Modern.az

Milli Məclisin payız sessiyası başa çatdı

Milli Məclisin payız sessiyası başa çatdı

Parlament

29 Dekabr 2009, 12:43

Dekabrın 29-da Milli Məclisin payız sessiyasının son iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri və onun nəticələrilə bağlı məsələ müzakirə olunub.

Əsasnamə haqqında məlumat verən parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, “Bələdiyyələrin statusu haqqında” qanuna edilən əlavə və dəyişikliyə görə bələdiyyələrin reyestrinin aparılmasını və onlara şəhadətnamənin verilməsini Milli Məclis həyata keçirəcək: “Bələdiyyələr haqqında dövlət səviyyəsində məlumat bazası yaradılacaq. Bu, bələdiyyələrə şəxsiyyət vəsiqələrinin verilməsi deməkdir. Hər bir bələdiyyənin dəqiq xəritələri hazırlanacaq, orda bələdiyyələrin ərazisi, mülkiyyətində olan torpaqlar, digər mülkiyyətlər, su mənbələri, kanalları, dəmiryol stansiyaları və digər obyektlər göstəriləcək. Bunun həyata keçirilməsində müvafiq icra hakimiyyəti orqanları kömək edəcək, bu məlumatları bələdiyyələr hazırlamayacaq. Daha sonra hazır məlumatlar yazılı və elektron variantda olacaq, Milli Məclisin saytında da yerləşdiriləcək. Beş ildən bir üzərində yeniliklər aparılacaq”. Müzakirə zamanı çıxış edən deputat Pənah Hüseyn dekabrın 23-də keçirilmiş seçkilərə və yerlərdən Müsavat deputat qrupuna daxil olan şikayətlərə toxunub. O, bildirib ki, Milli Məclis cəmiyyətdən daxil olan şikayətlərin araşdırılması üçün nəzarəti həyata keçirməlidir. Milli Məclisin sədri Oqtay Əsədov seçkilərin normal keçdiyini və şikayətlərin MSK-da araşdırılacağını deyib.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib ki, şəhadətlərin verilməsi Milli Məclisin hansısa strukturuna həvalə edilir: “Amma həmin struktur bunu necə həyata keçirəcək, məsələ bundadır. Hesab edirəm ki, süründürməçilik olacaq və bələdiyyələrin şəhadətnamə almasına maneə törədiləcək”.

Deputat Əli Məsimli isə bildirib ki, bütün bunları həyata keçirmək üçün Milli Məclisə vəsait ayrılmalıdır.

Müzakirələrdən sonra “Bələdiyyələrin dövlət reyestrinin aparılması və şəhadətnamənin verilməsi haqda” əsasnamə birinci oxunuşda qəbul edilib.

Daha sonra parlament 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı dünyada yaşayan soydaşlarımıza müraciət qəbul edib. Müraciətdə dünya azərbaycanlıları sıx birliyə çağırılıb.

İclasın sonunda spiker Oqtay Əsədov parlamentin payız sessiyasının məhsuldar işlədiyini vurğulayıb. Spiker deputatları Yeni il münasibətilə təbrik edib

Bununla da Milli Məclisin payız sessiyası yekunlaşıb. Millət vəkilləri yaz sessiyasınadək istirahədə olacaqlar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir