Modern.az

ABŞ-da yaşayan azərbaycanlı biznes-ledi

ABŞ-da yaşayan azərbaycanlı biznes-ledi

Diaspor

26 Noyabr 2019, 08:08

Deyilənlərə görə, insanlar iki kateqoriyaya bölünürlər- uğurlu və uğursuzlar. Uğursuz insanların həyatında çətinliklər, iztirablar nə qədər çox olursa, uğurlu insanların həyatı bir o qədər rahat, rəngarəng, maraqlı keçir. Bundan əlavə xalq arasında nisbi də olsa bədbəxt və ya xoşbəxt insan anlamı da var. Şair yaxşı deyib: “Göydən yerə leysan əvəzi dürr də yağsa, Bədbəxt olanın başına bir danəsi düşməz”. Xoşbəxtlik isə milyonlarla adamın arasından sahibini axtarıb tapır...

Bəli, bu dəfəki söhbətimin qəhrəmanı Nərgiz Rzayeva- Bald uğurlu, xoşbəxt insanlardandır. 1981-ci ildə Moskvada ziyalı ailəsində dünyaya gəlib. 9 yaşı olanda Bakıya köçüblər. 1998-ci ildə orta təhsilini 43 nömrəli məktəbdə başa vurub. 1999-2004-cü illərdə BDU-nun biologiya fakültəsinin əvvəlcə əyani, son iki ilini isə qiyabi şöbəsində təhsil alıb. 2003-cü ildən ABŞ-ın Nyu Cersi ştatında yaşayır...


...Ömür-gün yoldaşı Robert Baldla 2001-ci ildə ABŞ-da müvəqqəti yaşayan bacısıgildə qonaq olarkən tanış olublar. 2002-ci ildə isə ailə həyatı qurublar. Robert sahil mikrosistemləri mühəndisləri şirkətində menecer işləyir. İki övladı var. Qızı Sofiya 12, oğlu Kamran 6 yaşındadırlar...


Nərgiz xanım Nyu Cersiyə gələndən sonra 2003-2005-ci illərdə “Cooper Rehab and sports therapy” şirkətində “medical billing specialist” vəzifəsində işləyib. 2005-2007-ci illərdə əvvəlcə “PBS “ şirkətində, ardınca “Shore orthopedic group”da çalışıb. 2007-2009-cu illərdə analıq məzuniyyətində olub. Eyni zamanda, müəyyən kurslar götürərək daşınmaz əmlak üzrə mütəxəsis ixtisasına yiyələnib.
2009-2011-ci illərdə “Caldwell Bnker Realty” şirkətində həmin ixtisas üzrə fəaliyyət göstərib. 2011-ci ildə köhnə ixtisasına dönərək, iki il “The Plastic Surgery Center”də “medical billing specialist” vəzifəsində işləyib. 2013-cü ildən rəfiqələrindən biri ilə “Capital Medical Billing Solutions” şirkətini təsis edərək, həmin müəssisəyə rəhbərlik edir...


Deyir ki, “çox istərdim, azərbaycanlı gənclər mükəmməl təhsil alsınlar. Çətinliklərdən qorxmasınlar. İnadla məqsədə doğru irəliləsinlər. Xanımlarımız azad və maneəsiz bizneslə məşğul ola bilsinlər. Ölkədə qadın biznesmenlərin sayı artsın”...


Böyük tennis oynamağı, övladları ilə daha çox vaxt keçirməyi xoşlayır. Azərbaycan rəqs havalarını dinləməkdən zövq alır. Qətiyyətli, işgüzar, iradəli xanımdır. Həyatın insana bir dəfə verildiyini dərindən anlayır, onu necə yaşamağı yaxşı bilir. Necə deyərlər, taleyinə yazılan xoşbəxtliyin şirinliyindən dadaraq, daha gözəl günlərə doğru addımlayır...


Elman Eldaroğlu,
[email protected]

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu