Modern.az

Həkim oğlu...

Həkim oğlu...

30 Noyabr 2019, 11:38

Valideynlərin dostu, uşaqların mühafizəçisi


Bəri başdan  deyim ki, çoxları kimi mən də müəyyən səbəblərdən  fəxri adların verilməsinin ürəkdən tərəfdarı deyiləm. Amma bu məqamda onu da  tam səmimi etiraf edirəm  ki, bu işıqlı dünyada  hər kəsin yeri ayrıcadır. Axı bu toplumun, bu axının içərisində hər kəsin özünəməxsus yerişi, duruşu olduğu kimi, hər kəsin də özəl yeri var. Hər kəs öz düşüncəsi,  davranışı , hərəkət və əməli ilə öz  portretini yaradır, şəxsiyyətini formalaşdırır. Cəmiyyətdə sayılıb-seçilən şəxslər dövlət tərəfindən də rəsmən fərqləndirilməlidir.

    
Xalqın həmişə hörmət-izzət bəslədiyi, ehtiramla yanaşdığı Asif həkim bu günlərdə rəsmən fərqləndirildi- ona çoxdan layiq olduğu fəxr ad verildi. Asif  Kalbalıyev Azərbaycan Respublikasının “Əməkdar həkimi” fəxri adına layiq görüldü. Onu tanıyanlar mənimlə şərik olarlar ki, onun xalq arasında onsuz da fəxri yeri var idi. İnsanlar onunla  məclis-mərəkədə, xeyir-şərdə əllərini  ürəklərinin üstünə qoyub, bağır basaraq xüsusi ehtiramla görüşür, isti bir  hal-əhval tuturlar. Bu  isti hal-əhval tutmağın, bu salaməleykümün özü çox mətləblərdən xəbər verir. Ona qarşı  xalqın könlündən-gözündən gələn səmimi bir istək, özəl bir  sevgi var. Xalq sevgisi gözlə görünür, lap uzaqdan belə hiss olunur.

     
Ən kiçik yazı belə özlüyündə  bu günün salnaməsi, gələcəyə ünvanlanmış bir namədir. Bu səbəbdən indiki  gəncliyin  diqqətinə çatdırım ki, Asif həkimin  atası Əbil kişi, anası Gözəl xanım Qubadlı rayonunun Göyyal kəndindəndirlər, Sofulu tayfasına mənsubdurlar. Asif  Əbil oğlu Kalbalıyev Laçın rayonunun  məşhur Cicimli kəndində anadan olub. Yenə o müqəddəs torpaqları görməyən gənclərin  yaddaşlarına yazmaları naminə  deyim  ki,  Cicim ocağı Azərbaycan ədəbiyyatının  görkəmli nümayəndəsi, Füzuli ədəbi məktəbinin layiqli davamçısı, bütün türk dünyasının  tanınmış övliyası Şeyx  Mir Həmzə Əfəndi Seyid  Nigarinin dünyaya göz açdığı, böyüyüb boya-başa çatdığı doğma kəndidir. Şeyx  Mir Həmzə Əfəndi Seyid  Nigari  Göyyal camaatı üçün  daha çox doğma və əzizdir. Belə ki,  müqəddəs ocağın görkəmli nümayəndəsi   Şeyx Əfəndi  (Göyyal camaatı Şeyx  Mir Həmzə Əfəndi Seyid  Nigarini belə tanıyırdı) çar Rusiyasının  təqiblərindən yayınıb  Göyyal kəndinin ərazisində yerləşən Hərtiz dağında bir müddət  guşənişin bir həyat yaşamışdır. Sonradan   tanınmış şeyxin Hərtiz dağının zirvəsində  müvəqqəti yaşadığı və üzü qibləyə namaz qıldığı məkan ziyarətgaha çevrilmişdir.

Asif həkimin atası  da həkim idi. Əbil həkim  təyinatla  Laçın rayonunun  Cicimli kəndinə işləməyə göndərilmişdir. Sonra   iş yerini dəyişmiş, uzun illər Qubadlı rayonunun  Hal kəndində işləmişdir. Asif  orta məktəbi Hal kəndində qurtardı. Ötən əsrin 70-ci illərində Hal kənd orta məktəbi  bütün Azərbaycana səs salmışdır. Həmin illərdə məktəbi bitirənlərin əksəri  yüksək qiymətlərlə ölkənin ali məktəblərinə daxil olurdular. Asif də həmin dönəmdə orta məktəbi bitirdi və  Azərbaycan  Dövlət Tibb Universitetinə qəbul  olundu.

 
... Təyinatla Qubadlı rayonunun Xocahan kənd xəstəxanasına göndərildi. İlk əmək fəaliyyətinə buranın baş həkimi kimi başladı. Sonra onu yenicə tikilib istifadə verilmiş Qubadlı Rayon  Mərkəzi Xəstəxanasına dəvət etdilər. Burada ona daha çox ehtiyac var idi. Xəstəxananın  pediatriya şöbəsini ona etibar etdilər. Qubadlının işğalından sonra həkimlik fəaliyyətini Sumqayıtda davam etdirir.

Bu  qısa qeydlər Asif həkimin ömürlüyündən çox kiçik epizodlardır. Onun  avtobioqrafiyası barədə lap geniş yazmaq olar, ancaq bu ömür-günün hiss-həyəcanını, duyğu-düşüncəsini, əzab-əziyyətini sözlə ifadə etmək isə çox müşkül məsələdir. Onun yuxusuz gecələrində yaşadığı  hissləri, keçirdiyi təlaş və həyəcanın  rəsmini çəkmək isə mümkün deyildir. Bax  çətinlik budur.

 

Həkim ailəsində dünyaya göz açan  Asif  el-oba camaatının həkimə  isti münasibət bəslədiyini, xüsusi diqqət  yetirdiyinin hər  gün şahidi olurdu. Yeri gəlmişkən onu da qeyd edək ki, Asifin həkimlik peşəsini sevməsində və seçməsində atasının  xüsusi rolu olmuşdur. Əbil həkim bütün övladlarının təlim-tərbiyəsi və təhsilinə xüsusi önəm vermiş və onları daim  gələcəyə istiqamətləndirmişdir. Asif uşaqlıqdan bu yüksək amal- həkim olmaq arzusu ilə böyümüş və böyüdülmüşdür.  İnsan candan-qandan bir işə bağlandıqda, peşəsini sidq ürəkdən  sevdikdə-bu, onun həyat tərzinə çevrilir. Əyninə ağ xalat geyindiyi gündən həkimlik Asif Kalbalıyevin həyat tərzinə çevrildi. Peşənin  insanın həyat tərzinə çevrilməsindən daha çox cəmiyyət faydalanır. Bütün insanların bu və ya digər dərəcədə cəmiyyət qarşısında   peşə, sənət və ən ümdəsi bir mənəvi borcu vardır. Elə peşə və sənətlər vardır ki, cəmiyyət onların fəaliyyəti olmadan bu və ya digər formada keçinə bilər. Həkimlik isə tamam fərqli bir sənətdir. Adını unutduğum düha sahiblərindən biri ,çox doğru olaraq, buyurub ki, cəmiyyət həkimsiz və hakimsiz keçinə bilməz. Digər sənət və peşələrin daşıyıcılarından  fərqli olaraq həkimlər özlərindən çox, başqaları, ümumən cəmiyyət üçün yaşayırlar.

   
Yadımdadır, Qubadlıda gecənin istənilən vaxtında  Asif həkim şirin yuxuda olanda  təlaş və həyəcanla onun qapısını döyər, yuxudan oyadardılar. O, xarakterinə sadiq bir adam kimi səbir və təmkinlə xəstə uşaqları müayinə edər, məsləhət verər, dərman-dava yazar və gülərüzlə yola salardı. Onun bir insan kimi  təqdirəlayiq ən böyük keyfiyyətlərindən  biri də budur. Həkim və bir insan kimi ona başucalığı və hörmət –izzət gətirən səbəblərdən biri  elə bu sadəlik və səmimiyyət olmuşdur. Asif həkim bu el-oba məhəbbətini, xalq sevgisini elə bu yuxusuz gecələrində  insanlara qarşı sərgilədiyi diqqət və qayğısı, yüksək mədəniyyəti, əxlaqi dəyərləri hesabına qazanıb. Onu tanıyanlar mənimlə şərik olarlar ki, onlarla dilsiz-ağızsız körpəni ölümün pəncəsindən elə həmin  gecələrdə xilas edib. Yaxından-uzaqdan tanıdığım neçə valideyninin  söhbətlərinin gerçək şahidiyəm: ” Uşaq ölümcül xəstə idi, Allahdan aşağı, Asif həkim həyata qaytardı”. Bu  etiraf nidalarını  Asif həkimi tanıyanların çoxları eşitmiş olar. Bu məqamda onu da əminliklə deyə bilərəm ki, Asif həkimi tanıyanların çoxu bu etirafların tam səmimi olduğunu təsdiqləyər.  O da yadımdadır ki, vaxtilə Qubadlıda  işıq üzü görən “ Avanqard” qəzetində Asif həkimlə bağlı bir neçə dəfə  valideynlər tərəfindən yazılmış  təşəkkür məktublarını oxumuşam.


O da yadımdadır ki, onun qəbuluna təkcə Qubadlıdan yox, qonşu  rayonlardan- Laçından, Zəngilandan, Cəbrayıldan da  müalicə üçün uşaqlar gətirirdilər.

   
Asif həkimdə əsl həkimə (pediatra) məxsus bir xarakter vardır.  Dünyaca  məşhur Hippokratın  həkim barədə söylədiyi  sözlər hələ də öz dəyərini qoruyub saxlayır:

“Həkim soyuqqanlı, xoşxasiyyət və insanpərvər olmalıdır”. Asif həkim də zahirən  fleqmatik görünür, səbir və təmkini ilə diqqəti cəlb edir. Bəli, o, həqiqətən, səbatlı  insandır. Amma mənim qənaətimcə, daxilən coşqun, səmimi, diqqətli və qayğıkeş, son dərəcə məsuliyyətli bir insandır. Bu çətin və məsuliyyətli işində Asif həkimə uğurlar diləyirik.

 

  Xeybər GÖYYALLI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub