Modern.az

"Biz münaqişənin dondurulmuş prosesə çevrilməsinə yol verə bilmərik"

"Biz münaqişənin dondurulmuş prosesə çevrilməsinə yol verə bilmərik"

Təhsil

29 Dekabr 2009, 10:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın “Vesti” telekanalına müsahibə verib. Modern.az AzərTAc-a istinadən xəbər verir ki, həmin müsahibədə İlham Əliyev Ermənistan və Azərbaycan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar məsələsinə də toxunub.

Azərbaycan Prezidenti deyib: - Bəzi məsələlərdə mövqelər yaxınlaşır, digərlərində yox. Buna görə də mən bu ili münaqişənin tənzimlənməsi baxımından müsbət səciyyələndirərdim. Lakin o, daha müsbət ola bilərdi. Ona görə ki, hələ 2008-ci ildə Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqlar aparılmış və münaqişənin tənzimlənməsi haqqında birgə bəyannamə, o cümlədən Rusiya Federasiyası tərəfindən də imzalanmışdır. Həmin sənəddə dəqiq müəyyən edilmişdir ki, münaqişə beynəlxalq hüququn prinsipləri və normaları, beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında tənzimlənməlidir. Bunlar hansı qərar və qətnamələrdir? Təbii ki, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsidir. Artıq iyirmi ilə yaxındır ki, bu qətnamələr yerinə yetirilmir. Yəni əsas məsələ budur – Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması, köçkünlərin və qaçqınların öz torpaqlarına qayıtması üçün imkan yaradılması. Təəssüf ki, 2009-cu ilə bəslənilən ümidlər bizim güman etdiyimiz dərəcədə doğrulmadı. Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatı, ümumiyyətlə, əlamətdar hadisə idi. 1994-cü ildə atəşkəs haqqında saziş imzalanandan sonra bu, ilk birgə sənəd idi. Yəni 2009-cu ildə məsələni həll edəcəyimizə, heç olmasa, baza prinsiplərini razılaşdıracağımıza ümid var idi. Lakin bu ümidlər doğrulmadı. Özü də bizim günahımız üzündən yox. Buna görə də 2010-cu il üçün müəyyən nikbinlik vardır. Bu onunla bağlıdır ki, Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusu beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilmişdir. Ola bilsin ki, əvvəllər bunu tam anlamayanların çoxuna aydın oldu ki, Ermənistan-Azərbaycan münaqişəsi tənzimlənmədən digər regional problemlərin heç birini həll etmək mümkün olmayacaqdır. Yəni, bu, əsas səbəbdir. Bu səbəb aradan qaldırılmadan regionda əlverişli əməkdaşlıq şəraiti yaradılması, təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi mümkün deyildir. Bu münaqişəni tənzimləmək üçün isə sadəcə olaraq Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməli, işğalçı qüvvələrini Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərdən çıxarmalıdır. Bundan sonra regionda sülh və əməkdaşlıq bərqərar ola bilər. Ümidvarıq ki, 2010-cu ildə əsas mövqeləri razılaşdıra biləcəyik. Lakin biz danışıqların permanent prosesə çevrilməsinin qəti əleyhinəyik. Danışıqlar 1992-ci ildən - ATƏT-in Minsk qrupu yaradılan vaxtdan aparılır. 1994-cü ildə atəşkəs haqqında saziş bağlanmışdır. On beş il keçmişdir, irəliləyiş var, lakin nəticə yoxdur. Buna görə də biz bu münaqişənin, sözün tam mənasında, dondurulmuş prosesə çevrilməsinə yol verə bilmərik. Onilliklər boyu davam edən başqa münaqişələrin taleyi təkrarlanmamalıdır. Biz buna heç vaxt razı olmayacağıq. Buna görə də hesab edirəm ki, əgər Ermənistan tərəfindən konstruktivizm və ən başlıcası, sağlam düşüncə nümayiş etdirilsə, gələn il biz irəliləyə bilərik.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı