Modern.az

Bütün yollar Hindistana aparır… - Əfsanələr ölkəsindən qayıdan azərbaycanlı səyyahla MÜSAHİBƏ

Bütün yollar Hindistana aparır… - Əfsanələr ölkəsindən qayıdan azərbaycanlı səyyahla MÜSAHİBƏ

Müsahibə

19 Noyabr 2019, 10:50

Yolları, sərgüzəştləri, səyahəti, ən əsası foto çəkməyi sevən bir xanım... Azərbaycanı qarış-qarış gəzərək, yurdumuzun dörd bir tərəfindən əlidolu qayıdır hər səfərindən… Yükü fotoşəkillərdir. Kimlər və nələr yoxdur ki bu kadrlarda? Amma bu dəfə gətirdiyi kadrlarda azərbaycanlılar yox, hindlilərdir. Təzəliklə Hindistan səfərindən qayıdan tanınmış səyyah-fotoqraf İradə Qədirovadan bu rəngli ölkə barədə təəssüratlarını soruşduq… Modern.az onunla müsahibəni təqdim edir…
 
- İlk olaraq sizi tanıyaq. Kimdir İradə Qədirova?

- Yolları, sərgüzəştləri, yenilikləri sevən tarixçi, səyyah, fotoqraf.

- Fotoqrafiya ilə yollarınız necə kəsişdi?

- Tarix ixtisasını etnoqraf-arxeoloq olmaq üçün seçmişdim. Arzum ya böyük bir sivilizasiya qazıb çıxarmaq, ya da dünya ölkələrini gəzib, xalqların yaşamını çəkib insanlara tanıtmaq idi. Bu səbəbdən də içimdə fotoqrafiyaya bir ehtiras vardı. 2010-cu ildə ilk kameramı əlimə götürdüm. 4 il sonra isə 2 peşəkar fotoqraf dostum sayəsində fotoqrafiya aləminə daxil oldum – biri ilkin texniki tərəflərini öyrətdisə də, digəri fotoqrafın mənəvi tərəfləri ilə tanış etdi. Qapalı biri olduğum üçün sonuncu mənə obyektivimə tuş gələcək insanlara kameradan öncə ürəklə yaxınlaşmaq yolunda əlifba oldu.


- Ən son obyektivinizə tuş gələn isə hindlilər oldu.
Hindistan sevgisi nə zamandan başlayıb?

- Çox vaxt mənə elə gəlir ki, elə bu sevgi ilə də doğulmuşam. Nə zaman, necə yarandı bilmirəm, amma onu bilirəm ki, Hindistanı çox sevirəm. Bəlkə də 4 yaşımda ilk dəfə hind kinosuna getdiyim gündən başlandı bu sevgi...

- Bildiyim qədər bu, Hindistana ilk səfəriniz deyil...

- Aha, bu, sayca 3-cü səfərimdir. Birinci tarixi konfrans xətti ilə, ikinci AZAL-ın Hindistana birbaşa reysinin açılması ilə əlaqədar olmuşdu. Onlar müvafiq olaraq 6 gün və 3 gün çəkmişdi. Odur ki, bu sonuncu illər boyu planlayıb arzuladığım qədər və arzuladığım şəkildə oldu.

- Çoxları Hindistanın çirkli, həddən artıq kasıb bir ölkə olduğunu deyərək sırf o natəmizlikləri görməmək üçün Hindistanı səyahət etmək istədikləri ölkələr sırasından çıxarırlar. Doğrudanmı, çox çirkli ölkədir?

- Əslində onları da başa düşürəm, amma bu qədər qəti şəkildə yanaşmaq da doğru deyil. Çünki natəmizlik, hətta Parisdə də var. Bizdə də var, məsələn, qoruq dediyimiz yerlərdə belə insanlar özlərindən sonra “iz” buraxırlar.
Hindistan böyük ölkədir. Olduğum şəhərlərə əsasən fikir yürütsəm, hər şəhərin çirkli və təmiz tərəfləri var idi. Amma tək bir natəmizlikdən yapışmaq, məncə, bu, insanların öz seçimidir. Kim nəyi axtarıb, nəyi görmək istəyirsə, onu da görür.

- Hindistana nə üçün getməliyik? 3 səbəb deyə bilərsiniz?

- Tarix, mədəniyyət, mənəvi zənginlik...

- Hindistana səfər etmək istəyənlər üçün qiymətlərdən də danışaq...

- Otel qiymətləri 15 dollardan başlamış 120 və daha artıq ola bilir. İlk iki səfərdə 5 ulduzlu otellərdə qalmışdım. Amma bu səfər seçimim 3 və 4 ulduzludan yana idi. Otaq qiyməti 17-25 dollar arasında dəyişirdi. Yeməkləri bizim pulla 5 manatdan başlayırdı. Şəxsi təcrübəyə əsaslanaraq söyləsəm, hər yemək mərasiminə 10-15 manat xərcləyirdim. Təbii ki, küçədə hazırlanan yeməklər daha ucuz olur. Amma mən normal kafe və restoranlarda qidalanmağa üstünlük verirdim. Yol baxımından qatar və hava nəqliyyatı bahadır. Amma ölkənin ərazisi çox böyük olduğu üçün mütləq istifadə etməyə məcbur olursan. Bir daxili reysdən istifadə etdim. Jaisalmer-Amritsar reysi və bu, 110 manata başa gəldi. Qatar biletlərini də əvvəldən reserv etmək önəmlidir. Uber İndia xidməti isə ucuz və rahat idi.

- Ölkədaxili, şəhərdaxili nəqliyyatın vəziyyəti necədir?

- Şəhərdaxili adətən rikşa və Uber xidmətlərindən istifadə edilir. Ölkədaxili isə qatarlardan istifadə edilir. Onu da deyim ki, Hindistanda qatarlar dərəcələrinə görə fərqlənir. Daha rahat və təhlükəsiz səyahət etmək üçün AC3 dərəcəsini seçmək önəmlidir.


- Budəfəki səfərin Divaliyə düşdü, bayramı necə keçirdin?

- Divalini hind dostlarımızın evinə dəvət edilmişdik. Orada qeyd etdik. Mənim üçün bir ilk idi. Divali və Holi bayramlarını Bakıda Hind səfirliyi və assosiasiyanın təşkil etdikləri tədbirlərdə çox keçirmişəm. Amma Hindistandakı ab-hava tamam fərqli idi. Çünki burada ayinlərə və dualara uzun zaman ayırırlar, daha geniş qeyd edirlər. Daha sonra gecəyə kimi festival davam edir. Hindlilər bayramlarına və adətlərinə çox bağlı xalqdır və demək olar ki, hər gün yeni bir bayram, yeni bir mərasimdir.

- Ən çox hansı şəhərini, bölgəsini sevdin və nəyinə görə?

- Hindistan böyük ölkədir. Bu səfər üçün plana Delhi, Agra, Rajastan və Pəncab ştatlarını əlavə etdim. Ən çox Rajastanın şəhərlərini sevdim. Çünki burada təxəyyülümüzdə yaranan Hindistanı daha çox hiss edib duymaq olur – qadınların rəngarəng geyimlərində, tarixi abidələrdə, musiqilərdə...

- Bəlkə də hind filmlərinin təsiridir ki, çoxları, elə mən özüm də elə düşünürəm ki, sanki hindlilər bütün günü rəqs edirlər, oxuyub oynayırlar. Bəs əslində necədir?

- Yox, onlar da bizim kimi adi, gündəlik həyatını yaşayan insanlardır. Əksinə, oynayıb rəqs edən mən özüm idim. Amma çoxlu adətləri, bayramları var ki, demək olar ki, hər gün yeni bir mərasimdir. Digər tərəfdən onlar çox qəmgin olmağı sevmirlər. Hər bir çətinliyə rağmən, daha çox bu günlə yaşayıb anlarından zövq alan insanlardır. Biz isə hər şeyimiz var ikən durmadan problemlər haqqında düşünən təbiətə malik xalqıq.

- Yeməkləri necədir?

- Ən yaralı yerim... Həddən çox ədviyyatlıdır. Yeməyə baxırsan, o qədər ləziz görünüşü olur ki, damağa gedəndə aləm dəyir bir-birinə. Sona doğru artıq dolmamızı özləyirdim.

- Həvəsdir, bəsdir... Yoxsa yenə də Hindistana getməyi düşünürsünüz?

- Hindistan mənim üçün həvəs olmayıb heç vaxt. Ona görə də bütün yollar ona doğru gedir. Həm tarixçi ixtisasım, həm durmadan kəşf edib öyrənmək istəyim, həm Hindistana olan sevgim, həm də fotoqrafiya durmadan məni ora çəkir. Hindistanın da böyük olduğunu nəzərə alsaq, bu səhifə hələ bağlanmayıb deməkdir...

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir