Modern.az

Bahar Muradova həmkarının hökumətə ÇAĞIRIŞINI dəstəklədi: Burada bərabərsizlik yaranır

Bahar Muradova həmkarının hökumətə ÇAĞIRIŞINI dəstəklədi: “Burada bərabərsizlik yaranır”

25 Noyabr 2019, 13:44

Milli Məclisin sədr müavini Bahar Muradova deputat Elman Məmmədovun fikirlərinə dəstək olub. Modern.az xəbər verir ki, B.Muradova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı məcburi köçkün rayonlarının təmsil edən deputat olduğunu xatırladıb.

O qeyd edib ki, mütəmadi şəkildə məcburi köçkünlərlə ünsiyyətdə olur: “Problemlər ölkə başçısının qayğısı ilə azalmaqdadır. Məcburi köçkün statusu ilə bağlı məsələlər var ki, özündən sonra bir sıra problemlər yaradır. Statusun bu və ya digər səbəbdən ləğv olunması, yaxud kimlərəsə şamil edilməməsi müəyyən problemlər yaradır. İnsanlar da zaman-zaman bu narazılıqlarını ifadə edirlər. Hər vətəndaş qəbulunda onlarla belə şəxs bizə müraciət edir. Bununla da bir növ qapalı dairə yaranır. Onlar bizə müraciət edir, biz də rayon icra hakimiyyətlərinə və “Dövlətqaçqınkom”a... Onlar da bizə cavab məktubu yazırlar ki, filan nömrəli sərəncamın filan bəndinə görə, bu problemləri həll etmək mümkün deyil. Biz də özlüyümüzdə bu cavabı almaq üçün müraciət etmirik. Müraciət edirik ki, mövcud problemlər həll olunsun. Problem də həll olunmadıqca, üst-üstə yığılır və insanların haqlı narazılığına səbəb olur”.

Bahar Muradova vurğulayıb ki, son vaxtlar belə müraciətlərin sayı artıb:

“Təhlilim nəticəsində məlum olub ki, bu problem təkcə Fizuli rayonu ərazisində 12 min nəfərədək əhalini əhatə edir. Çünki məlum sərəncamla köçkün statusu alan şəxslər təminatlardan məhrum oldular. Müəyyən məntiqlə bu qərarı qəbul ediblər, hər kəs də bunu qəbul edə bilmir və anlaşılmır. Misal olaraq, daxili işlər orqanlarında, dövlət qulluğunda çalışan və hərbi xidmətdə olan soydaşlarımıza dövlət tərəfindən verilən müavinətlər dayandırılır. Həmçinin, bu və ya digər güzəştlərdən istifadə edə bilmirlər. Dostu, yaxın qohumu tərəfindən onlara bağışlanan birotaqlı mənzili varsa, həmin şəxslər bu təminatlardan məhrum olunur. Burada bərabərsizlik yaranır. Hüquqları, güzəştləri müəyyən etmişiksə, onda hər kəs bundan bərabər istifadə etməlidir. Problem həllini tapmayıb, həmin şəxslər işğal olunan evlərinə qayıtmayıb. Ona görə də status hələ də onun üzərindədir. Lakin statusun onlara verdiyi imkanlar məhdudlaşıb. Anlayıram ki, bu, müəyyən qədər çətinliklər olan dövrdə qəbul edilən qərar idi. Hesab edirəm ki, getdikcə ölkə başçısı tərəfindən sosial sahəyə yönələn diqqət və qayğı hər cür problemlərlə üz-üzə olan insanlardan yan keçməməlidir. Bir çətinlik də odur ki, eyni kənddən olan eyni statuslu şəxslərin bir qismi güzəştdən istifadə edir, digər qismi isə hansısa yanaşmalara görə istifadə etmir”.

Milli Məclisin sədr müavini əlavə edib ki, hərbi xidmətdən qayıdan gənclərin yenidən həmin statusu bərpa etməsi məsələsində də problemlər yaranır:

“Bu şəxs halbuki, başqa ölkəyə getməyib, vətəndaşlığını dəyişməyib, hərbi xidmətə gedib-qayıdıbsa, necə ola bilər ki, statusunu bərpa edib lazımi yerdə qeydiyyata düşə bilməsin?
Ailəsindən boşanıb yenidən məcburi köçkün yataqxanasında yaşayan, ailəsinin yanına qayıdan qadınların yenidən orada qeydiyyata düşməsi qeyri-mümkündür. Halbuki, onun şəxsiyyət vəsiqəsində illərlə burada qeydiyyatda olduğu yazılıb. Bununla bağlı heç kimi qınamıram. Çünki aidiyyəti qurumlar bu məsələdə səlahiyyətə malik deyillər. Ona görə də həmin sərəncama yenidən baxılması bu məsələlərə yeni yanaşmaların olmasına gətirib çıxarardı. Hökumətdən xahiş edirəm ki, məsələni diqqətdə saxlasın və getdikcə artan problemlərin qarşısını birlikdə alaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir