Modern.az

“İmkanı olan da, olmayan da vergiləri ödəmir” - səlahiyyəti olub, pulu olmayan bələdiyyələr

“İmkanı olan da, olmayan da vergiləri ödəmir” - səlahiyyəti olub, pulu olmayan bələdiyyələr

18 Noyabr 2019, 17:30

Dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Hazırda seçkilərdə iştirak edəcək partiyaların sayı 13-dür.

 

Seçkilərə çox az müddət qalmasına rəğmən bələdiyyələrin səlahiyyətlərinin artırılması hələ də müzakirə mövzusudur. Əksəriyyət bələdiyyələrin səlahiyyətlərinin artırılmasını daha məqbul hesab edir.

 

Bu haqda Modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev düşünür ki, Azərbaycanda bələdiyyələrin istənilən qədər səlahiyyətləri mövcuddur:

 

“Zaman keçdikcə, inkişaf baş verdikcə yeni problemlər ortaya çıxır, yeni işlər görülməli olur. Bu baxımdan bələdiyyələrə də əlavə səlahiyyətlər verilə bilər. Ancaq son dövrdə qəbul olunmuş qanunlarda, ictimai sosial həyatla bağlı bütün məsələlərdə bələdiyyələrə müəyyən səlahiyyətlər verilir. Təhsil, idman, şəhərsalma, insanlara sosial qayğının artırılması, yas mərasimlərinin keçirilməsi və s. haqqında bələdiyyərin çox dəqiq vəzifələri qeyd olunub. Həmin səlahiyyətləri həyata keçirərək onlar maddi təminatını da yüksək səviyyədə təşkil edə bilər. Məsələn, təhsil haqqında qanunda göstərilib ki, bələdiyyələr bələdiyyə məktəbləri yarada bilərlər. Məktəbdən kənar müəssisələr formalaşdırmaq səlahiyyətləri var. Bələdiyyələr məktəb iaşəsi təşkil edə bilərlər. Bütün bunlar səlahiyyət deyilmi?”

 Rzayev onu da əlavə edib ki, bələdiyyələr hələ də onlara verilmiş səlahiyyətlərdən dolğun istifadə edə bilmirlər:

 

“Digər demokratik ölkələrin bələdiyyələrini nümunə gətirərək deyirlər ki, bələdiyyələrə müstəsna səlahiyyətlər verilməlidir. Halbuki yaxşı səlahiyyətlər verilib. Bu gün bələdiyyələrə yaşıllaşdırma səlahiyyətləri verilib. Amma bununla bağlı bələdiyyələrə vəsait ayrılmır. Müvafiq dövlət qurumu var, onlar bu vəsaiti alırlar.

Mənzil Kommunal Təsərrüfat Birliklərinin bir çox vəzifələrini bələdiyyələr həyata keçirirlər. Ərazilərdə xidmət göstərirlər, təmizlik işləri aparırlar, tullantıların daşınmasına, yığılmasına, zərərsizləşdirilməsinə kömək edirlər. Amma bununla bağlı onlara vəsait ödənmir. “JEK”lər çoxmərtəbəli evlər tikiblər. Yaxşı olar ki, bələdiyyələr həmin binaların istismarını öz üzərlərinə götürsünlər. Bu zaman xeyli vəsait toplaya bilərlər. Qanun da buna imkan verir. Ancaq nədənsə bələdiyyələr bundan istifadə etmirlər. Biz çox geniş səlahiyyətləri bələdiyyələrə versək, yerinə yetirə bilməyəcəklər. Ona görə, əvvəl bələdiyyələr inkişaf etməli, sonra bunun nəticəsində səlahiyyətləri artırılmalıdır”.

 

Maraqlıdır, bələdiyyə sədrləri onlara hansı səlahiyyətlərin verilməsini zəruri hesab edirlər?

 

Bu sualla bağlı Modern.az-a Lerik rayon Nüvədi kənd bələdiyyəsinin sədri Vüqar Hüseynov danışıb. O, qeyd edib ki, bələdiyyələrin gördüyü işlər o qədər də nəzərə çarpmasa da, vəzifələri çoxdur:

 

“Kənd ara yollarının təmiri, qəbiristanlıqların səhmana salınması, aztəminatlı ailələrin dəfn xərclərinin qarşılanması, çətin şəraitdə yaşayan vətəndaşlara maddi və mənəvi dəstək, rayondaxili marşrutların idarə olunması və s. işlər bələdiyyələrin vəzifələridir. Məsul olduqları ərazidə elə bir iş olmaz ki, bələdiyyələr onu icra etməkdən boyun qaçırsın.

Bələdiyyələrin hazırda ən aktual problemi odur ki, həyətyanı sahələrə, pay torpaqlarına görə ödənilən vergiləri yığa bilmirlər. Əgər həmin vergilər əhali tərəfindən bələdiyyələrə ödənilsə, çox iş görmək olar. Hazırda əhalinin sədri olduğum bələdiyyəyə 20 min manata yaxın borcu var. İmkanı olan da, olmayan da həmin vergiləri ödəmirlər. Maddi təminatla bağlı da bələdiyyələrin çatışmazlıqları çoxdur”.

 

Hüseynov deyir ki, bələdiyyənin maddi imkanı olsa, hətta obyektlər, fermalar aça, nəqliyyat xidmətləri formalaşdıra bilərlər:

 

“Amma bunun üçün də pul lazımdır. Bələdiyyələrin bu işləri həyata keçirmək üçün maddi imkanı da yoxdur. Əslində götürəndə bələdiyyənin nizamnaməsində əksər səlahiyyətlər var. Yeni bir səlahiyyətlərin verilməsinə ehtiyac da yoxdur. Sadəcə maliyyə imkanları olmadığına görə, səlahiyyətlərin icrası da kölgədə qalır.

Bələdiyyələrin mövcud problemlərindən biri də pay torpaqlarının düzgün verilməməsi, əlimizdə elektron xəritənin olmamasıdır. Bələdiyyə öz səlahiyyətində olan torpağını sərbəst şəkildə sata bilmir. Vətəndaşların müraciətlərində də uzun müddət proses keçməli oluruq. Biz balansda olan torpaqları heç kimə verə bilmirik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir