Modern.az

5 bank ziyanla işləyir - Bağlanmaq təhlükəsi yaşayan maliyyə qurumları...

5 bank ziyanla işləyir - Bağlanmaq təhlükəsi yaşayan maliyyə qurumları...

7 Noyabr 2019, 15:36

İlin əvvəlində ekspertlər tərəfindən banklarda vəziyyətin pis olduğu, bəzi bankların bağlanmaq təhlükəsilə üz-üzə qaldığı açıqlansa da, cari ilin müavfiq dövrünədək bağlanan bank olmadı. 2019-cu ilin 9 ayını Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından “Accessbank” 90 milyon 501 min manat, “Bank Melli İran”ın Bakı filialı 19 milyon 316 min manat, “Muğanbank” 8 milyon 254 min manat, "Amrahbank" 8 milyon 196 min manat, “AG Bank” 2 milyon 283 min manat, “Nikoil Bank” 1 milyon 620 min manat, “Pakistan Milli Bank”ın Bakı filialı 297 min manat zərərlə başa vurub.


9 ayın yekunlarına görə, “Beynəlxalq Bank” 322 milyon 987 min manat, “Kapital Bank” 99 milyon 654 min manat, “Unibank” 66 milyon 800 min manat, “PAŞA Bank” 64 milyon 596 min manat, “Bank of Baku” 32 milyon 276 min manat, “Expressbank” 25 milyon 590 min manat, “Xalq Bank” 24 milyon 518 min manat, “Bank Respublik” 15 milyon 600 min manat, “Premium Bank” 11 milyon 82 min manat, “Rabitəbank” 7 milyon 621 min manat, “Azərbaycan Sənaye Bankı” 6 milyon 646 min manat, “Bank VTB Azərbaycan” 6 milyon 363 min manat, “Naxçıvanbak” 4 milyon 404 min manat, “Bank BTB”  3 milyon 999 min manat, “Yapı Kredi Bank” 3 milyon 773 min manat, “Ziraat Bank Azərbaycan” 3 milyon 8 min manat, “Günaybank” 1 milyon 11 min manat, “Azər Türk Bank” 672 min manat, “Turanbank” 329 min manat, “Ata Bank” 22 min manat, “NBC Bank” 112 min manat mənfəət əldə edib. 

 

Banklar mövzusunda Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Prezidentin “Fiziki şəxslərin problemli kreditlərinin həllilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı bankların dirçəlməsində çox böyük rol oynayıb:


“Fərman sayəsində bankların aktivlərinə dollarla və manatla əlavələr edildi”.


Ekspert deyib ki, bu Fərmanla banklar 1 milyard manatdan artıq vəsait əldə ediblər:


“Bu, birbaşa deyil, problemli kreditlərin ödənilməsilə oldu. Yəni problemli kreditlərin silinməsi onların yükünü azaltdı və neqativ pozisiyadan kifayət qədər normal inkişaf səviyyəsinə qədəm qoymalarına gətirib çıxardı”.

 

N.Cəfərli qeyd edib ki, kommersiya banklarının istehlak kreditlərini artırması da prosesdə müəyyən rol oynayıb:


“Kommersiya bankları istehlak kreditlərini artırdılar. Təbii bunun pozitivlə yanaşı, neqativ tərəfləri də var. Bu haqda həm Prezident, həm də Mərkəzi Bankın sədri də açıqlamalar veriblər. İstehlak kreditlərinin sürətlə artması qısa müddətdə banklara qazanc gətirir, amma orta və uzun müddətdə kifayət qədər ciddi narahatlığa, yenidən problemli kreditlər məsələsinin gündəmə gəlməsinə səbəb ola bilər. Yəni əslində bankların bir neçəsində vəziyyət hələ də ürəkaçan deyil. Ümumilikdə Prezident Fərmanı və istehlak kreditlərinin artması vəziyyəti müsbətə doğru dəyişib”.

 

Ekspertin sözlərinə görə, hələ də bağlanmaq təhlükəsi, təmərküzləşmə, digər banklarla birləşmə təhlükəsi olan banklar var:


“Son açıqlamalara görə 5 bank hələ də ziyanla işləyir. Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının qəbul olunmuş qaydalarına görə, bütün banklar məlumatlarını açıqlamalıdırlar. Hansı banklarda dinamik proseslər gedir, onlar şəffaf rəqəmlərin açıqlanmasında problem görmürlər. Əksinə, bunu pozitiv reklam kimi təqdim edirlər ki, bankda vəziyyət yaxşılaşıb. Kimlər ki açıqlamır, yaxud açıqlamanı gecikdirirsə, deməli balansda müəyyən problemlər var və bu problemlərin ictimaiyyətə açıqlanmasında maraqları yoxdur. Problem olmasa, onlar özü bu barədə açıqlama verməklə, pozitiv rəqəmləri özlərinin kiçik media reklamına çevirərlər. Etmirlərsə, deməli problemlər hələ də qalır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?