Modern.az

“Vikipediya”dakı Xankəndi yanlışlığı aradan QALDIRILDI - FOTO

“Vikipediya”dakı Xankəndi yanlışlığı aradan QALDIRILDI - FOTO

Ölkə

19 Noyabr 2019, 14:02

Bütün dünyanın informasiya mənbəyi kimi internet resurslarından, xüsusilə elektron ensiklopediya olan “Vikipediya”dan istifadə etdiyi bir vaxtda Azərbaycandilli “Vikipedia”dakı təhriflər yenə müzakirə mövzusuna çevrilib. Araşdırmamız zamanı rastlaşdığımız “Xankəndi” adlı məqalənin elə ilk cümləsindəki nöqsanı,  Azərbaycanın işğal tarixini faktiki təhrif edən məqamı da dilə gətirməliyik.

 

“Xankəndi” başlıqlı məqalənin ilk cümləsi belədir: Xankəndi və ya Stepanakert (erm. Ստեփանակերտ) — qanunən Azərbaycan Respublikasındakı şəhər, 1991-ci il dekabrın 26-da Qarabağdakı erməni separatçıları tərəfindən işğalından sonra yaradılan Dağlıq Qarabağ Respublikasının (indiki adla Artsax Respublikası) idarəsində olub ölkəyə paytaxtlıq edir. İlk baxışda buradakı böyük səhvə çox insan diqqət etmir. Amma cümləni diqqətlə oxuduqda səhv ortaya çıxır – “Qarabağdakı erməni separatçıları tərəfindən işğalından sonra…” Tarixi faktların ortada olduğu məqamda bu cümləni müdafiə edəcək heç bir dəlil yoxdur. Xankəndini, ümumən Azərbaycan torpaqlarını Qarabağdakı erməni əhalisinin işğal etdiyini iddia etmək özü də qeyri-peşəkarlıqdır. Ermənistan silahlı qüvvələrinin Qarabağdakı erməni separatçılarına dəstəyi olmadığı məqamda hansı işğaldan söhbət gedə bilərdi?

 

Modern.az “Vikipediya”dakı bu nöqsanla bağlı açıqlama üçün AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Elnur Eltürkə müraciət edib. O, “Xankəndi” başlıqlı məqalədə belə bir səhvin olduğunu etiraf edib:

 

““Vikipediya” açıq ensiklopediya olaraq redaktələrə açıqdır. Təəssüf ki, bundan bəzi istifadəçilər istifadə edirlər. Tarixi və siyasi prosesləri bilməyən insanların bu cür məqalələri redaktə etməsi düzgün deyil. Hazırlıqlı, bilikli və tariximizi yaxşı mənimsəmiş istifadəçilər məqalələrin yaranmasında və redaktəsində fəal olmalıdırlar. Tariximizi olduğu kimi təqdim etməliyik. Xankəndinin işğalı uzaq tarix deyil. Hələ Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan, 1987–ci ilin noyabrında Parisdə Fransa Erməni institutunun və Erməni veteranlar assosiasiyasının onun şərəfinə təşkil etdiyi tədbirdə Qarabağ barədə sözləri yaddan çıxmayıb. Aqanbekyan iqtisadçı kimi hesab edirdi ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana. Qarabağın Ermənistana verilməli olduğu fikrini o, Fransanın "Humanite" qəzetinə müsahibəsində də dəfələrlə qeyd edirdi. Bunlar Qarabağın işğalı üçün informasiya bazasını yaradırdı. Sonradan proseslər silahlı qarşıdurmaya keçdi. Artıq heç kimə sirr deyil ki, Dağlıq Qarabağı və ətraf rayonları işğal edən Ermənistandır. 1988-ci illərdə Dağlıq Qarabağda başlanan etirazların arxasında Ermənistan və o zamankı SSRİ-i rəhbərliyi dururdu. İşğal prosesində Ermənistan hakimiyyəti birbaşa iştirak edib. Burada hansısa fakt axtarmaq mənasızdır. Dağlıq Qarabağ erməniləri işğalda iştirak ediblər. Dağlıq Qarabağda etnik separatçılığın qızışmasında Ermənistan və xaricdəki erməni diasporu, onları dəstəkləyən qüvvələr olublar”.

 

Elnur Eltürk müraciətimizdən sonra dərhal məsələyə müdaxilə edib:

 

“Ən qısa zamanda məqaləyə tarixçilərimiz redaktə edəcək. Bu cür çatışmazlıqların göz önünə gətirilməsi, tez zamanda səhvlərin düzəldirməsi baxımından əhəmiyyətlidir”.

 

Mütəxəssisin operativliyi sayəsində qısa müddət sonra həqiqətən də “Vikipediya”dakı səhv aradan qaldırırdı və “Xankəndi” başlıqlı məqalə redaktə olunaraq, istifadəçilərin ixtiyarına verildi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu