Modern.az

Deputatlar təklif verdilər, nazirlər cavablandırdılar - Komitələrin büdcə müzakirəsi yekunlaşdı

Deputatlar təklif verdilər, nazirlər cavablandırdılar - Komitələrin büdcə müzakirəsi yekunlaşdı

7 Noyabr 2019, 16:36

Noyabrın 7-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət  quruculuğu, Beynəlxalq  münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclası  keçirilib.

Modern.az-ın məlumatına görə, iclası Milli Məclis Sədrinin müavini, İnsan  hüquqları komitəsinin sədri Bahar Muradova açaraq “Azərbaycan  Respublikasının 2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələrinin parlamentin komitələrində bir neçə gündür davam etdirildiyini bildirib. Qeyd  olunub ki, sənəd reallıqlara, dövlətin qarşısında dayanan hədəflərə, insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına və təhlükəsizliyinin təmin olunmasına cavab verəcək formada hazırlanıb.
 Vitse-spiker budcə layihəsinin başlıca iqtisadi sənəd olaraq 2020-ci ildə həyatımızın müxtəlif istiqamətlərini əhatə edəcəyini, dünya və ölkə iqtisadiyyatında gözlənilən meyllərin təhlilinə uyğun hazırlandığını vurğulayıb.

Bahar Muradova onu da  diqqətə çatdırıb ki, 2020-ci ilin büdcəsi Azərbaycanın müstəqillik tarixində ən irihəcmli büdcədir. Bu da onu sübut edir ki, büdcə gəlirləri qarşıdakı ildə bütün sahələr üzrə nəzərdə tutulan islahatların reallaşmasına imkan verəcək, əhaliyə ödənişlərin miqdarı artacaq.

Gələn ilin büdcəsinin əsas parametrləri barədə məlumat verən Maliyyə naziri Samir Şərifov bildirib ki, 2020-ci il və ortamüddətli dövrdə Azərbaycanın  milli  iqtisadiyyatının  başlıca sektorları  üzrə Strateji Yol  Xəritələrinin  icrası, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üzrə tədbirlər büdcə xərclərinin əsas istiqamətlərindən biri olacaq.

“Gələn il üçün Ümumu Daxili Məhsulun real iqtisadi artımı 3 faiz, qeyri-neft sektorundan gələn artımlar isə 3,8 faiz proqnozlaşdırılır. Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək. 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat təşkil edəcək. Gəlirlərin 10 milyard 605 milyon manatı, yəni 43,9 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 530 milyon manatı, yəni 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək. Vergi orqanlarının xətti ilə büdcəyə 7 milyard 875 milyon manat, gömrük orqanlarının xətti ilə isə 4 milyard manat daxilolmalar proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan Dövlət Büdcəsinə 11 milyard 350 milyon manat transfer nəzərdə tutulur.  Büdcənin xərcləri isə 26 milyard 914 milyon manat təşkil edəcək. Xərclərin 17 milyard 276 milyon manatı cari xərclərə, 7 milyard 810 milyon manatı əsaslı xərclərə, 1 milyard 828 milyon manat dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək”.

Nazir  bildirib ki, bu illə müqayisədə növbəti ildə elm xərclərinə 42,1 faiz, təhsil xərclərinə 38,3 faiz, səhiyyə xərclərinə 31,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 31,1 faiz, mədəniyyət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinə 29,3 faiz, müdafiə və hüquq mühafizə orqanlarının saxlanması xərclərinə 22,5 faiz çox vəsait nəzərdə tutulub.

“Dövlət büdcəsinin 10 milyard 210 milyon manatı konkret proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.  Müdafiə və təhlükəsizliyin təmin edilməsi, məhkəmə hakimiyyəti, o cümlədən hüquq mühafizə orqanları, prokurorluğun saxlanması xərcləri üçün 5 milyard 827 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Hərbi qulluqçuların mənzillə təmin olunması, əhalinin güzəştli şəkildə mənzil əldə edilməsi, ipoteka kreditləri ilə dəstəklənən məsələlərə də maliyyənin ayrılması nəzərdə tutulub. Bu tədbirlərin maliyyələşdirilməsi üçün 245 milyon manat vəsait ayrılacaq”.

İclasda iştirak edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışında vurğulayıb ki,  2020-ci il dövlət büdcəsi layihəsi yeni vahid büdcə təsnifatına əsasən tərtib edilmiş ilk büdcədir. Növbəti ildən qüvvədə olacaq təsnifat dövlət maliyyəsinin beynəlxalq metodologiyaya uyğunlaşması istiqamətində uğurlu addımlardan biridir. Onun sözlərinə görə növbəti il həm mərkəzləşmiş, həm də yerli gəlirlərdə artım proqnozlaşdırılır. Hesablama Palatası tərəfindən hazırlanan rəydə büdcə layihəsinin icrası ilə bağlı 30-a yaxın tövsiyə verilib.


Müzakirələr zamanı çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, gələn ilin büdcəsindən bələdiyyələrə ayrılan vəsait artıb. Ölkəmizdə 1606 bələdiyyənin olduğunu deyən komitə sədrinin sözlərinə görə, bələdiyyələrə büdcədən vəsait ayrılarkən həmin ərazilərdə yaşayan əhalinin sayı nəzərə alınmır. Yəni bələdiyyələrə eyni həcmdə vəsait verilir. Ona görə də bəzi bələdiyyələr çətinliklər yaşayırlar. Əgər dotasiyalar artırılarsa, bələdiyyələrin problemləri aradan qaldırıla bilər.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov xaricdə erməni lobbisini dəstəkləyən qüvvələrin Azərbaycana qarşı hücumlarının sayının artdığını dedi. Komitə  sədri onların susdurulması istiqamətində görüləcək işlərdən,  xarici ölkələrə səfərlərin sayının artırılmalı olduğundan danışdı. Bu sahədə  xərclərin artırılmasına  zərurət  olduğunu vurğulayıb.

Deputatlardan Məlahət İbrahimqızı,  Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Tahir Kərimli, Çingiz Qənizadə, Flora Qasımova, Sona Əliyeva, Nəsib Məhəməliyev, Hikmət Məmmədov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.  

Müzakirələr zamanı İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova da müxtəlif təkliflərlə çıxış edib.

Ombudsmanın fikrincə, ölkədə zorakılıq qurbanları olmuş qadınlar üçün regional mərkəzlər tikilməsinə, bununla bağlı sosial çarxlar, maarifləndirici proqramların  hazırlanmasına ehtiyac var. Həmçinin ölkədə mövcud olan psixatriya mərkəzlərinin yenidən qurulması və yenilərinin tikilməsi, tələbə yataqxanalarının inşa olunması zərurəti yaranıb.

Müzakirələr yekunlaşdıqdan sonra Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov səslənən sual və təklifləri cavablandırıblar.

Deputatlar “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə olunmasına müsbət münasibət bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir