Modern.az

“YAP parlamentlə bağlı cəsarətli addım atdı” - Qərar ALQIŞLANDI

“YAP parlamentlə bağlı cəsarətli addım atdı” - Qərar ALQIŞLANDI

28 Noyabr 2019, 16:25

“Hakim partiyanın belə cəsarətli qərarı xalqın gündəliyi ilə uzlaşır və əminəm ki, çox aktiv siyasi mübarizənin şahidi olacağıq”.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Sosial Tədqiatlar Mərkəzinin sədri Zahid Oruc bildirib. Deputat Milli Məclisin hazırki tərkibinin bəzi istəklərə cavab vermədiyini vurğulayıb:


“Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının siyasi elitası son dərəcə cəsarətli, düzgün və ölkənin həyatında cənab prezident tərəfindən aparılan genişmiqyaslı islahatların ruhuna uyğun qərar qəbul edib. Ümidvaram ki, bu, eyni zamanda Azərbaycan xalqının gözlənti və istəklərinə cavab verən bir mövqedir. Ümidvaram  ki, yeni parlament formalaşdıqdan sonra bizim hər birimiz əmin olacağıq ki, həqiqətən də 2018-ci ilin prezident seçkilərindən sonra cənab İlham Əliyev tərəfindən ölkə həyatının bütün sferalarında aparılan yeniləşmə kursu və dəyişikliklərin digər hakimiyyət qollarında da öz əksini tapmasının yalnız faydası ola bilər. Bu yaxın günlərdə Milli Məclisdə yeni büdcə müzakirələri zamanı diqqətimi çəkən əsas cəhətlərdən biri ondan ibarət idi ki, uzun illər hökumətin işində hansısa məmurların fəaliyyətini və bir sıra hallarda fəaliyyətsizliyini qınayıb tənqid edərkən, gözlərimiz yeni hökumətin şahidi oldu.

Bu il sosial-iqtisadi sferada aparılan dəyişiklərdən, böyük maliyyə tutumlu qərarlardan sonra belə bir sual ortaya çıxdı ki, Milli Məclis üzvləri bu proseslə nə dərəcədə ayaqlaşa bilirlər?  Onlar ölkə rəhbəri tərəfindən qarşıya qoyulan məsələləri bütün miqyası ilə dərk edə bilirlərmi? Onlar vətəndaşla dövlət arasında yaxşı körpü rolu oynaya bilirlərmi?

Çox təəsüf ki, Milli Məclisin hazırki tərkibi bütün mənalarda bu istəklərə cavab vermirdi. Hesab edirəm ki, yeni simaların 2020-ci ildə formalaşacaq parlamentdəki təmsilçiliyi fərqli üslublu, fərqli fəaliyyət göstərən prinsipləri öz üzərində əks etdirəcək. Mehriban Əliyevanın 2017-ci ildə vitse-prezident təyin olunması dövlət idarəçilik sistemində köklü dəyişikliklərə yön verdi, ölkə başçısın apardığı milli maraqlara dayanan siyasəti tamamladı. Belə olan halda parlament hakimiyyəti, məhkəmə sisteminin də bu çərçivədə çalışması hər bir insanın arzusu idi”.

 

Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentin buraxılmasına münasibət bildirərkən deyib:

 “Yeni Azərbaycan Partiyası hazırda içərisində olduğumuz yeni dövrün çağırışlarını, cəmiyyətin sosial sifarişini və partiyamızın sədri, ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dərin islahatlar siyasətindən irəli gələn tələbləri nəzərə alaraq, ölkə gündəmini, dövləti və milli maraqlarımıza uyğun olaraq dəyişmək iqtidarında olan bir qərar verdi”.


Vitse-spiker növbədənkənar seçkilərin hər birimizə xeyirli olacağını da qeyd edib:


“YAP növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürməklə hakimiyyətin hər üç qolu arasında qarşılıqlı əlaqəyə əsaslanan sistem xarakterli islahatlara, o cümlədən struktur və kadr dəyişikliklərinə, yeniləşməyə doğru cəsarətli bir addım atmaqla Milli Məclisin də ölkənin ümumi inkişaf surətinə uyğunlaşması işinə əhəmiyyətli bir töhfə verdi.

Azərbaycanın həyatının son 27 ilinin hər anı Heydər Əliyev ideyalarını reallaşdırmaqla xalqa xidmət yolu ilə irəliləyən Yeni Azərbaycan Partiyası ilə bağlıdır.

Bu başlanğıcın da Azərbaycana və hamımıza faydalı olacağına dərin inamımı ifadə edərək, hər birimizə uğurlu-xeyirli olsun deyirəm!”.


Deputat Aqil Abbas güclü və xalq arasında reytinqi yüksək olacaq şəxsin seçkilərdə deputat seçiləcəyini vurğulayıb:

 “Yeni Azərbaycan Partiyası parlamentdə çoxluq təşkil edir və onlar da qərara gəliblər ki, parlamentin buraxılması ilə bağlı prezidentə müraciət etsinlər. YAP səbəb kimi də ölkədə böyük islahatlar getdiyini, parlamentin bu islahatlarla ayaqlaşa bilmədiyini vurğulaya bilər, başqa səbəb nə olsun k? Yekun qərarı prezident özü açıqlayacaq. Seçkilər də təşkil olunsa,  həmişəki qaydada həyata keçiriləcək”.

Qeyd edək ki, bu gün hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclası keçirilib. İclasda Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçirlməsinin vacibliyi barədə çıxışlar edilib. Bu çıxışlarda 2020-ci ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün əsaslar olduğu vurğulanıb.

Daha sonra ölkə Prezidentinə növbədənkənar parlament seçkilərinin təyin olunması ilə bağlı müraciət qəbul olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir