Modern.az

Kanada futzalından dünya çempionatına çıxmaq istəyən həmyerlimizlə MÜSAHİBƏ

Kanada futzalından dünya çempionatına çıxmaq istəyən həmyerlimizlə MÜSAHİBƏ

14 Noyabr 2019, 09:40

6 yaşından məşhur Azərbaycan futbolçusu Kazbek Tuayevin məktəbində futbola başlayıb. 16 yaşında "Neftçi" komandasında oynayarkən komanda Azərbaycan çempionu olub. Ailəsində, demək olar, hamının yolu idmandan keçib. Bacısı Vəfa Qəmbərova qadınlar arasında keçirilən dama yarışlarında dəfələrlə Azərbaycan çempionu  olub, beynəlxalq arenada ölkəmizi təmsil edib. Böyük qardaşları Vüqar və "Torpedo" ləqəbli İlham Qəmbərovlar həm SSRİ, həm də milli futbol yığma komandasında oynayıblar. Həyat yoldaşı Leyla Qəmbərova bədii gimnastika üzrə əməkdar məşqçi, gimnastika üzrə beynəlxalq dərəcəli hakimdir. Oğlanlarının ikisi də hazırda futbolla məşğuldur.

 

Müsahibim 2016-cı ildə Azərbaycandan Kanadaya köç etmiş Elnur Qəmbərovdur. E.Qəmbərovla Torontoda gördüyü işlər, uşaqlardan ibarət yaratdığı yeni futzal komandası və Kanadada futzalın vəziyyəti barədə danışdıq.

 

Qeyd edim ki, müsahibim 2000-ci ildə futbol karyerasından futzala keçib. 13 il futzal üzrə milli yığma komandada və digər klub komandalarında oynayıb. 2014-2015-ci illərdə baş məşqçisi olduğu "Xəzər adaları" komandası ölkə çempionu olub. E.Qəmbərov özü isə Azərbaycanda həmin ilin ən yaxşı baş məşqçisi adına layiq görülüb. Dediyinə görə, ona qədər 11 il Azərbaycanda baş  məşqçisi azərbaycanlı olan heç bir futzal komandası çempionluğa yüksələ bilməyib.

 

- Peşəkar Azərbaycan futbolçusu ilə söhbətə bu sualla başlamamaq  günah olardı. Azərbaycan futbolu niyə bu durumdadır?

 

- Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı təsdiq edildi. Həmin dövrdə futbola böyük yatırımlar oldu. Amma yatırımların böyük hissəsi xarici legionerlərin saxlanılmasına xərcləndi. Bununla da ayrılan pullar ölkəmzdə futbol məktəbinin qurulmasına xərclənmək əvəzinə havaya sovruldu. On illik futbol proqramı başa çatar-çatmaz "Bakı", "Xəzər-Lənkəran", "Karvan", "MKT Araz" və s. komandalar dağıldı. İndi bölgələrdə futbol yoxdur. Əvvəllər bir oyuna 25-30 min seyrçi gəlirdisə, indi 200-300 nəfər güclə gəlir. Öz peşəkarlarımıza şərait yaratmaq əvəzinə bütün pulları əcnəbilərə xərcləyirlər. Milli futbol komandamızda 14-15 ildir baş məşqçilər xaricilərdir. Uduzsaq da, xarici məşqçilərdən əl çəkə bilmirik. Bəs bizimkilər nə zaman işləyəcək, nə zaman beynəlxalq təcrübə yığacaqlar? Düzü, futbol sahəsində Azərbaycanda heç bir irəliləyiş görmürəm.

 

- Azərbaycanın neftdən gələn sərvətini xaricilərə yedirtməkdə səbəb nədir? Özümüzdə bacarıqlı, peşəkar futbolçular, məşqçilər yoxdur ki, legionerlərə, baş məşqçilərə pul verib gətizdirir, onları saxlayırlar?

- Bu suala AFFA rəhbərliyi daha dəqiq cavab verə bilər, məncə... Hazırda Azərbaycan milli komandasının baş məşqçisi Xorvatiyadandır. Cəmi bir xalla irəlidəyik. Bir xal fərqi nədir ki, ona milyonlarla pul verirlər. Onsuz da uduzuruq, olmazdımı baş məşqçi azərbaycanlı olsun, dünya təcrübəsini öyrənsin? Beynəlxalq arenada təcrübə tamam başqa aləmdir. Düşünürəm ki, yerli məşqçilərə inanmaq lazımdır. 11 il ərzində bir dənə azərbaycanlı baş məşqçinin rəhbərlik etdiyi idman komandası çempion olmamışdı. Allah mənə qismət elədi, yeni yaratdığımız "Xəzər adaları" komandasına yaxşı oyunçular yığdım və Azərbaycan üzrə çempion olduq, ilin ən yaxşı məşqçisi adını aldım. Bu adı alandan bir il sonra işsiz qaldım. Bu adı almağımın, özümü sübut edən oyunçu, baş məşqçi olmağımın heç bir xeyri olmadı.  Məni bir dənə komandaya dəvət etmədilər. Bir il gözlədim və öz hesabıma Qazaxıstana, Moskvaya, hətta Barselonaya qədər kurslara getdim. Amma gördüm ki, etdiklərimin heç bir xeyiri yoxdur... Bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim kimi həyat yoldaşıma Kanadadan iş təklifi gəldi. Azərbaycanda boş oturmaqdansa, bura gəlmək məcburiyyətində qaldıq.

Hazırda Azərbaycanda futzal veteranları işsiz qalıblar, iş yoxdur...

 

 - Kanadada futzal hansı səviyyədədir?

 

- Azərbaycanla müqayisə edəndə, burada futzalın səviyyəsi çox zəifdir. Azərbaycanda "Araz-Naxçıvan" komandası dünya arenasına çıxmaq gücündədir. Kanadada futzal sahəsində peşəkrlıq yoxdur. Burada camaat səhər gedib işləyir, axşam qayıdıb futzal oynayır. Yəni həvəskar səviyyəsindədir. Amma indi yavaş-yavaş sponsorlar ortaya çıxır, reklamlar verməyə başlayırlar. 2026-cı ildə Kanadada dünya çempionatı keçirilməlidir. Düşünürəm ki, bu, Kanadada futzala böyük təkan verəcək.

 

- Maraqlıdır, Kanadada futzalla məşğul olan oyunçulara yaxşı pul verilir?

 

- Burada oyunçulara pul vermirlər. Çünki peşəkarlıq yoxdur. Birinci il Futzal Klub Toronto komandasında pulsuz oynadım. Təzəlikcə Futzal Klub Torontodan məşqçi kimi rəsmi iş təklifi almışam. Yaxınlarda təqdimatım olacaq.

 

- Yaxınlarda Torontoda braziliyalı məşhur futzal oyunçu Falkao ilə eyni zalı paylaşdınız. Bu barədə danışardınız....

 

- Falkao dünyanın ən güclü oyunçusu olub. Toronto Futzal klubunda məndən Falkao ilə əlaqə yaratmağımı, onu Torontoya çağırmağımı  xahiş etdilər. "Xəzər adaları" komandasında braziliyalı oyunçu Le Alivero ilə əlaqələrim var idi. Onun vasitəsilə Falkaoya çıxdım və 40 min dollara onu buraya gətirtdik. Sponsorluğu iranlı iş adamları boyunlarına götürdülər. Falkaonun buraya gəlməsi Kanada futzalı üçün böyük təkandır. Elə bilin, futbolun Messisini dəvət etmisiniz. Flkaonun da qatıldığı oyun şou xarakterli idi. Mən də, böyük oğlum Əli də qapıçı kimi oyuna qatıldıq, hətta balaca oğlum da oynadı.

 

- Hazırda nə işlə məşğulsunuz?

 

- Üç ildir buradayıq. Birinci il gələndə Futzal Klub Torontoda (FCT) oynadım və Ontario çempionu olduq. Bu komandada oyunçu kimi oynamaqla yanaşı, həm də oyun prosesini aparırdım. Xoşbəxtlikdən udduq.

Hazırda həmin klubda 12-16 yaşlı uşaqlarla işləyirəm. Bu kluba müxtəlif millətlərdən uşaqlar qatılıb. Balaca oğlum da orada oynayır. Qeyd edim ki, bacarığına görə balaca oğlumu futzal oyunları ilə bağlı hər yerə pulsuz götürürlər. Bu il Amerikadadakı turnirə də qatıldı, yol pulunu, bütün xərcələrini qarşıladılar.

 

- Gələcək planlarınız nədir?

 

- Bir neçə imkanlı həmyerlimizin və Azərbaycan icmasının dəstəyi ilə burada uşaqlar üçün bir klub açmışıq. Həftənin cümə günləri 40 New Westminster ünvanında - fransız dilli məktəbin zalında axşam 6-dan 8-ə qədər məşq keçirik. Hələlik dərslər həftədə bir dəfədir. Uşaqların sayı çoxalandan sonra həftədə iki dəfəyə keçəcəyik. Hazırda 7 uşaq gəlir, amma say yavaş-yavaş çoxalır. Yaş qrupuna gəlincə, 4-14 yaş arasında uşaqları götürürük. Qrupda 20-25 nəfər uşaq olsa, iki qrupa bölüb çempionatların birində iştirak etməyi planlaşdırırıq.

Azərbaycanda "Neftçi"də oynamış məşqçi-köməkçilərim də var. Onlar da uşaq futzal qrupunun məşqlərində yardım edirlər.

 

- Futzalla məşğul olmaq uşaqlara nə verir? Valideynlər uşaqlarını niyə  futzala qoysunlar?

 

- Dünyada ən məşhur futbol oyunçuları futzaldan başlayıblar.  Ronaldinho, Messi, Ronaldo, İbrahimoviç və b. ən parlaq ulduzlar futzaldan başlayıblar. Futzal bağlı yerdədir və Kanadanın sərt qışına görə əlverişlidir. İkincisi, futzalla məşğul olan uşaqların zehni yaxşı işləyir, tez fikriləşirlər. Futzal oynayan futbol oynaya bilir, amma futbol oynayan futzal oynaya bilmir. Çünki futzalda tez fikirləşmək qabiliyyətinə malik olmalısan, əks halda, oynaya bilməzsən. Futzalın zədəsi çox azdır. Futbolla müqayisədə 10 faiz olar, ya yox. Maraqlı, sürətli oyundur, basketbol kimidir, 1 qapıçı, 4 oyunçu olur.

 

- Sizin məşqçi olduğunuz uşaq futzal məktəbinə valideyn nə qədər pul ödəməlidir?

 

- Dərslərin iki saatı 30 dollardır. Başqa yerlərdə 1 saatlıq dərs üçün 40-50 dollar tələb olunur. Görək, uşaq komandasının qurulması üçün bir sıra həmyerlimiz kömək edəcəyini söz verib.

Torontoda, səhv etmirəmsə, 10 mindən çox azərbaycanlı yaşayır. Həmyerlilərimizə üzümü tutub demək istəyirəm ki, uşaqlarını bizim məktəbə gətirsinlər. Tərifləmək olmasın, mənim gördüyüm, oynadığım futbolu, futzalı burada tək-tük oyunçu görüb.  Həmyerlilərimizin balaları klubumuza qatılsa, sayımız çoxalsa, Avropa və dünya çempionatına qatıla bilərik. Kanadada dünya çempionatına düşmək elə də çətin deyil. Çünki bircə rəqib var - Amerika. Amerikada futzala yaxşı maliyyə ayırsalar da, peşəkarlıq baxımından səviyyəsi çox aşağadır.

 

- Azərbaycan mətbuatından oxudum ki, Azərbaycan futzalına qayıtmaq təklifi almısınız. Bu nə dərəcədə həqiqətə uyğundur?

 

- Bir sponsorumuz Bakıda futzal komandası yaratmaq istəyir. Bununla bağlı ola bilər, Bakıya gedim. Amma hədəfim tək Toronto, Ontario yox, Kanada üzrə Kan Kaf deyilən çempionatda qalib gəlib dünya çempionatına çıxmaqdır.

 

Lalə Musaqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı