Modern.az

“Azəriqaz”ın yeni baş direktoru kimdir? - TƏRCÜMEYİ-HAL

“Azəriqaz”ın yeni baş direktoru kimdir? - TƏRCÜMEYİ-HAL

İqtisadiyyat

1 Noyabr 2019, 16:45

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad edilib. Digər sərəncamla onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.


R.Əliyev bu təyinatadək “Azəriqaz” İB-nin Baş direktorunun Satış və İstismar üzrə müavini vəzifəsində çalışıb.


Modern.az
xəbər verir ki, Ruslan Yusif oğlu 13 sentyabr 1978-ci ildə Yevlax rayonunun Marzılı kəndində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasının İstilik energetikası fakültəsində bakalavr, 1999-2001-ci illərdə Energetika və enerjimaşınqayırma istiqaməti üzrə magistr, 2004-2007-ci illərdə isə aspirantura təhsili alıb. 2010-cu ildə araşdırdığı elmi işi müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.


Bundan başqa R.Əliyev 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə təhsil alıb. 2016-cı ildə elmlər doktoru proqramı üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetində dissertanturaya qəbul olub. 1999-2006-cı illərdə “Azenerji” ASC-də, 2006-2015-ci illərdə SOCAR-ın ayrı-ayrı təşkilatlarında müxtəlif vəzifələrdə çalışıb.


2015-ci ildən bu günədək  “Azəriqaz” İB-nin Baş direktorunun Satış və İstismar üzrə müavini işləyib. Müxtəlif elmi jurnallarda 50-yə yaxın elmi məqalələri dərc olunub. Ruslan Əliyev fəaliyyəti müddətində əldə etdiyi nailiyyətlərə görə 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif olunub. Evlidir, üç övladı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!