Modern.az

“İtirilmiş torpaqlarımız...” silsiləsindən - Zəngilanın Arazboyu və Xustub dağı tərəflər - VII  yazı 

“İtirilmiş torpaqlarımız...” silsiləsindən - Zəngilanın Arazboyu və Xustub dağı tərəflər - VII  yazı 

8 Noyabr 2019, 10:36

1984-cü ilin aprel ayında  Azərbaycan SSR Ali Sovetinin tapşırığına əsasən (nümayəndəsini əraziyə göndərməklə) Zəngilan Rayon Partiya Komitəsi  və rayon Xalq Deputatları Sovet İcraiyyə Komitəsinin birgə razılığı ilə  Qərbi Azərbaycanın (Ermənistanın)  Qafan və Mehri  rayonlarının Zəngilan rayonu ilə  sərhəddində olan, yüksəklikdə yerləşən 200 hektar torpaq sahəsi SSRİ Sərhəd Qoşunları Baş Siyasi İdarəsinin daimi istifadəçiliyinə verilmişdir. Kənd təsərrüfatı təyinatlı (əkin, örüş, biçənək...) olan bu ərazilər Araz çayı sahilləri  və “Şükürtaz yüksəkliyi”ndən başlayaraq Xustub dağınadək geniş  massivi əhatə etməklə  rayonun  Havalı (“Bakı fəhləsi” kolxozu), Mincivan  (Qoyunçuluq təsərrüfatı), Hacallı (“XXII partiya qurultayı” sovxozu), Vəliqulubəyli, Bartaz  (“26 Bakı  komissarı”  sovxozu),  Cahagirbəyli (“Kommuna” sovxozu), Çöpədərə  (S.Orconikidze adına sovxoz), Ağkənd (bu kənd  Mehri rayonunun Nüvədi ilə sanki bitişik idi) kəndlərini əhatə edirdi  (Mincivan-Naxçıvan dəmiryolu xətti boyunca). Və əslində sənəddə göstərilən rəqəmə baxmayaraq ayrılan torpaq sahələri 400 hektara qədər idi. Bunun əvəzində Zəngilan rayonunun istifadəçiliyinə SSRİ-İran sərhəddi  zolağındakı kənd təsərrüfatına yararsız 400 hektar (Araz çayı boyunca) daşlı, qumlu, bataqlıq sahələrin meliorasiya edilərək (yaxşılaşdırılaraq) əkin dövriyyəsinə daxil edilməsi nəzərdə tutulmuşdur. Ancaq sonradan  bu sahədə heç bir iş görülməmişdir.

   
Sonrakı mərhələdə SSRİ Sərhəd Qoşunlarının tabeliyinə rəsmən  200 hektar,  əslində  isə 400 hektara qədər qiymətli, yararlı torpaqlarda ermənilərin istəyinə uyğun olaraq hərbi-mühəndis və texniki qurğuları,  müxtəlif qoşun növlərinin xidməti qərargahı yerləşdirilmişdir. 

  
1988-1990-cı illərdə quldur  ermənistan ordusu  Mehri və Qafan rayonları   istiqamətindən  Zəngilan və Qubadlı rayonlarının   bu hissədə yerləşən yaşayış məntəqələrinə   artilleriya hücumlarını məhz bu yüksəkliklərdə quraşdırılmış və SSRİ Sərhəd Qoşunlarına məxsus hərbi hücum qurğuları vasitəsi  ilə həyata keçirmişlər.

 

(Yazının hazırlanmasında  Zəngilan rayonu,  Malatkeşin kənd sakini Akif   Əbil oğlu Həsənovun (1948) məlumatından  istifadə edilib.)


Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi