Modern.az

Azad sahibkarlığın inkişafı üçün hansı işlər görülməlidir?

Azad sahibkarlığın inkişafı üçün hansı işlər görülməlidir?

12 Dekabr 2019, 13:50

 

Son illər Azərbaycanda kiçik və orta sahibkarlığa dövlət dəstəyi nəzərəçarpan dərəcədə artmaqdadır. Bununla belə müəyyən səbəblərdən azad sahibkarlığın inkişafı ilə bağlı problemlər qalmaqdadır.

Bəs görəsən, iqtisadçılar kiçik və orta sahibkarlığın vəziyyətini, onlara dövlət dəstəyini necə qiymətləndirirlər? Elə bu sualla bir neçə ekspertə müraciət etdik.

Beşinci çağırış Milli Məclisin deputatı, iqtisadçı alim Əli  Məsimli hesab edir ki, Azərbaycanda sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı istiqamətində xeyli iş görülüb. Ölkədə 200 mindən artıq kiçik sahibkarlıq subyekti, o cümlədən 14 mindən artıq kiçik müəssisə fəaliyyət göstərdiyini qeyd edən Ə.Məsimli hesab edir ki, bununla belə, hələlik Azərbaycanda istehsal olunan məhsulda kiçik biznesin xüsusi çəkisi, eləcə də qabaqcıl texnika və texnologiyanın istehsala tətbiqi və sair bu cür mühüm göstəricilər üzrə kiçik və orta sahibkarlığın payı sosial-iqtisadi tərəqqiyə güclü təkan vermək səviyyəsinə çatmayıb:

“Təkcə onu qeyd etmək kifayətdir ki, ölkədə kiçik müəssisələr vasitəsilə istehsal olunan  məhsul  ÜDM-in 5%-nin altındadır və orada çalışanların çoxunun maaşları 300 manatdan aşağıdır. Fərdi sahibkarların təsərrüfat fəaliyyətinin nəticələrini də bura əlavə etsək, yenə kiçik biznesin səmərəli fəaliyyətini xarakterizə edən həmin beynəlxalq göstəricilərdən çox uzağıq. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri vardır. Aparılan sosioloji tədqiqatların nəticələri göstərir ki, məmur müdaxilələri, sağlam rəqabət mühitinin yetərli səviyyədə olmaması, kredit resurslarının bütün sahibkarlar üçün eyni dərəcədə əlçatan olmaması, vergi yükünün ağırlığı, hüquqi-normativ baza sahəsindəki çatışmazlıqlar sahibkarlığın inkişafına mane olan amillər arasında daha ciddi xarakter  daşıyır”.

 

Ə.Məsimli həmçinin bildirdi ki, sahibkarlığın dövlət tərəfindən dəstəklənməsinin  hüquqi normativ bazasının ayrı-ayrı elementləri daim təzələnsə də, hazırda fəaliyyət göstərən normativ hüquqi baza bütövlükdə götürüldükdə sahibkarlığın qarşısında duran problemlərin həllinin sürətləndirilməsi üçün bir sıra məqamlarına görə yetərli deyil.

Onun sözlərinə görə, hazırda Azərbaycanda sahibkarlığın inkişafı üzrə orta qanunvericilik bazası formalaşıb və onun təkmilləşdirilməsi istiqamətində sistemli olmasa da, müəyyən iş gedir. İqtisadçı alim hesab edir ki, Azərbaycanda bu sahədə əsas problem  hüquqi normativ aktın olmaması yox, mövcud qanunların tam gücü ilə səmərəli işləməməsidir:

“Bu ciddi problemi həll etməkdən ötrü ölkədə iqtisadi və hüquqi islahatlar dərinləşdirilməlidir, hökumət strukturlarının fəaliyyətinin səmərəliliyi və şəffaflığı artırılmalıdır, koordinasiyası gücləndirilməlidir. Bundan başqa hüququn aliliyinin təmin edilməsinə yönəldilən səylər artırılmalı, müstəqil məhkəmə sisteminin formalaşması istiqamətində işlər intensivləşdirilməlidir. Hesab edirəm ki, sahibkarlığın inkişafı və dəstəklənməsinə dair yeni qanunların qəbul edilməsi, köhnə qanunların təkmilləşdirilməsi, qanunlardakı boşluqların, eləcə də hüquqi normativ aktlar arasında ziddiyyətlərin aradan qaldırılması istiqamətində sistemli iş aparılmalı, normativ hüquqi aktların sui istifadəsi, maraqların konflikti məsələlərinə diqqət artırılmalı, qanunlar qəbul edilməzdən əvvəl ictimai müzakirədən keçirilməsi praktikası genişləndirilməlidir. Biz azad azad sahibkarlığın inkişafı üçün Rəqabət Məcəlləsini də qəbul etməliyik. Yəni azad sahibkarlığın qarşısında duran məneələrin aradan qaldırılması, inhisarçılığa, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vergi yükünün azaldılması, sahibkarlar üçün kredtlərin şərtlərinin yumşaldılmsı, faiz dərəcələrinin ədalətliliyinin təmin edilməsi istiqamətlərdə təsirli tədbirlər görülməlidir”.

 

Beşinci çağırış Milli Məclisin deputatı Vahid Əhmədov da hesab edir ki, Azərbaycanda sahibkarlıqla əlaqədar müsbət proseslər həddən artıq çoxdur.

“Yəni qanunları qəbul etmişik, qanunlar var. Fermerlərə kredit verilməsində elə də ciddi problemlər yoxdur. Yəni Azərbaycanda sahibkarlıq üçün vəsait var. Düzdür, sahibkarlara müəyyən orqanlar tərəfindən müəyyən problemlər yaradılır, amma ümumi götürəndə işləmək mümkündür” deyən iqtisadçı deputat sahibkarların maliyyə qaynaqlarına çıxış imkanları ilə bağlı müəyyən problemlərin olduğunu da bildidi:

 

“Bu problemləri biz bilirik, bu problemlərlə biz mütəmadi olaraq rastlaşırıq. Bizə müraciət eləyənlər də çoxdur. Burada problem əsasən sahibkarın aldığı kreditlərin qaytarılması ilə bağlıdır. Orada faiz dərəcəsi yüksəkdir. Müəyyən banklarla problemlər yaranır. Amma bunlar da işgüzar səviyyədə həll olunan məsələlərdi. Vaxt gələcək bunlar da öz həllini tapacaq”.

 

V.Əhmədov güzəştli kreditlərin daha çox kənd təsərrüfatına ayrılmasının tərəfdarıdır:

“Mənə elə gəlir ki, bu saat əsas kənd təsərrüfatına diqqət yetirmək lazımdır. Kənd təsərrüfatı əsas sahədir. Dövlət başçısının ərzaq təhlükəsizliyi ilə əlaqədar proqramı var. Azərbaycanı ərzaqla təmin etmək üçün kənd təsərrüftaına diqqəti artırmaq lazımdır. Kənd təsərrüfatı həm qeyri-neft sektorudur, həm dəki Azərbaycan müharibə şəraitində olan dövlətdir, heç olmasa özünü 80-90 faiz ərzaqla təmin etməlidir”.

 

İqtisadçı professor Əli Əlirzayev hesab edir ki, ölkədə sahibkarlıq haqqında qanunlar, normativ hüquqi sənədlər olmasına baxmayaraq, sahibkarlığın inkişafının problemləri var. Onun sözlərinə görə, bu, təkcə dövlət tənzimlənməsinə aid deyil:

“Sahibkarlığın problemləri əsasən ondan ibarətdir ki, onların dövlətlə münasibətləri, bir-birinə olan münasibətlər, istehsal istiqamətləri, bazar münasibətləri, yəni istehsal olunmuş məhsulun, xidmətin bazara çıxarılması, onun üçün alıcı tapılması, yerləşdirilməsi kimi problemləri var. Həmçinin bazar iqtisadiyyatının da problemləri də var. Əlbəttə bu gün makroiqtisadi səviyyədə götürsək, bazar tipli iqtisadiyyat modelinə uyğun olaraq kiçik sahibkarlığa diqqət qaneedici deyil. Məsələn, sahibkarlıq məhsulu, sahibkarlıqla məşğulluq və ya sahibkarlığın dövlət büdcəsində hələ kifayət qədər deyil. Əgər başqa ölkələrdə Ümüm Daxili Məhsulun (ÜDM) 60-70 faizini kiçik sahibkarlıq təmin edirsə, Azərbaycanda bu çox aşağıdır. Yəni bu gün kiçik sahibkarlıq iqtisadiyyatın motoru rolunu, yəni aparıcı həlqə rolunu oynamır. Bax, bu kimi məsələlər var. Ona görə də hesab etmirəm ki, bu gün Azərbaycanda sahibkarlıq tamamilə başqa ölkələrdə olduğu kimidir”.

Ə.Əlirzayev bildirdi ki, sahibkarlığın tənzimlənməsi və idarə olunmasında dövlətin də müəyyən mənada çatışmayan cəhətləri var. Onun sözlərinə görə, yenə də sahibkarlara müəyyən müdaxilələr olur, yenə də sahibkarlara diqtələr olur, sahibkarlığın maliyyə əsasları bəzən düzgün istiqamətdə olmur, Maliyyə Nazirliyi, başqa maliyyə orqanları da sahibkarlığın inkişafına istənilən qədər şərait yaratmır, kredit münasibətləri düzgün qurulmur:

“Yəni, bunlar dövlət tənzimlənməsi atributları olaraq hələ tamamilə mükəmməl inkişaf eləməyib və yaxud da müəyən əngəllər var. Bu əngəllər də inzibatçılıq əngəllərdi, özəlləşdirmədə olan əngəllərdi. Sahibkarların kredit resursları ilə təmin olunması, sahibkarlıq məhsullarının satılması, alınması, yerləşdirilməsi, qablaşdırılmasında problemlər qalmaqdadır. Çünki dövlət tənzimlənməsinin rıçaqları hələ də inkişaf etməyib. Ona görə də sahibkarlıq Azərbaycanda demək olar ki, aparıcı həlqə rolunu oynamır. Amma ideya, məqsəd kimi sahibkarlıq bazar iqtisadiyatının əsas istiqamətidir, biz buna gedirik və getməliyik”.

 

İqtisadçı Vüqar Bayramov isə bildirdi ki, Azərbaycanda sahibkarların hüquqlarının qorunması ilə qanunvericiliyin təkmilləşdirilməsi vacibdir.

“Məsələn, Rəqabət Məcəlləsinin qəbuluna ehtiyac var. Azərbaycanda Rəqabət Məcəlləsi layihəsi xeyli müddətdir ki, müzakirə olunur, amma bu günədək bu məcəllənin qəbulu həyata keçirilməyib. Rəqabət Məcəlləsinin qəbulu ona görə vacibdir ki, məhz bu Məcəllə biznes sektorunda rəqabətin müdafiəsini həyata keçirəcək. Gürcüstanda Rəqabət Məcəlləsi ilə yanaşı, eyni zamanda Rəqabətin Müdafiəsi Agentliyi var. Bu agentlik istehlak bazarında, ölkə iqtisadiyyatında rəqabətin müdafiə olunmasını həyata keçirir. Azərbaycanda da eyni sistemin tətbiq edilməsinə ehtiyac var. Təbii ki, Rəqabət Məcəlləsinin qəbulu olduqca əhəmiyyətlidir. Nəzərə alsaq ki, bir sıra sektorlarda həm təbii, həm süni inhisarlar var, ona görə də Rəqabət Məcəlləsinin qəbuluna ehtiyac var. İkincisi, bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi vacibdir. Azərbaycanda lisenziyaların sayının azaldılmasına ehtiyac var. Azərbaycanda lisenziyaların sayı sektorlar üzrə birləşdirilməlidir. O baxımdan təbii ki, birmənalı şəkildə qanunvericiliyin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətini stimullaşdıran, bürokratik əngəllərin azaldılması, sahibkarlıq fəaliyyətinə müdaxilələrin azaldılması, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsini nəzərdə tutan qanunvericilik aktlarının qəbulu və bu boşluqların aradan qadırılmasına ehtiyac var. Bu təkmilləşmə birmənalı şəkildə sahibkarlıq fəaliyyətinin müdafiəsini nəzərdə tutmalıdır”.

 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə bildirdi ki, hər bir ölkənin itisadiyyatının inkişafı orta və kiçik sahibkarlığın üzərində qurulub.

 

“Hansı öıkədə orta və kiçik sahibkarlıq inkişaf edirsə həmin ölkədə rəqabət mühiti yaranır və rəqabət mühiti də nəticədə insanların ucuz mal və keyfiyyətli məhsul almasına səbəb olur. Bu səviyyədə olan təsərrüfat subyektləri əgər inkişaf etmirsə, deməli həmin ölkədə yüksək dərəcədə inhisarçılıq var. Bu manopoliya isə ona gətirib çıxarır ki, bazarda qiymətlər diqtə olunur. Müəyyən qrup şirkətlər bazara kənar insanların buraxılmasına imkan vermir. Bu gün Azərbaycanda orta və kiçik sahibkarlığın arzuolunan səviyyədə inkişaf etməməsinin nəticəsidir ki, ölkədə qiymətlər bir sıra dövlətlərlə müqayisədə çox yüksəkdir. Bu da insanların yaşayış səviyyəsinə mənfi təsir göstərir. Bu baxımdan dövlət rəqabət mühitinin inkişaf etdirməlidir. Bunun üçün də qanunvericilikdın doğan bir sıra qanunlar çox təəssüf ki, öz həllini tapmayıb. Rəqabət Məcəlləsinin qəbulu Azərbaycanda rəqabət mühitinin inkişaf etdirilməsi, inhisarlığın arada qaldırılması istiqamətində əhəmiyyətli rol oynaya bilər”.

 

Qeyd edək ki, sözhbət etdiyimiz ekspertlər Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi üçün maliyyə aministiyasının verilməsini də təklif ediblər.

 

Aqil İsmayıloğlu

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir