlərdə həcm, assimmetrik kəsmlər, çoxlu xətlər, iri valanların olması bu ilin dəbinin əsas detallarını təşkil edəcək. Ziyafət geyimlərində isə əsasən parılıtılı daşlardan və muncuqlardan hazırlanmış geyimlər daha çox dəbdə olacaq. Şəffaf parçalardan, həmçinin paltarlarda parıltı və saçaqlardan istifadə daha aktual olacaq”.

 

Modelyer payız mövsümünün ən dəbli rənglərindən də söz açıb.

“Payız mövsümündə əsasən, tünd rənglər üstünlük təşkil edəcək. Yaşıl, sarı, göy, tünd göy, kərpic rəngi ,eyni zamanda klassik rənglərdən ağ, qara, qırmızı, və s. kimi rənglər dəbdə olacaq. Rəng çeşidi bolluğu özünü daha çox göstərəcək. Hər bir kolleksiya işləndiyi zaman, fərqli dizaynerin kolleksiyasında biz görürük ki, rəng çeşidi bolluğu yaranır. Öndə olan rənglərdən beş tonlar, şaftalı çiçəyi rəngi, açıq koral tonlar daha çox istifadə olunacaq”.

 

Gülnarə Xəlilova xanımların dəbli görünmələri üçün, özlərinə yaraşan geyim nümunələrini seçməyi də tövsiyyə etdi.

“Saç və üz rəngləri, boy, bədən quruluşu dəbli görsənməyin ən önəmli faktorlarından biri hesab olunur. Dəbli geyinmək olar, ancaq bu xüsusiyyətlər yerində olmasa, zövqsüz görsənər. Ən böyük dəb zövqlü olmaqdır -  bu sözü hər zaman söyləmişəm. Zövq ən böyük trenddir. Məsləhət görürəm ki, özümüzə yaraşan geyimi geyinək. Məsələn, hər dəbdə olan geyim, mənə yaraşacaq deyə belə bir şey yoxdur. Ona görə də geyim seçərkən diqqətli olmalıyıq ki, bu mənə yaraşacaq, ya yox”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir