Modern.az

“İtirilmiş  torpaqlarımız...” silsiləsindən - Cəbrayılın kəndləri ermənilərə necə verildi... - VIII YAZI

“İtirilmiş  torpaqlarımız...” silsiləsindən - Cəbrayılın kəndləri ermənilərə necə verildi... - VIII YAZI

10 Dekabr 2019, 10:30

1929-cu ilədək  inzibati-ərazi bölgüsü kimi mövcud olmuş qəza idarəetmə forması  Qarabağın dağlıq hissəsində 07 iyul 1923-cü il tarixdə yaradılmış Muxtar Vilayət hüququnda  (26 noyabr 1991-ci ildə Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilmişdir) dəyişdirildikdə Cəbrayıl qəzasının müsəlman-türk əhalisindən ibarət olan kəndləri  Xocavənd (əvvəllər Ağoğlan kəndi, sonralar Hadrut adlandırılıb) nahiyəsinin erməni idarəetmə sisteminə daxil edilib.

1923-cü ilədək Cəbrayıl qəzasının tərkibində olan Sur, Banazur, Zamzur, Hərəkül (əslində “Ağagül” toponimidir), Dolanlar, Cilan, Mülkədərə, Daşbaşı, Əfəndilər, Binyətli... kəndləri (göründüyü kimi, bu kəndlərin adlarının etno-morfo mənşəyi bütünlüklə türk toponimlərindən ibarətdir) alınaraq hay kilsə-daşnak idarəetmə hüququna aid edilib. 

   
1918-1920-ci illərdə hay-daşnak quldurlarının bu kəndlərə silahlı basqınlarından sonra hay ailələri bu obalara yığışıb və müsəlman-türk əhalsinin öz doğma dədə-baba ocağına qayıtmasına imkan verməyiblər (Cəbrayıl nahiyəsində 250-dək evi olan Quşçular kəndinin əhalisini qırmaqla bu kəndi yer üzündən siliblər).

  
1945-ci ildən sonra Xocavənd  nahiyəsinin Mülkədərə kəndində yuva qurmuş haylar qonşu Cəbrayıl rayonunun Yuxarı Məzrə kəndinin əkin torpaqlarına bitişik (kəndin 1 km-də, “Qarababa ocağı” yaxınlığında) hissədə 15 hektar sahədə üzüm bağı salmışdılar. Bu daşnak kəndinin hayları eləcə də Məlikli və Tatar kəndlərinin də torpaqlarını qanunsuz olaraq əkib-biçirdi. Belə ki, Aşıq Məlikli kəndinin qənşərində, 100 metr aralıda üzüm bağı salmış və mal ferması tikilmiş, Tatar kəndinin örüşündə isə naxırlarını otarır,  torpaqlarında da taxıl əkirdilər. Bu təsərrüfat sahələrini bəhanə edərək,  haylar adı çəkilən kəndlərinin 26 Bakı komissarları adına və “Dostluq” kolxozlarının kənd təsərrüfatına yararlı torpaqlarında süni şəkildə gediş-gəliş yollarını genişləndirmiş, əlavə texniki vasitələrin tətbiqini intensiv şəkildə  qəsdən artırmışdılar.

   
Qeyd etmək lazımdır ki,   Cəbrayıl qəzasının tərkibində olan  həm də Ağoğlan, Ədilli, Ağcakənd, Şahyeri, Binədərəsi... kəndlərinin ərazisi də 1923-cü ildən etibarən hay-kilsə idarəetməsinə təhvil verilmiş, hətta min hektaradək ərazi Cəbrayıl rayonuna aid anklav kimi hay ərazilərinin əhatəsində saxlanılmışdır.

 

(Yazının hazırlanmasında Cəbrayıl  rayonunun Yuxarı Məzrə  kənd sakini   Xanoğlan Təhməz oğlu Əliyevin (1935) və Soltanlı kənd sakini Çapar Babaş oğlu Kazımovun (1962) məlumatlarından  istifadə edilib.)

           
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050 -372-60-08)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi