Modern.az

“O baş redaktorun tərbiyəsi yoxdur” – Söyüş statusunu dərc edən saytlara MÜNASİBƏT

“O baş redaktorun tərbiyəsi yoxdur” – Söyüş statusunu dərc edən saytlara MÜNASİBƏT

19 Noyabr 2019, 12:04

Son zamanlar onlayn media resurslarında tanınmışların sosial şəbəkələrdəki statuslarını dərc etmək “ənənəsi” formalaşıb. Müxtəlif siyasi təhlillərdə, xəbər yüklü yazılarda sosial şəbəkə statuslarından istifadə məqbul sayılsa da, bəzən qeyri-etik ifadələrin də yer aldığı statuslar mətbuatda dərc olunur. Bu tendensiya isə tənqidlə qarşılanır və jurnalistikanın etika normalarına zidd olduğu qabardılır.

 

Bu barədə Modern.az-a danışan  “Tolerant” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, jurnalist Azər Rəşidoğlu deyir ki, indi hər şey bir-birinə qarışıb. Nə mətbuat qalıb, nə siyasət, nə də sivil münasibətlər:

 

“Cəmiyyət nifrət və kin içində boğulur. Hamı bir birinə nifrət və söyüş püskürür. Cəmiyyətdə baş verənlər mətbuata və sosial şəbəkəyə də yansıyır. Söyüş və təhqir yolverilməzdir. Bunu edənlərin tərbiyəsi yoxdur. Bunu dərc edən sayt rəhbərinin də tərbiyəsi və əxlaqı yoxdur”.

 

A.Rəşidoğlu hesab edir ki, heç bir cəza tədbiri haqqında danışdığımız “ənənə”nin qarşısını ala bilməz:

 

“Sadəcə, medianı 10 il öncəki vəziyyətə qaytarmaq lazımdır. Onda problem həll ediləcək. Əxlaqsız adamlar 2-3 nəfərdən ibarət sayt qurub, söyüş yağdıranda düşünmək lazım idi ki, peşəkar jurnalistlər işsiz qalıb. Peşəkarlara yardım etmək lazımdır ki, bu küçə uşaqları mediada at oynatmasın. Özü də bu, böyük problemdir. Yalnız hansısa sayta cəza verməklə işi bitmiş hesab etmək olmaz”.

 

Jurnalist Afaq Vasifqızı qeyd edib ki, saytlar da, efirlər də cəmiyyətin güzgüsüdür:

 

“Mətbuatın ayna olduğunu Zərdabidən, Sabirdən üzü bəri bütün klassiklərimiz söyləyib. Bu mənada aynadan qabaq aynada görünəni islah etmək lazımdır.

Son dövrlər cəmiyyətdə bir növ mənəvi anarxiya yaranıb. İnsanlarda söyüşə, açıq-saçıq danışmağa meyl artıb. Əslində bunun daxildəki hər hansı aqressiya ilə bağlı olduğunu bilmək üçün psixoloq olmağa ehtiyac yoxdur. Öncə bu aqressiyanın səbəbini tapmaq, total bivecliyin, utanmazlığın nədən qaynaqlandığını öyrənməliyik. Dediyiniz nalayiq ifadələrin sosial şəbəkəyə də çıxması absurddur, nəinki mediaya. Bəlkə fikrim zamanla səsləşməyəcək, amma mətbuatın bir maarifləndirmə missiyası da var. Təəssüf ki, bu missiya bu gün arxa plana keçib”.

 

Afaq Vasifqızı məsələnin hüquqi tərəfinə də toxunub:

“Nəhayət, peşə etikası deyilən bir anlayış var. Konkret media rəhbərləri bunu pozan yazılara yer verəndə Mətbuat Şurası işə qarışmalıdır. Bunun üçün Şuranın təsir mexanizmləri olmalıdır - cərimələr, çapın dayandırılması və s. kimi rıçaqlardan söhbət gedir. Qaydalar pozulmasın deyə, cəzaların olması şərtdir”.

 

Məsələyə Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə də münasibət bildirib. O, onlayn saytlarda qeyri-etik ifadələrə yol verilməsini, bu cür sitatların tirajlanmasını qınayıb:

 

“Jurnalistika sahəsində, fəaliyyətdə olan media orqanlarında qeyri-etik ifadələrin yer aldığı məqalələrin tirajlanması həmin media qurumunun hansı səviyyədə olduğunun göstəricisidir. İnsan fərd şəklində gərək, qeyri-etik ifadələri ictimailəşdirməkdən çəkinsin, onları cəmiyyətə çatdırmağı düşünməsin. Sosial şəbəkələr belə bir fərdə aid deyil, hətta bu gün üçün ictimai fikrə təsir göstərəcək vasitədir. Ona görə, bu platformada da qeyri-etik ifadələrin işlədilməsi düzgün deyil”.

 

V.Rəhimzadə hesab edir ki, sosial şəbəkələrdə yazılan statusları olduğu kimi, qeyri-etik ifadələri də saxlamaqla tirajlamaq peşə normalarının pozulmasıdır:

 

“Bəlkə kimsə o ifadələri internetdə görmək istəmir. Amma onu tirajlamaqla insanları bir növ görməyə məcbur edirik”.

 

MŞ İdarə Heyətinin üzvü olaraq, V. Rəhimzadə həmin qeyri-peşəkar saytların cəzalandırılması şərtlərini də açıqlayıb:

“Mətbuat Şurası həmin qeyri-etik ifadələri dərc edən mətbu orqanlara qarşı addım ata bilər. Bir şərtlə ki, həmin saytlarla bağlı hansıa şikayətlər daxil olsun. Mətbuat Şurası ciddi qurum olduğuna görə fəaliyyəti də öz prinsiplərinə uyğun şəkildə qurur. Haradansa, müraciət daxil olmayanda bizim araşdırmamız qeyri-ciddi alınır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi