Modern.az

Azərbaycanda çalışan miqrantlar - fəhlələr, “importnu dayələr”, türk aqronomlar... 

Azərbaycanda çalışan miqrantlar - fəhlələr, “importnu dayələr”, türk aqronomlar... 

9 Dekabr 2019, 13:54

Son vaxtlar azərbaycanlıların xaricdə təhsil, iş, karyera qurmaq istəkləri getdikcə artır. Eyni zamanda, xaricdən Azərbayana işləmək üçün miqrasiya edənlər də az deyil. Azərbayacana tikinti, biznes sektorunda çalışmaq üçün üz tutanlarla yanaşı, xarici dayə, bağbanlara üstünlük verən həmvətənlərimiz də az deyil. Təbii ki, bunu edənlər quru maaşa işləyib, hər ayın müəyyən günü alacağı əməkhaqqına gözünü dikənlər deyil, daha çox gəliri olan, hətta bu gəlirləri xarici dayə axtarışına sərf edənlərdir. Arqument isə çox primitivdir: “Uşaq xarici dayənin yanında daha təfəkkürlü olacaq, onun istifadə etdiyi dili öyrənəcək, bir sözlə uşaq tamamilə başqa ruhda böyüyəcək”.

 

Əməkçi miqrantların sayı ...

 

Dövlət Miqrasiya Xidmətinin rəsmi məlumatlarına görə, 2019-cu ilin avqustunda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı müraciətlərinin sayı 81861 olub. 3487 müraciət isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması)  ilə bağlıdır. Ümumilikdə 2502 müraciətdə şəxsin Azərbaycanın vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib.

 

Hesabat dövründə Azərbaycan miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayı – 1788, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənarda inzibati qaydada çıxarılmamaqla bağlı qəbul edilmiş qərarların sayı isə 950-dir. Tətbiq olunan cəriməni ödəməklə 690 əcnəbi Azərbaycanı tərk edib. 260 nəfər isə Azərbaycanda yaşamasını qanuniləşdirib. Bu ilin avqust ayında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 8 müraciətə baxılıb.

 

Əcnəbi işçilərin çalışdığı yerlər - tikinti, ticarət...

 


Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elnur Kələntərov Modern.az-ın sorğusuna cavabında deyib ki, əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydaları Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli, 124 nömrəli qərarı ilə tənzimlənir:

 

“Həmin Qaydalar Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması ilə bağlı əmək miqrasiyası kvotasının formalaşdırılması şərtlərini və qaydasını müəyyən edir. Bundan əlavə, işəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatını müəyyən etmək məqsədi ilə əcnəbi işçi qüvvəsini cəlb etmək niyyətində olan işəgötürənlər hər il may ayının 1-dək Dövlət Miqrasiya Xidmətinə növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat (forma əlavə olunur) təqdim edirlər”.


Şöbə rəisinin sözlərinə görə, Azərbaycan ərazisində iş icazəsi əsasında işləyən əməkçi miqrantlar əsasən “Tikinti” ,“Mədənçıxartma”, “Emal sənayesi”, “Topdan və pərakəndə ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Yaşayışın təşkili və ictimai iaşə” və.s sahələrdə fəaliyyət göstərirlər.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2019-cu il üzrə əcnəbi vətəndaşlığı olmayanların əmək fəaliyyətilə məşğul olması üçün 6800 yer üçün kvota ayrılıb.

 

 

 

Qeyd edək ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir.

 

Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

- 3 ayadək     350 manat

- 6 ayadək     600 manat

- 1 ilədək       1000 manat - məbləğində dövlət rüsumu tələb olunur.

 

Əmək vizası, iş icazəsi, türk aqronomlar...

 

Dövlət Miqrasiya Xidməti yanında İctima Şuranın sədri Azər Allahverənov bildirib ki, əcnəbilər əmək fəaliyyətilə məşğul olmaq üçün ilk növbədə əmək vizası almalıdırlar:

 


“Bundan sonra əmək fəaliyyətilə məşğul olmaq üçün aidiyyatı strukturlara müraciət edə bilərlər. Birincisi, əcnəbilər əmək kvotası daxilində əmək fəaliyyətilə məşğul olurlar. Əmək kvotası iqtisadiyyatın müxtəlif sahələri üzrə xarici mütəxəssislərin tələb olunduğu sahələri və sayı göstərən bir alətdir. Əmək kvotası dolduqda həmin sahələrdə müəyyən həddən artıq əcnəbi çalışa bilməz. Yaxud əcnəbi ölkə ərazisinə daxil olur, aidiyyatı üzrə iş tapır, yaxud özü üçün iş qurur. Aidiyyatı qurumlara müraiət edir. İş icazəsi alınması ilə bağlı əgər hər hansı bir işçi işverən tərəfdən işlə təmin olunursa, həmin tərəf Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. İş icazəsi alındıqdan sonra əcnəbi əmək fəaliyyətilə məşğul ola bilər. İki ssenari üzrə əmək fəaliyyətilə məğul olmaq məsələsi var. O ki qaldı əcnəbi işçilərin konkret sayına, 2019-cu il üzrə ayrıan 6800 nəfərlik əmək kvotası dolub.

 

Bundan başqa, kvotadan kənar-ikinci sxem üzrə əmək fəaliyyətilə məşğul olan əcnəbilər də var. Tikinti sektorunda, ticarət, müxtəlif xidmət sahələrində həmin əcnəbiləri görə bilərik. Onlar barəsində informasiya Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində yer alır. 2019-cu il 1 yanvar tarixinə olan məlumata görə, 2018-ci ildə Azərbaycanda əmək fəaliyyətilə məşğul olan əcnəbilərin sayı 30 mindən yuxarı olub. Bunlar həm əmək kvotası daxilində işlə təmin olunanlar, həm də əmək kvotasından kənar fəaliyyətlə məğul olanlardır. Neft-qaz, mədən, tikinti sektorunda əmək fəaliyyətilə məğul olan əcnəbilərin sayı hiss ediləcək dərəcədə çoxdur. Təbii ki, ticarət, xidmət sahələrində, gözəllik salonlarında da əcnəbilərə rast gəlirik. Bununla yanaşı, kənd təsərrüfatı sahəsində əmək fəaliyyətilə məşğul olan əcnəbilər, xüsusilə Türkiyə vətəndaşları üstünlük təşkil edir. Türkiyədən ölkəmizə gəlib aqronom kimi çalışanların sayı getdikcə artmaqdadır. Bir tərəfdən yaxşıdır ki, qeyri-neft sektorunda əcnəbi mütəxəssislərin təcrübələri öyrənilir. Digər tərəfdən, turizm sahəsində də xüsusi startegiya var. Bu startegiyada xaricdə fəaliyyət göstərən turizm şirkətlərinin ölkə ərazisində fəaliyyəti təşviq edilir. Turizm şirkətlərində çalışan Türkiyədən, İrandan, Ərəb ölkələrindən olan şəxslər var. Bununla yanaşı, logistika sahəsində də çalışan əcnəbilərin sayı hiss olunacaq dərəcədə çoxdur. Nəqliyyat sektorunda, xüsusilə beynəlxalq daşımalarda əcnəbilərə üstünlük verilir. Azərbaycanda qeydiyyatda olan daşıyıcı şirkətlərdə əmək fəaliyyətilə məşğul olanların içərisində Türkiyədən gələnlər üstünlük təşkil edir”.

 

Azyaşlılar, xarici dil, “importnu dayə”

 

 

Ekspert qeyd edib ki, vaxtilə Azərbaycana əcnəbi dayələrin cəlb olunması tendensiyası geniş vüsət almışdı:

 

“Xüsusilə Cənubi-Şərqi Asiya ölkələrindən insanlar dayəliyə cəlb edilirdi. Üstünlük verilməsinə əsas səbəb kimi də dayələrin xarici dil daşıyıcılığı əsas götürlürdü.Onları işə cəlb edən valideynlər maraqlı idi ki, dayənin xarici dil bilikləri çox olsun və onun övladı da həmin dayə sayəsində daha dil öyrənsin, danışmaq bacarıqlarını uşaq yaşlarından inkişaf etdirsinlər.

 

Həmçinin, kənd təsərrüfatı sahəsinə yüksək məvaciblə cəlb olunan xarici vətəndaşlar var. Hətta bölgələrdə bu, geniş vüsət alıb. Ola bilər ki, Azərbaycana son zamanlar gətirilən ekzotik bitkilərin yetişdirilməsi və becərilməsi həmin əcnəbi bağbanlar tərəfindən həyata keçirilsin. Ola bilər və bunu istisna etmirəm”.

 

Qeyri-qanuni əməyə cəlbetmə faktlarında artım

 

A.Allahverənov  qeyd edib ki, Azərbaycanın da qoşulduğu “Əməkçi miqrantların və onların ailələrinin hüquqlarının müdafiəsi üzrə” konvensiyaya görə, ölkə ərazisində əmək fəaliyyətilə məşğul olan əcnəbilərin hüquqları hökumət tərəfindən qorunur:

 

“Amma konret olaraq Azərbycanın “bu il filan sayda xarci miqrantı işlə təmin edəcək” öhdəliyi yoxdur. O ki qaldı əmək bazarındakı gərginliyə, Azərbaycanın hüdudlarından kənarda daha çox azərbaycanlı əmək fəaliyyətilə məşğul olur, nəninki ölkəmiz daxilində əcnəbilər.

 

Bu gün Rusiya Federasiyasında 300 mindən çox azərbaycanlı əmək fəaliyyətilə məşğul olur. Onların böyük bir qismi rəsmi surətdə əmək patentləri hesabına, digər qismi isə Rusiya qanunvericiyilinin verdiyi imkanlardan istifadə edərək öz bizneslərini kənardan idarə etməyə müvəffəq olublar. Amma bunların hamısı müvəqqəti gedənlər deyil. Müəyyən qisim var ki, orada daimi yaşayır, oxuyur, işini qurub və s. Kvota o zaman tətbiq edilməlidir ki, yerli bazarda həmin vakant yerlərə yerli mütəxəssislər tapılmır. Tapılmadığı təqdirdə əcnəbilər cəlb olunur. Bu o deməkdir ki, bizim o sahədə əcnəbilərə ehtiyac yaranıb. Dünyanın hər yerində əmək fəaliyyətilə məşğul olan əcnəbilər var. Bunun üstünlükləri bilik və bacarıqların bölüşdürülməsi, yeni təcrüblərin tətbiqi baxımından olduqca əlverişlidir. Doğrudur, müəyyən mənada kapital axını olması baxımından maddi cəhətdən bizə sərf edən bir hal deyil. Amma kapital axını hesabına ölkəyə yeni kadrlar gətirə bilərik və onlar bizim öz kadrlarımızı hazırlayarlar və gələn il həmin əcnəbilərə ehtiyacımız qalmaz.

 

Əncəbilərin işə cəlb olunması zamanı hansısa işverən qurum bu və ya digər şəkildə qeyri-qanuni əmək fəaliyyətinə cəlb edilə bilər. Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyinin Qeyri-qanuni əmək fəaliyyətilə məşğul olan aidiyyatı stkruturları, o cümlədən Əmək Müfəttişliyi zaman-zaman bu cür reydlər keçirirlər. Və bu halların qarşısını alırlar. Dövlət Miqrasiya Xidmətinin verdiyi statsitik rəqəmlərdə bu ilin 9 ayında əcnbi və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 71 fakt qeydə alınıb. 2018-ci ildə 55 belə fakt qeydə alınıb. Qeyri-qanuni əmək fəaliyyətinə cəlb etmə faktları artıb”.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər