Modern.az

Sizin icra başçınız - Ayaz Əsgərov Yardımlı əhalisinin etimadını qazanıb? - “İctimaiyyətlə görüşə həvəsli deyil”

Sizin icra başçınız - Ayaz Əsgərov Yardımlı əhalisinin etimadını qazanıb? - “İctimaiyyətlə görüşə həvəsli deyil”

14 Noyabr 2019, 09:55

Azərbaycanda rayon və şəhər İcra hakimiyyətlərinin fəaliyyətinə heç vaxt birmənalı yanaşılmayıb. Bu da ondan irəli gəlir ki, bəzi icra başçıları onlara etimad olunan vəzifədən sui-istifadə etməklə necə deyərlər, “qurunun oduna yaşı da yandırıblar”. 

Nəticədə də yaxşı işləyən icra başçıları pislərin fonunda itib-batıblar.

Məsələn, yerli icra hakimiyyəti başçılarının rəsmi vəzifə maaşları əhalinin sayına müvafiq olaraq 800 -1000 manat arasında dəyişdiyi halda onlardan kiminsə bahalı maşın kolleksiyasına malik olduğu, şəxsi mühafizəçilər saxladığı haqda təkzibedilməz xəbərlər yayılır. Ya da görürsən ki, sosial şəbəkədə hansısa icra başçısının övladının Avropanın ən bahalı otellərində lüks həyat tərzini əks etdirən fotoşəkilləri yayılır.

Bu cür halları az qala adiləşdirən bəzi icra başçıları yerlərdə əhalinin şikayət və təkliflərinə də biganə yanaşır, süründürməçiliyə yol verirlər. Nəticədə də vətəndaşlar yerlərdə həll olunmalı problemlərinə laqeyd yanaşıldığından nicatı daha yuxarı dövlət orqanlarında, o cümlədən Prezident Administrasiyasına müraciət etməkdə axtarır.


Hesablama Palatası da tez-tez hansısa rayon İcra hakimiyyətində korrupsiya faktları açıqlayır və bu barədə məlumatı ictimailəşdirir.

 
Təcrübə, eləcə də əhalinin müraciətlərinin təhlili danılmaz bir həqiqəti üzə çıxarır ki, vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyadan əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək, paytaxtdakı müxtəlif idarələrin qapısını döyməz.

Əlbəttə, biz yuxarıda sadalanan neqativ halları bütün rayon və şəhər İcra hakimiyyətlərinə aid etmirik. Yaxşı işləyən, yerlərdə əhalinin hörmət və ehtiramını qazanan icra başçıları da var.


Modern.az saytının “Sizin icra başçınız” adlı bu rubrikasında bölgələrə rəhbərlik edən rəsmi şəxslərin fəaliyyətindən söz açılır. Rubrikamızda icra başçılarının işinə verilən qiyməti həmin regionun deputatı və eks-deputatı, jurnalisti, ziyalısı və müxalifət nümayəndəsinin fikirlərində görə biləcəyik. Baxaq görək, onlar  icra başçılarının fəaliyyəti barədə hansı qənaətdədirlər?

 

Rubrikanın növbəti təqdimatı Yardımlı Rayon İcra Hakimiyyətinin icra başçısı Ayaz Əsgərova həsr olunur.

Ayaz Əsgərov 9 may 2016-cı il tarixindən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.



Yardımlının deputatı Musa Qasımlı:

 

“Ayaz müəllim Yardımlı əhalisi arasında xüsusi hörməti olan icra başçımızdır. O, kəndlərdə səyyar görüşlərini keçirir, yerlərdə insanları dinləyir və mövcud problemlərin həllinə dair göstərişlər verir. Ayaz müəllimin qəbuluna düşmək heç bir vətəndaş üçün problem deyil. Onlar müraciət etdikləri zaman dərhal qəbul edilirlər. Ayaz müəllim hesab edirəm ki, hakimiyyətə hörmət gətirən icra başçılarımızdan biridir”.

 

Musa Qasımlı qeyd edib ki, onunla Ayaz Əsgərov arasında işgüzar münasibətlər qurulub:

 

“Mən onun işlərinə qarışmıram, o da mənim işlərimə. Hər birimiz səlahiyyətlərimizi düzgün bildiyimiz üçün indiyə qədər heç bir problem yaranmayıb. Ayaz müəllim özünün sadəliyi və səmimiliyi ilə rayon camaatının rəğbətini qazanıb. Mən Ayaz müəllimi uğurlu icra başçılarından hesab edirəm. O, cənab prezidentimiz İlham Əliyevin Yardımlı rayonu üçün müəyyənləşdirdiyi işləri ləyaqətlə həyata keçirir. Məsələn, bu günYardımlının ən ucqar dağ kəndlərinə yol problemi yoxdur, insanlarımız rahat şəkildə rayon mərkəzinə gedib-gələ bilirlər. Kəndlərimizə su çəkilib və bu iş davam etdirilir. Eyni zamanda, Yardımlının təbii qazla təmin olunması üçün böyük işlər görülüb, ucqar kəndlər də plana daxil edilib və onlar da qazlaşdırılacaq. Son illərdə Yardımlıda çox sayda məktəb binaları tikilib və tibb məntəqələri açılıb. Ona görə də hesab edirəm ki, Yardımlı son illərdə xüsusi inkişaf yolu keçib”.

 

Yardımlının sabiq deputatı, xalq şairi Sabir Rüstəmxanlı:

 

“Mən vaxtilə adını çəkdiyiniz şəxs haqqında yazı yazmışdım. Bir dəfə Yardımlıya gedəndə, hansı ki, o zaman artıq millət vəkili deyildim, öz oxuduğum məktəbdə mənimlə görüş keçirilməsinə icazə vermədi. Qeyd edim ki, onda icra başçısı özü rayonda deyildi, lakin Təhsil şöbəsinə tapşırıq verib ki, görüş keçirilməsinə icazə verilməsin. Mən artıq burdan onun necə biri olduğunu, hansı təfəkkürə malik olduğunu və işini necə gördüyünü anladım”.

 


Sabir Rüstəmxanlı bildirib ki, Yardımlı əhalisi icra başçılarından ciddi narazılıq edir:

 

“Ola bilsin ki, başqa sahədə yaxşı işləyir, amma Yardımlıda müsbət yöndə heç bir dəyişiklik yoxdur. O, çox yarıtmaz işləyir. Yardımlı camaatının ən böyük problemlərindən biri işsizlik məsələsidir. Hansı tərəfdən baxsaq, icra başçısı Yardımlı əhalisi üçün heç bir xeyirli iş görməyib”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy:

 

“Ayaz Əsgərovla şəxsi tanışlığım yoxdur. Onunla bağlı yalnız eşitdiklərimi deyə bilərəm. Elə bu günlərdə məlumat aldım ki, doğulduğum kənddə tikilmiş yeni modul tipli məktəbin binasının açılış mərasiminə qatılıb. Yerli camaatdan eşitdiyimə görə, Ayaz müəllim ictimaiyyətlə görüşə o qədər də həvəsli icra başçılarından deyil. Amma onu da bildirirlər ki, mülayim adamdır, bəzi icra başçıları kimi, sahibkarların qənimi deyil”.

Elşad Paşasoy onu da bildirib ki, əvvəlki icra başçısı Sevindik Hətəmov ictimaiyyətlə görüşlərə, əhalini narahat edən məsələləri yerindəcə araşdırmağa üstünlük verirdi:

“Hətta bildiyimə görə, yağışlı havaların birində dağların qoynundakı su mənbəyini araşdırmaq üçün həmin ünvana atla gedibmiş, yol keçilməz olduğuna görə. Eyni zamanda yerli əhalinin xeyir-şərində daim iştirakı ilə seçilirdi. Ölkə başçısı daim bəyan edir ki, məmur xalqın xidmətçisidir. Bu mənada Prezidentin səlahiyyətli nümayəndələri olan rayon icra başçıları onlara göstərilən etimadı doğrultmağa borcludurlar. Həmçinin, xalqın ayağına getmək, onun dərd-sərini dinləmək məmura yalnız hörmət qazandırar, ona əskiklik gətirməz.
Son günlər dövlət başçısı yeni icra başçılarını təyin edərkən onların qarşısına mühüm vəzifələr qoyub, eyni zamanda digər icra başçılarına da mühüm mesajlarını ifadə edib. Deməli, yerli hakimiyyət orqanları artıq yeni mərhələyə start verildiyinin fərqində olmalı, dinamik fəaliyyətə üstünlük verməli, keçmişdə olmuş neqativlərin aradan qaldırılması üçün hərəkətə keçməli, xalq-məmur ünsiyyətinə önəm verməlidirlər. Yeri gəlmişkən, Xaçmaz rayonuna təyin edilən icra başçısı Elnur Rzayev çox gözəl nümunə ortaya qoydu – qapılarını rayon camaatının üzünə taybatay açmaqla, ənənəvi qəbul günlərini ləğv etməklə... İcra başçılarına xalqın rəğbətini qazanmaq, Prezidentin etimadını doğrultmaq üçün bəlkə də son şans verilib, artıq zaman gözləmir”.


Yardımlıda görülən işlərdən bəhs edən Elşad Paşasoyun sözlərinə görə, bir müddət əvvəl su və kanalizasi xətti ilə bağlı böyük bir layihə həyata keçirilib:

“Son illərdə bir çox kəndləri birləşdirən abad yollar çəkilib. Hazırda ucqar kəndlərdən biri olan, dağlar qoynundakı Alar kəndinə yol çəkilişi davam etdirilir. Bundan əlavə, rayonda gözəl idman kompleksi tikilir. Amma Yardımlıda görülməsi vacib olan işlər də az deyil. Xüsusilə də qazlaşdırmanın həyata keçirilməsini sürətləndirmək lazımdır. Elə Mili Məclisin plenar iclasında deputat Musa Qasımlı da bildirdi ki, rayonda qaz çəkilişi aparılmadığı, yaxud zəif aparıldığı üçün meşələr məhv olmaq təhlükəsi ilə üz-üzədir. Meşə zolağının məhvi həm yaşıllığın azalması, həm də su mənbələrinin kəsilməsi, ekoloji fəlakət deməkdir. Bilirik ki, Heydər Əliyev Fondu yaşıllıqların salınması məsələsinə xüsusi önəm verir. Təkcə “Nəsimi ili” çərçivəsində ölkəmizdə 650 min ağacın əkilməsi nəzərdə tutulub. Belə olan təqdirdə rayonlarda yaşıllıqların qorunması üçün qaz çəkilişini sürətləndirmək lazımdır. Çox istərdim ki, Yardımlı rayon rəhbərliyi də bu məsələ ilə bağlı təşəbbüskar olsun, hətta lazım gəlsə, mərkəzə davamlı müraciətlər etsin, əhalinin narahatlığını çatırsın. Eyni zamanda, Yardımlıda gənclərin işlə təmin olunması sahəsində də problemlər var və son nəticədə gənclər iş axtarmaq üçün paytaxta, yaxud daş karxanalarına axışır. Bu mənada çox yaxşı olar ki, icra başçısı bölgədə yeni iş yerlərinin açılması, süd və ya giləmeyvə qəbulu ilə bağlı müəssisələrin yaradılması istiqamətində təşəbbüs göstərsin. Vaxtilə Yardımlıda xalçaçılq sexi fəaliyyət göstərirdisə, artıq o da yoxdur. Rayonun böyük turizm potensialı var, amma təəssüf ki, ondan kifayət qədər istifadə olunmur”.

Elşad Paşasoy bir məqama da diqqət çəkib:

“Ölkə rəhbərliyi Yardımlının Deman kəndi istiqamətindən İranla heç olmasa piyadalar üçün buraxılış məntəqəsinin açılmasına qərar verərsə, bu, yerli əhalinin sosial durumunun yaxşılaşdırılması baxımından da mühüm addım olar. Yardımlı şəhərinin mərkəzindən İran sərhədinə 30-35 km-dir, ancaq yerli əhali Astara gömrük məntəqəsindən keçib Ərdəbilə getməkdən ötrü 150 km-ə yaxın məsafə qət edir. Çox istərdik ki, rayon icra başçısı bu məsələ ilə bağlı təşəbbüslə çıxış etsin. Həmçinin hörmətli Ayaz Əsgərovun kəndlərə telefon çəkilməsi, Lerik və Yardımlı kəndləri arasındakı 3-4 km-lik qrunt yolun asfaltlanması ilə bağlı əsrlərdən qalma problemə də aidiyyati qurumların diqqətini cəlb etməsini istərdik”.

 

Yardımlının Gavran kənd orta məktəbinin riyaziyyat müəllimi Nadir Musayev:

 

“Ayaz Əsgərov kəndlərdə fəal görüşlər keçirir, insanların problemlərini həll edir. Ayaz Əsgərov özünün gücü çatmayan işləri belə öz üzərinə götürür və problemləri həll etmək üçün yol axtarır. Onu da qeyd edim ki, bizim kəndin ən böyük problemlrindən biri su məsələsi idi ki, yaxın vaxtlarda mən icra başçısına bu haqda məlumat göndərdim və o, məsələ ilə maraqlandı. Hazırda bizim kənddə artezian quyuları qazılıb. Ayaz Əsgərov söz verib, sözünün üstündə duran adamdı, onun bu xüsusiyyətini əhali rəğbətlə qarşılayır. Məsələn, elə icra başçıları olur ki, yalandan insanları dinləyir, özünü onlarla maraqlanmış kimi göstərir, amma yola verir. Ayaz Əsgərov isə konkret nəyi həll edə biləcəksə, ona “hə” deyir. Mənə elə gəlir ki, bizim kənd və ətraf kəndlərdən heç kim ondan narazılıq edə bilməz”.

 

“Müsavat” partiyasının Yardımlı rayon təşkilat sədri Şakir İsmayılov:

 

“Ayaz Əsgərov tipik məmurdur. O, əslində çox normal, mədəni insandı, lakin işi haqda belə danışmaq mümkün deyil. Ayaz Əsgərov kəndlərə gedib əhaliylə görüşlər keçirir. Lakin kəndlərin çoxunda qaz yoxdur. Azərbaycan xarici ölkələrə qaz satır, amma Yardımlı kəndləri qazdan əziyyət çəkir, hər gün meşələr qırılır. Amma rayonun su problemi bu ildən öz həllini tapıb”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir