Modern.az

"Klassik qəzetçilik modelinin sıradan çıxmasına imkan vermək olmaz" - Akif Aşırlı

Media

1 Noyabr 2019, 18:28

"Yeni medianın imkanları həm də çap mediasının imkanları deməkdir"

 

Azərbaycan mətbuatında öz dəst-xətti ilə seçilən "Şərq" qəzetinin yaradılmasından 23 il ötür. Əsası 1996-cı il noyabrın 1-də qoyulan "Şərq" qəzeti Azərbaycan jurnalistikasında öz möhürünü vurmuş, öz çəkisi, nüfuzu olan mətbuat orqanıdır. Ötən illər ərzində "Şərq" qəzeti Azərbaycan jurnalistikası üçün kadr yetişdirmək prosesində də fəal iştirak edib. Qəzet yaranandan indiyə kimi redaksiyada 120-dən çox jurnalist formalaşıb. İndi onlar müxtəlif mətbuat orqanları, xəbər portalları, televiziya kanalları və dövlət qurumlarında çalışırlar.

 

Baş redaktor Akif Aşırlı “Şərq”in 23-cü ad günü ilə bağlı Modern.az-ın suallarını cavablandırıb. Baş redaktor əlamətdar günlə bağlı təəssüratlarını bu cür ifadə edib:

 

““Şərq” qəzetinin 23 illiyi münasibətilə bütün “Şərq”çiləri təbrik edirəm. Onların işində fəaliyyətində uğurlar arzu edirəm. “Şərq”də yaradıcılıq, eyni zamanda həyati təcrübə keçən, özünü “şərq”çi hesab edən, cəmiyyətin müxtəlif sahələrində çalışan onlarla keçmiş əməkdaşımız var. Onların hər birini təbrik edirəm. Hesab edirəm ki, “Şərq”in 23 il yaşamasında onların hər birinin xidmətləri var. Şərq qəzeti ölkənin mətbuat tarixində öz fikri, imzası, möhürü olan qəzetdir. Hətta bəzi müəllimlər, media ekspertləri, medianın tarixi ilə məşğul olanlar belə “Şərq”i məktəb hesab edirlər. Düşünürəm ki, bu məktəbi keçənlər, belə şərəfli yolla qürur duya bilərlər. İndi də “Şərq” öz fəaliyyətini davam etdirir. Bizim əsas prinsipimiz obyektivlik, dürüstlükdür, hadisələrin balanslı təqdimatıdır. Cəmiyyətdə peşə dəyərlərimizi qorumaqdır. Xüsusilə, peşə dəyərlərini, milli düşüncə tərzini, türkçülük ruhunu öləziməyə qoymamaqdır. Buna görə “Şərq” mübariz, hətta dəfələrlə məhkəmə prosesləri keçirmiş, üzərində məhkəmə sanksiyaları olmuş qəzetdir. Ən böyük hökmü isə ayrı-ayrı fərdlər deyil, zaman verir. “Şərq”in mayasındakı halallıq, peşəkarlıq qəzetin yaşamasını stimullaşdırır. Düşünürəm ki, “Şərq” qəzeti bundan sonra da öz oxucularına söykənərək, dövlətin dəstəyinə arxalananaraq, güvənərək öz fəaliyyətini davam etdirəcək. Ölkədə klassik qəzetçilik modelinin sıradan çıxmasına imkan vermək olmaz”.

- Bəs bu günü kollektivlə birlikdə necə qeyd etdiniz?

- Sadəcə bir tort alıb, redaksiyamızda 23 illiyimizi keçirdik. Əksər ad günlərini redaksiyada sadə tədbirlə yola salmışıq. Yəqin ki, 25 yaşımızda – yuvarlaq ad günümüzdə maddi imkanlarımız əl verərsə, daha yaxşı formada keçirməyi düşünə bilərik.

- Yeni media ilə ayaqlaşmaq baxımından qəzetin çətinlikləri nələrdir? Elektron media, sosial şəbəkələr qəzetin qorunmasına mane törədirmi?

- Çap mediası təəssüf ki, bir müddət rəqabətsizlik mühitində fəaliyyət göstərdiyi, rəqabət imkanları olmadığı üçün biz bunun ağrı-acısını çəkirik. Həmişə öyrəşmişik ki, formada olaq. Ölkədə normal rəqabət mühiti yaransın. Etik ölçüləri gözləyərək, sırf peşə dəyərinə, qanunlarına və günün ən aktual problemləri haqqında fəqli düşüncə tərzlərini gətirib, cəmiyyətə təqdim etməyi hədəfləmişik. Yeni medianın gəlişi ilə çap mediasına həm də rəqabət abu-havası qarışdı. Ancaq biz fəqli müstəvilərdə mübarizə aparırıq. Yeni medianın imkanları həm də çap mediasının imkanları deməkdir. Xəbərin sürətlə alınması, sürətlə ötürülməsi, keyfiyyətli işin ortaya qoyulması, daha çox vizual imkanlardan istifadə və s. imkanlar çap mediası üçün də əlverişli zəmindir. Biz yaradıcılıq imkanlarını qəzetin müəyyən çərçivəsinə sığdırmalıyıq. Amma yeni media imkan yaradır ki, bundan geniş bəhrələnəsən. “Şərq” qəzetinin onlayn saytı da operativ fəaliyyət göstərir, “IP” sayı gündən-günə artır. Bunu təhlil edirik və məqsəd qoymuşuq ki, saytımız onlayn rejimdə daha çevik olsun. Biz təkcə analitik təhlilləri, informasiyaları qəzet səhifələrində yerləşdirməyək, həm də yeni medianın imkanlarından istifadə edib, informasiya siyasətimizi həyata keçirək. Qəzetdə bununla bağlı yaradıcılıq bölgüsü də var.

- Bir müddət əvvəl abunə kampaniyası həyata keçirmişdiniz. Bu, effektini göstərdimi?

- Başladığımız kampaniya qəzetlərin yaşaması üçün müqavimət idi. Müəyyən mənada həm də cəmiyyətin aydınlarına mesaj ötürdük ki, çap mətbuatı oxucu mədəniyyətini formalaşdıran vasitələrdən biridir. Ənənəvi mətbuatı sıradan çıxarmaq cəmiyyətin oxumamazlıq problemini bir az da artıracaq. Biz həm kitab, həm də qəzet çapının oxucusunun artıracağına inanırıq. Qəzetə abunə çağırışı kampaniyasına o qədər geniş olmayan təbəqə - ziyalılar daha çox reaksiya bildirdilər. Amma mən üzümü sahibkarlara tuturam. Azərbaycanın daha yaxşı inkişafı haqqında gen-bol danışan, dövlətin onlara yaratdığı imkanlardan istifadə edən həmin sahibkarlara müraciət edirəm. Onlar hüquqları pozulanda həmişə deyirlər ki, media haradadır? Bəs medianın oxucu auditoriyası, maddi imkanları zəifləyəndə, siz haradasınız? Media sizdən kömək umanda, klassik medianın yaşaması üçün ortaya nə qoymusunuz? Qəzetlərə dövlətin maddi dəstəyi var, düzdür. Amma dövlətin borcu deyil ki, bütün qəzetləri maliyyələşdirsin. Bizim isə dövlətdən başqa tutacaq yerimiz qalmayıb. Gəlir yerimiz yoxdur.

- Bəs belə məqamda öz-özünü maliyyələşdirmək üçün hansı planları qarşıya qoymusunuz?

- Qəzetlər, ümumiyyətlə, media orqanlarının öz-özünü maliyyələşdirməsi üçün birinci növbədə islahatlar həyata keçirilməlidir. Biz gələcək fəaliyyətimizi müəyyən plan əsasında həyata keçirməliyik ki, müstəqilliyə doğru addım ataq. Bunun üçün çox ciddi islahatlara ehtiyac var. Həm çap mediasının bazarı, həm də onu yayma arealı öyrənilməlidir, problemlər ortaya çıxarılıb, öz həllini tapmalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür