Modern.az

Bakının deputatları paytaxtın problemlərindən DANIŞDILAR: “Sənədsiz evlər, yollar, tıxaclar…”

Bakının deputatları paytaxtın problemlərindən DANIŞDILAR: “Sənədsiz evlər, yollar, tıxaclar…”

6 Noyabr 2019, 09:25

Azərbaycan Prezidenti İlham Əliyev iki gün öncə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən paytaxtın inkişafının daim diqqət mərkəzində olduğunu bildirərək, problemləri də diqqətə çatdırıb:

“...Bəzi hallarda tikinti üçün yerlər zəbt olunur, bəzi hallarda sərəncamlar qanunsuz olaraq verilir, ağaclar qırılır...
... bəzi hallarda vətəndaşları narahat edən problemlərə reaksiya verilmir...
... tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər...
... Bəzi yerlərdə ümumiyyətlə, küçə işıqları yoxdur, qəsəbələrdə, bir çox yerlərdə torpaq yollar var...
...İlk növbədə, xoşagəlməz hallara son qoyulmalıdır. Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət – bunlara son qoyulmalıdır. Əgər kim bu sahədə öz işinə düzəliş etməsə, biz o adamlarla vidalaşacağıq və bu, onlar üçün hələ ən yüngül cəza olacaqdır”.

Prezident Bakının merinə tövsiyə də verib: “Siz rayon icra hakimiyyətlərinin başçılarını yığın və həm abadlıqla, həm də təsərrüfat işləri ilə bağlı müşavirə keçirin”.


Modern.az
saytı Bakının ayrı-ayrı ərazilərində mövcud olan problemlərin icmalı ilə bağlı paytaxt ərazisindən seçilən deputatlara müraciət edib.


28 saylı Sabunçu üçüncü seçki dairəsinin deputatı Eldar Quliyev
  qeyd edib ki, əvvəllər istilik, qaz problemləri, kommunal xidmətlərlə bağlı əhalinin şikayətləri daha çox olub:

“Amma indi daha çox əmlak, torpaq məsələləri ilə bağlı müraciətlər olur. Məsələn, kiminsə əlində 20 il bundan əvvəlki bələdiyyədən verilən torpaq sahələri olur, bələdiyyə çıxıb getdiyindən həmin torpaq sahələrinin istifadəsi, sənədləşdirilməsi problemləri baş qaldırır. Hətta bir torpaq sahəsinin iki nəfərə satılması halları ilə də qarşılaşırıq.

Məşğulluq və müəllimlərin imtahanları ilə bağlı da müraciətlər alırıq. Və xüsusilə, yol infrastrukturunun çatışmazlıqları hələ də qalır. Məsələn, əsas magistral yollar yaxşı vəziyyətdə olsa da, Bakıətrafı qəsəbə və kəndlərin ara yolları, məhəllə yolları o qədər də ürəkaçan deyil. Məhəllə yollarında kanalizasiya yoxdur. Devalvasiyadan əvvəl 25 milyard pul ayrıldı ki, Bakı ətrafına kanalizasiya çəkilsin. Sonra devalvasiyanın təsiri nəticəsində işin icrası dayandı. Əksər qəsəbə və kəndlərin küçələrdə vəziyyət normal deyil”.


Deputat onu da əlavə edib ki, qanunsuz tikili problem Bakı kəndlərində həll olunmaq üzrədir:


“Ölkə başçısı xüsusi tapşırıq verdi. Hətta fərman da imzalandı ki, sənədsuz tikililər məsələsinə baxılsın, tikililər onlarda yaşayan şəxslərin özlərinə verilsin. Hazırda bu proses gedir. Yəqin sənədləşmənin aparılması başa çatdıqda problem həll olunacaq.
Son olaraq, Zabratda Mədəniyyət Evinə tikilib, istifadəyə verilməsinə ehtiyac var. Bu məsələni təklif edəcəyik”.  


13 saylı Xəzər-Pirallahı seçki dairəsinin deputatı
Rauf Əliyev qeyd edib ki, onun seçiciləri içməli su təchizatı ilə bağlı daha çox müraciət edir:

“Həmçinin, məğulluq, küçələrin və qəsəbədaxili yolların təmiri, küçələrin işıqlandırılması ilə bağlı da müraciətlər olunur. Bütün bunlardan əlavə, dam örtüklərinin təmiri, abad məhəllələrin və yeni istirahət parklarının salınması da seçicilərin istəkləri sırasındadır”.


26 saylı Sabunçu birinci seçki dairəsinin deputatı
Fazil Mustafanın seçicilərinin ağrılı yeri isə tıxac problemidir:

“Daha çox tıxac probleminə görə müraciətlər olur. İnsanlar işə gecikdikləri üçün şikayətlər çoxdur. Yol infrastrukturu yetərincə yaxşı olmadığına görə insanlar əziyyət çəkirlər.

Həmiçinin, bir çox yerlərdə iaşə obyektlərinin yolların az qala üzərinə çıxması ilə bağlı narazılıqlar daxil olur.  Şəhərin həddindən artıq çoxmərtəbəli binalarla yüklənməsi və s. problemləri yaşayan sakinlər də var”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır