Modern.az

Növbədənkənar seçkilər: Parlament jurnalistləri də DANIŞDILAR

Növbədənkənar seçkilər: Parlament jurnalistləri də DANIŞDILAR

29 Noyabr 2019, 09:49

Ötən gün hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclası keçirildi. İclasda Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçirlməsinin vacibliyi bildirildi. Yaxın aylarda Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün əsaslar olduğu vurğulandı. Ardınca ölkə Prezidentinə növbədənkənar parlament seçkilərinin təyin olunması ilə bağlı müraciət qəbul olundu.

 

Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri məsələ ilə bağlı Modern.az-a danışaraq, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı YAP-çı deputatların təkliflərinə münasibət bildiriblər: 

 

“İslahatlar parlamentə də yeni nəfəs gətirəcək”

 


PJB-nin sədri Elşad Eyvazlı: “Cəmiyyətdə qarşıdakı aylarda keçiriləcək növbədənkənar parlament seçkiləri Azərbaycanda son kadr islahatlarının davamı kimi qiymətləndirilir.

Milli Məclisin işi, xüsusilə də deputatların fəaliyyəti barədə ən çox məlumatlı Parlament Jurnalistləri Birliyinin üzvləridir.

İnanırıq ki, bu islahatlar parlamentə yeni nəfəs gətirəcək. Elə zamanda yaşayırıq ki, yeni texnologiyaların bütün üstünlüklərindən istifadə etmədən, baş verən hadisələrə daha çevik münasibət sərgiləmədən, yeni yanaşmalar ortaya qoymadan inkişaf mümkün deyil. Söylədiklərim modern dünyanın tələbidir. Bu mənada Milli Məclisin tərkibinin dəyişməsinə böyük ehtiyac var idi. Növbəti seçkilərədən sonra parlamentimizin keyfiyyət baxımından da daha yeni mərhələyə qədəm qoyacağı gözləntiləri var. Bununla indiki parlamentin tərkibinə irad bildirməkdən uzağam. Sadəcə, zaman keçir, günün tələbləri dəyişir, yenilikləri dövr tələb edir. Deputat olmaq iddiasında olan xeyli sayda həmkarımız var. Onlara da bəribaşdan uğurlar diləyirəm”.

 

“Deputatlar xarici səfərlərə “turist” kimi getməməlidirlər”

 


PJB-nin sədr müavini Aqil Aslan: “Milli Məclisin buraxılması Azərbaycan tarixində ilk dəfə reallaşacaq. Bu qərar onu göstərir ki, Azərbaycan hakimiyyəti ortaya siyasi iradə qoyub və islahatlar təkcə dövlət strukturlarında deyil, eyni zamanda qanunverici orqanda da baş verməlidir. Yəni ölkə rəhbərliyinin apardığı islahatlara parlament də öz dəstəyini verməlidir. Bir parlament jurnalisti kimi müşahidələrimə görə, hazırkı Milli Məclis üzvlərinin demək olar ki, yarısından çoxu müasir çağırışlara cavab vermir. Gərək deputatlar da dövlət başçısının islahatlarla bağlı apardığı siyasətə qanunvericilik təklifləri ilə dəstək versinlər, qanun yaradıcılığında fəal iştirak etsinlər, seçicilərinin problemləri ilə maraqlansınlar, onların həlli üçün həm Milli Məclis, həm də hökumət qarşısında məsələ qaldırsınlar. Əlbəttə, belə deputatlar var, ancaq onlar çox az saydadırlar. Düymə sıxıb, səs verməklə iş bitməməlidir. Xarici səfərlərə “turist” kimi yox, Azərbaycana dəstək, dost qazandıracaq millət vəkili kimi getməlidirlər.

Yeni Azərbaycan Partiyasının məlum qərarı da onu göstərir ki, partiyanın sədri, Prezident İlham Əliyev bu cür deputatlarla vidalaşmaq istəyir. Dövlət başçımızın bu qərarını alqışlayıram və mən də hesab edirəm ki, Milli Məclis yenilənməlidir. Yeni seçiləcək parlament islahatçı olmalı, konstitusiya ilə üzərinə düşən vəzifəni yerinə yetirməlidir.

Yeri gəlmişkən, son zamanlar tez-tez belə fikirlərlə rastlaşırıq ki, Milli Məclisin tərkibi də gəncləşməlidir. Məncə, burada söhbət yaşdan yox, başdan, yəni seçiləcək şəxsin deputat vəzifəsini icra edəcək qabiliyyətindən getməlidir. Parlamentə doğrudan da millətimizi, dövlətimizi layiqincə təmsil edəcək şəxslər seçilməlidir. Yeni Azərbaycan Partiyasının da belə namizədləri irəli sürəcəyindən şübhə etmirəm. Vəziyyəti dəyərləndirib, özüm də növbədənkənar seçkilərdə bitərəf namizəd kimi iştirak edib-etməmək barədə qərar verəcəm. 2010-cu ildə deputatlığa qeydə alınmış namizəd kimi uğurlu bir seçki kampaniyası aparmışam. Yəni seçki təcrübəsi olan biri kimi qarşıdakı seçkilərdə də doğulduğum Goranboy rayonundan namizədliyimi irəli sürə bilərəm”.

 

“Gözlənilən idi”

 


Ölkə.az saytının müxbiri Mürtəza Bünyadlı: “Mənim üçün gözlənilən qərar idi. Bu məsələ uzun zaman idi ki, kluarlarda müzakirə olunurdu, bu barədə fikir mübadiləsi aparılırdı. Mən bunu yaz aylarından gözləyirdim. Nəhayət qərar indi verildi. Bəlkə də siyasi baxımdan ən münasib vaxt indidir. Çünki yanvar parlamentin qış tətilidir. Əgər qərar yaxın günlərdə verilərsə, o zaman yeni tərkib fevralda və ya martda fəaliyyətinə başlaya bilər”.

 

“YAP-ın təşəbbüsünə qeyri-adi yanaşmadım”

 


Azvision.az saytının əməkdaşı Anar Kəlbiyev: “YAP parlamentin buraxılması ilə bağlı təşəbbüs irəli sürdü. Düzü buna qeyri-adi yanaşmadım. O baxımdan ki, xeyli müddətdir, parlamentin buraxılacağı ilə bağlı məsələ müzakirə olunurdu. Mediada da bu barədə yazılar olurdu. O ki qaldı parlamentin yeni seçilmək istəyən üzvlərinə, bu sırada seçicilərinin problemini diqqətdə saxlayan, onlarla mütəmadi görüşən keçirən şəxslərin olmasını istərdim. Həmçinin, onların parlamentdə aktiv deputatı olması da önəmli məsələdir”.

 

“Bütün ölkələrdə növbədənkənar seçkilər olur”

 


“Report” Agentliyinin redaktoru İmdad Əlizadə: “Əvvəla, bütün ölkələrdə parlamentin buraxılması, növbədənkənar seçkilərin keçirilməsi halı olur. İkincisi, xeyli vaxt idi, Milli Məclisin buraxılacağı barədə söz-söhbət gəzirdi. Ona görə də hakim Yeni Azərbaycan Partiyasının bu qərarı o qədər də gözlənilməz deyil. Nəhayət, son dövrlər ölkədə dəyişikliklər gedir. Bu yenilənmənin qanunverici orqanı da əhatə etməsi yaxşı haldır. YAP-ın parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməsinin başqa səbəbləri də var. Bu səbəblər isə mənim toxunduqlarımdan heç də az əhəmiyyətli deyil, bəlkə də daha böyük önəm daşıyır”.

 

“Bütün bu proseslər Prezidentin qərarlarına uyğun olaraq həyata keçirilir”

 


“Yeni Müsavat”ın parlament müxbiri Elşad Paşasoy: “Azərbaycanda növbədənkənar seçkilərin keçiriləcəyi barədə aylardan bəri davam edən müzakirələr, səsləndirilən versiyalar nəhayət, öz təsdiqini tapdı. Düzdür, bir çox rəsmilər, həmçinin parlamentarlar son qərarın dövlət başçısına məxsus olduğunu bildirsələr də, növbədənkənar seçki üçün zərurət olmadığını israrla bildirirdilər. Ancaq görünür zərurət var imiş. Əslində zərurət var idi, bunu bilmək üçün sadəcə ictimaiyyət arasında rəy sorğusu keçirmək və sosial şəbəkələrdə aparılan müzakirələri izləmək kifayət edərdi. Ancaq mən hesab etmirəm ki, bu, ekspromt qəbul olunmuş bir qərardır. İstsina etmirəm ki, yeni parlament seçkiləri ilə bağlı qərarın qəbul olunması zəruriliyi barədə ən yüksək səviyyədə qənaət 2018-ci ilin prezident seçkilərindən sonra qəbul edilib. Bəlkə də növbədənkənar seçki qərarı Prezidentin ölkədə həyata keçirilən islahatlarla bağlı “Yol xəritəsi”nin tərkib hissəsidir və yalnız məqamı yetişəndə bununla bağlı anons edildi. Diqqət edin, 2018-ci ildə prezident seçkiləri keçiriləndən sonra hakim komandada çox ciddi kadr islahatları həyata keçirilib, hətta bu müddətdə ikinci Baş nazir təyinatı olub, həmçinin məhkəmə islahatları ilə bağlı addımların atılması istiqamətində ciddi gözləntilər var, qanunvericilik işləri həyata keçirilir. Belə olan təqdirdə hakimiyyətin digər bir qolunun - ali qanunverici orqanın islahatlardan kənarda qalması normal görünməzdi. Sözsüz ki, bütün bu proseslər Prezidentin iradəsinə və qəbul etdiyi qərarlara uyğun olaraq həyata keçirilir. Növbədənkənar parlament seçkilərinin şəffaf və demokratik şəraitdə keçirilməsi təmin olunacaqsa, ölkənin imicinə, dövlət başçısının reallaşdırdığı islahatlara xələl gətirmək istəyən qüvvələrin müdaxilə imkanları minimuma endiriləcəksə, islahatlar geridönməz xarakter alacaq. Əksəriyyət bu qənaətdəydi ki, icra qurumunun və ali qanunverici orqanın daha dinamik fəaliyyətinə, Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası baxımından daha çevik olmasına zərurət var. Parlamentin hazırki tərkibində fəallığı, qanunvericilik bazasının formalaşdırılmasında aktiv fəaliyyəti, seçici maraqlarının davamlı müdafiəçisi olan deputatlarla yanaşı – uzun illər boyu biz onların bir çoxunun aktiv fəaliyyətini müşahidə etmişik, parlament müxbiri olaraq çıxış və təkliflərini mətbuatda işıqlandırmışıq - parlamentin adına xələl gətirən şəxslərin də olduğu barədə vaxtaşırı tənqidlər eşidilib. Belə olan təqdirdə növbəti seçkilərə bir il qalmış yeni tərkibin formalaşdırılması həm də zamanın itirilməsinin qarşısını almaq baxımından xüsusi önəm kəsb edir. Yeri gəlmişkən, ilkin rəylərdən belə görünür ki, seçkilərin vaxtından tez keçirilməsi barədə YAP Siyasi Şurasının mövqeyi deputatların hər birini qane edir. Kim özünə arxayındırsa, buyursun, növbəti dəfə də şansını sınasın. Ancaq məncə, getmək vaxtı olanlar ölkə rəhbərliyinin olduqca sivil, mədəni ismarıcından nəticə çıxarıb vaxtında kənara çəkilməlidirlər. Onu da qeyd edim ki, dövlət başçısı növbəti dəfə siyasi gündəm yaratmaqla, böyük bir siyasi proseslə bağlı qərar verməklə inqilab arzusunda və gözləntisində olanların istəklərini ürəyində və gözündə qoydu. Məncə, budəfəki seçki olduqca maraqlı seçki olacaq. Təkcə ona görə yox ki, növbədənkənar ilk seçkidir. Ona görə ki, parlament həyatında da yeni mərhələ, yeni dönəmə start verilir və gözləntilər kifayət qədər yüksəkdir. İnanaq ki, siyasi mədəniyyətin yüksək səviyyədə nümayiş olunduğu seçki keçirməklə dostu sevindirib, düşməni pərt edəcəyik, Azərbaycan üçün “əriştə kəsmək istəyən” hansısa xarici dairələrin ölkəmizlə bağlı qaralama kampaniyalarına heç bir şans verməyəcəyik. Dövlətimiz və xalqımız üçün xeyrili olsun!”

 

“Parlamentdə aktiv deputatlara ehtiyac var”

 


Modern.az saytının əməkdaşı Namidə Bingöl:  “Dünən ölkənin siyasi gündəmi monotonluqdan çıxdı. Milli Məclisin buraxılması xəbəri yayıldı və təsdiqini tapdı. Təbii ki, Milli Məclisin də dəyişikliyə çoxdan ehtiyacı var idi. Çünki orada yaşlı deputatların sayının çox olması, bəzi deputatların son illər ictimaiyyətin qınağına tuş gəlməsi dəyişikliyi zəruri edirdi. Ona görə, hesab edirəm ki, parlamentin buraxılması müsbət haldır. Bu o deməkdir ki, biz yeni adlar, yeni simalar görəcəyik. Amma çox istərdim ki, daha aktiv, savadlı, dünyagörüşlü gənclər parlamentdə təmsil olunsunlar. Bu dəfə də seçilən şəxslər gəlib, parlamentdə oturub, çıxıb gedəcəklərsə, bu bizə lazım deyil. Parlamentdə aktiv deputatlara ehtiyac var”.

 

“Açığı mənim üçün gözlənilməz idi”



“Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru Aqil Camal: “Parlament seçkilərinin keçirilməsi ilə bağlı informasiyalar yayılandan sonra bir çox insanlar bunu gözlədiklərini, bəziləri isə bununla bağlı əvvəlcədən proqnoz verdiklərini bildirdilər. Açığı mənim üçün gözlənilməz idi. Düzdür, uzun müddətdir, parlamentin buraxılacağı, növbədənkənar seçkilərin keçiriləcəyi  ilə bağlı mülahizələr səsləndirilirdi. Həmçinin, bir sıra millət vəkillərinin icra orqanlarında rəhbər vəzifələrə təyin olunması da parlamentin səlahiyyət müddətini sona qədər davam etdirməyəcəyinə ehtimal verirdi. Amma  bu qədər tez qərar veriləcəyini gözləmirdim. Bundan sonra bizə qalan yalnız növbədənkənar parlament seçkiilərinin ölkəmizə və xalqımıza xeyirli, düşərli olmasını diləməkdir”.

 

“Vaxtında verilmiş qərardır”

 


Unikal.org saytının əməkdaşı Hüseyn İsgəndərov: “Ölkə başçısının son zamanlar apardığı islahatların fonunda qanuvericilik orqanının yenilənməsi də zərurət idi. Bu baxımdan hesab edirəm ki, parlamentin buraxılması  vaxtında verilmiş qərardır. Parlamentin tərkibinə nəzər salsaq görərik ki, yaşı 70-dən yuxarı olan deputatların sayı kifayət qədər çoxdur. Bu isə indiki çağırışlara cavab vermir. Hətta elə deputatlarımız var ki, təmsil etdikləri bölgənin problemlərini parlament tribunasından səsləndirə bilmir. Bu baxımdan hesab edirəm ki, ölkədə aparılan gəncləşmə siyasəti parlamentə də şamil olunmalıdır. Yeni düşüncəli, yeni təfəkkürə sahib gənclərimiz Milli Məclisdə təmsil olunmalıdırlar.
Əhalinin sosial rifahının daha da yaxşılaşdırılması üçün işlək qanunların hazırlanması və qəbul edilməsinə daha çox ehtiyac var”.


Mən bu qərarı tam normal qarşılayıram

 


Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə: “Mən bu qərarı tam normal qarşılayıram və əslində mənim üçün gözlənilən idi. Gələn ilin sonlarına doğru və ya 2021-ci ildə də daha bir növbədənkənar seçkilərin keçirilməsi ehtimalı da “dünyanın səkkizinci möcüzəsi” hesab olunmamalıdır. Böyük siyasətdə bu cür qısaqapanmalar olub və buna təmkinlə yanaşılmalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi