Modern.az

Qələmin gücü paklıq prinsipinə məğlub oldu

Qələmin gücü paklıq prinsipinə məğlub oldu

Ədəbi̇yyat

14 Dekabr 2019, 11:42

Bugünkü gün kimi xatırlayıram. 2015-ci ilin dekabr ayının 17-nə böyük həyəcan və sevinclə hazırlaşırdıq. Elə bir hədiyyə seçimi etməli idik ki, müəllim onu bəyənsin və ən əsası qəbul etsin. Nəhayət ki, seçimimiz qələm oldu. Düşündük ki, söz sahibi üçün xüsusi dəyərə malik olan qələm ən yaxşı hədiyyə olar. Çünki ta qədimdən bu günə kimi jurnalist görüb eşitdiklərini, müşahidə etdiklərini sözə çevirərək? qələmin qüdrəti ilə auditoriyaya çatdırmaq imkanı əldə edib. Lakin heç nə düşündüyümüz kimi olmadı...


Hər birimizin ürəyində sevinc qarışıq təlaş var idi. Axı Azərbaycan jurnalistikasının “canlı ensiklopediyası”, Azərbaycan mətbuat tarixinin ən güclü araşdırmaçısı, tanınmış jurnalist, professor Şirməmməd Hüseynovu doğum günü münasibəti ilə təbrik etmək həm şərəfli, həm də məsuliyyətli idi.

Şirməmməd müəllimində gözlərindəki sevinci hər birimiz aydın hiss edirdik. Heç şübhəsiz ki, tələbələrinin təbrikini eşitmək müəllimi qürurlandırmışdı.

Ən nəhayət sıra gəldi hədiyyəni təqdim etməyə. Qrup yoldaşlarım bu məsuliyyətli vəzifəni mənə həvalə etmişdilər. Qeyd etdiyim kimi, heç nə düşündüyümüz daha doğrusu istədiyimiz kimi olmadı. Biz əvvəldən bilirdik ki, Şirməmməd Hüseynov jurnalistikanın sosial məsuliyyət, düzgünlük, obyektivlik, vicdanlılıq, şəxsiyyətə və özgə ləyaqətinə hörmət, ən əsası paklıq prinsipinə hər zaman məsuliyyətlə yanaşıb.

Şirməmməd müəllim deyərdi: “Jurnalist kimdənsə hədiyyə aldısa deməli mütləq gec-tez bu hədiyyənin qarşılığında ondan nəsə istəyəcəklər”.

Məhz buna görə də əqidəsindən dönmürdü, ayrı ayrı şəxslərdən mükafat, hədiyyə və s. bu kimi bəxşişlər qəbul etmirdi. Peşəkar, məsuliyyətli, savadlı jurnalist, ən əsası vətəninə xeyirli vətəndaş yetişdirməyi Şirməmməd müəllim özünün ən böyük hədiyyəsi hesab edirdi. Bəxşişimizi qəbul etmədi. Bu dəfə qələmin gücü paklıq prinsipinə məğlub oldu.

“Peşəkar olmaq üçün yalnız görmək yox həm də gördüklərini dərk etmək lazımdır”, - deyərdi Şirməmməd müəllim. Hər bir sözünüz, nəsihətiniz bizim üçün məktəb oldu. Bu gün sizin bilik bulağınızdan su içmiş tələbələrinizin hər biri sizi yad edir və adınızı hörmətlə anır. Ruhunuz şad olsun Müəllim!



Nuranə Quliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır