Modern.az

Məlahət İbrahimqızından Araz Əlizadəyə SƏRT İTTİHAM: “Azərbaycan-Türkiyə düşmənlərinin sifarişini icra edib” 

Məlahət İbrahimqızından Araz Əlizadəyə SƏRT İTTİHAM: “Azərbaycan-Türkiyə düşmənlərinin sifarişini icra edib” 

2 Noyabr 2019, 17:49

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin İTV-də yayımlanan 3D proqramının qonağı olarkən Osmanlı İmperiyası barədə səsləndirdiyi fikirlər reaksiya doğurmaqda davam edir.

Modern.az xəbər verir ki, aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən Araz Əlizadə Osmanlı ordusunu pul qarşılığında xidmət edən muzdlu ordu adlandırmış, Türkiyə və Azərbaycanın isə qardaş ölkə olmadığını iddia etmişdi.

 

Qalmaqallı açıqlama Türkiyədə səs-küy doğurmuş, Modern.az-a telefon açan türkiyəli deputatlar və jurnalistlər Araz Əlizadənin səsləndirdiyi fikirlərə kəskin etirazını bildirmişdilər.  

Araz Əlizadənin deputat həmkarları da məsələyə biganə qalmayıb. Deputat Məlahət İbrahimqızı həmkarı Araz Əlizadənin fikirlərinə öz etirazını ifadə edib.

“Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin İTV-də ictimaiyyəti qıcıqlandıran, təxribat xarakterli fikirləri dövlətimizin qurucusu Heydər Əliyev və Prezidentimiz möhtərəm cənab İlham Əliyevin “Bir Millət İki Dövlət” siyasətinə tamamilə ziddir və kökündən yanlışdır. Partiya sədrinin bu fikirlərini məhz Türk Konseyinin sonuncu zirvə samitindən sonra səsləndirməsi bir daha göstərir ki, bu sifarişlidir. Yeganə missiyası Azərbaycan-Türkiyə düşmənlərinin sifarişini icra etmək olan Sədr danışdığı dilin hansı dil qrupuna aid olduğunun fərqində belə deyil. O, Azərbaycan xalqını şamil etmək istədiyi və özünün mənsub olduğu irqin Ari (Aryan) irqi olduğunu demək əvəzinə Hind-Avropa irqi deyir. Hansı ki, belə bir irq bu günədək antropologiya elmində mövcud deyil, əslində bu hind-avropa dil ailəsi adlanır. Bizim coğrafiyamızda isə Ari irqinə əsasən farslar və ermənilər daxildir. Bu iki xalqın dili də Hind-Avropa dil ailəsini aiddir. Üç minillik dövlətçilik tarixi olan qonşu və dost İranda yaşayan otuz milyona yaxın azərbaycanlı soydaşlarımız azərbaycanlı deyil türk adlandırılırlar. Ana dilimiz olan Azərbaycan türkçəsi isə Altay dil ailəsinə və Türk Dilləri Qrupuna aiddir.. Azərbaycan xalqı monoetnik deyil, ölkəmizin gözəlliyi çoxsaylı etnik qrupların əsirlər boyu bir ailə şəkilində mehriban yaşamasıdır. Bu mənada, Azərbaycan dünyaya tolerantlıq və multikultural dəyərləri ilə örnəkdir və biz bununla da fəxr edirik. Bizim ölkəmizdə yaşayan bütün xalqlar bir-birləri ilə qardaşdır. Amma kiməsə də təxribat xarakterli fikirlər səsləndirməklə insanların hissiyyatına toxunmağına da imkan verilməz.

Araz Əlizadə kimi insanlar Azərbaycan və Türkiyə münasibətlərinin geniş və daha sürətlə inkişafını gördükcə, vaxtaşırı könül bulundarmağa çalışırlar.

Dünyada elə dəyərlər var ki, insan onu istəsə də seçə bilmir. Bunlardan biri də onun etnik kimliyidir. Bu dəyərlər insanlara ancaq Allah tərəfindən verilir. İstər islam inancımızda, istərsə də Ümumdünya İnsan haqları bəyənnaməsində və Ana Qanunumuzda bütün insanlar bərabər hüquqludur. İnsanlar bir-birlərindən ancaq mənəvi dəyərləri ilə fərqlənə bilər. Etnik kimlik  Allah tərəfindən verilən  dəyər olduğuna görə şükür etməliyik ki, O bizi bəşəriyyətin əşrəfi olan insan yaradıbdır. Ulu Öndərimiz Heydər Əliyevin sözləri ilə desək:

“ .. Hər bir insan üçün onun Milli mənsubiyyəti onun qürur mənbəyidir....” 

Lakin ASDP deyilən bir mini partiyanın sədri vaxtaşırı peyda olaraq həqiqətləri təhrif etməklə xalqın heysiyyatına toxunmağı qəhrəmanlıq hesab edir”.

 

Məlahət İbrahimqızı Azərbaycanın tolerant ölkə olduğunu diqqətə çatdırıb, bununla belə, insanlarlın hissiyatına toxunmağı qəbuledilməz hesab edib. Deputat Türkiyə-Azərbaycan dostluğunun dünyada analoqu olmadığını da sözlərinə əlavə edib.

“Bugünlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Rusiyanın mətbu orqanı olan “Komersant”-a verdiyi müsahibəsində “...XXI əsr Türk Dünyası əsri olacaq...” fikirləri türk düşmənçiliyi edən erməni və ermənipərəst qüvvələrin canına birə salıbdır. Qeyd etdiyim kimi Ulu Öndər Heydər Əliyevin müdrik kəlamı olan və bizlər və gələcək nəsillər üçün yol xəritəsi olan “Bir Millət İki Dövlət” dünyaya bəllidir. Möhtərəm Prezidentimiz Azərbaycan Türkiyə Diasporunum 1-ci qurultayında “...Bir millətin iki diasporası ola bilməz...” fikri iki ölkənin strateji əməkdaşlığının təməl prinsiplərindəndir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər zaman fəxrlə deyir ki, Azərbaycan Türkiyə qardaşlığının dünyada analoqu yoxdur. Bu mənada dövlət siyasətinə qarşı çıxan bu cür qüvvələr cəmiyyətdə ifşa olunmalıdır.

İki qardaş dövlətin dostluq və qardaşlığını pozmaq istəyən yeganə qüvvə isə dünya erməniliyidir. 

Əslində bəlkə  də  belə insanlara fikir vermək lazım deyil, çünki onlarda nə dəyişəcək ki, belələri ətlə dırnaq arasında olmağı sevirlər. Amma ətlə dırnaq arasında olanlar irinə çevrilir. Belə insanlarda müqəddəs dəyər deyilən məfhum yoxdur. Bu tip insanlar dahi Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın və onlarca xalqımızın tarixi şəxsiyyətləri haqda danos verərək onların üzünə durublar. Nəhayət bu insanlara bir sözüm var:

Tarixin utanc səhifəsində olmaq istəmirsizsə, heç olmasa susun.

Hələ XX əsrin əvvəllərində görkəmli dövlət xadimi Nəriman Nərimanovun Qurtuluş savaşı zamanı qardaş Türkiyənin çətin günlərində etdiyi yardımı Atatürk borc hesab edərkən Nərimanov qardaşın qardaşa borcu olmaz demişdir. 1918-ci illərdə erməni daşnaklar imperialist qüvvələrin dəstəyi ilə ölkəmizdə soyqırım törədərkən Nuru Paşa üç mindən çox Türk əsgəri ilə xalqımızın harayına yetişmiş, Azərbaycanın könüllüləri ilə müqəddəs vətənimizi daşnaklardan azad etmişlər. Təsadüfi deyil ki, İki xalqın qardaşlığının qürurverici tarixi keçən il bu iki dövlətin Ali Baş Komandanlarının iştirakı ilə möhtəşəm hərbi paradla təntənə ilə qeyd edildi. Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələrdə görünür yarasa sindromu var. Çox təəssüf ki, tibb elmi bu sindromu müalicə etməkdə hələ də acizdir.

Nəhayət, mini partiyanın sədrinin Nuru Paşanın və şəhid olmuş türk əsgərlərinin ünvanına səsləndirdiyi hörmətsiz fikirlər Qurtuluş savaşında Çanaqala, Sakariya və Qarabağda şəhid olan Azərbaycan şəhidlərinin ruhuna da hörmətsizlikdir. 1919-1923-cu illər Qurtuluş müharibəsində Azərbaycanlılardan kimisi əlində olan 3-5 kuruşunu, kimisi isə canını Türk Qardaşları üçün əsirgəmədi. Böyük ehtimalla, Aryan irqinə məxsus olanlar bu müharibədə əks cəbhədə vuruşurdular və onları Azərbaycan xalqının nümayəndəsi hesab etmək olmaz. Ülvi hisslərdən uzaq olan bu cür insanlar dövlətinə, vətəninə, millətinə xidməti ancaq maddiyyatla ölçürlər. 

 Son olaraq, onu qeyd edim ki, Azərbaycan və Türkiyə Qardaşlığına kölgə salanlara Möhtərəm Prezidentimizin bir fikri ilə yekun vurmaq istərdim:

“...Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq...”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır