Modern.az

“Əməkdar jurnalist” Ləman Ələşrəfqızının özünə arzuları - MÜSAHİBƏ

“Əməkdar jurnalist” Ləman Ələşrəfqızının özünə arzuları - MÜSAHİBƏ

Media

15 Dekabr 2019, 17:47

 

Bu gün onun ad günüdür. Adının qarşısına haqqı olduğu "Əməkdar jurnalist" fəxri adı əlavə edilsə də, mən onu daha çox zəhmətkeş jurnalist kimi xarakterizə edərdim. Elə bu səbəbdən də Modern.az olaraq,15 dekabr 1971-ci ildə Oğuzda dünyaya göz açan səbəbkarla ad günü ilə bağlı qısaca söhbət etmək qərarına gəldik.

 

Ləman xanım, bu gün iki məşhur azərbaycanlını təbrik etmək varmış qismətdə... Biri Xalq şairi Ramiz Rövşən, biri də Əməkdar jurnalist Ləman Ələşrəfqızı. Hər halda bu, özü də taleyin bir özəlliyidir...

 

- Əslində bu, çox böyük bir qiymətdir. Elə jurnalist Yusif Rzayev də bu gün mənə “Facebook”da təbriki həm Ramiz Rövşən, həm Səttar Bəhlulzadə ilə əlaqələndirib yazmışdı. Birinə can sağlığı, o birinə Allahdan rəhmət diləyirəm. Ramiz Rövşən sevdiyim şairlərdən biri, bəlkə də birincisidir. Şeirlərindəki pessimizmə rəğmən, mən onu sevə-sevə oxuyuram, özüm özümlə qalanda müəyyən misrlarını pıçıldayıram və Allaha dua edirəm ki, nə yaxşı bu millətə belə şəxsiyyətləri bəxş edib. Onlar tarixdə qalacaq isimlərdir.

 

 - Maraqlıdır, tarixin bu günündə ilk və özəl təbriki kimdən almısınız?

 

 - Təbriklərim o qədər çoxdur ki... Hamısı da özəl və gözəldir. Mən, Yusif Rzayevi artıq xatırlatdım, daha bir özəl təbriki Mirşahin müəllim yazıb. "Müasir jurnalistikamızın anası" xitabı ilə. Açığı, çox böyük qələm sahiblərinin dilindən bu sözləri eşitmək məni sevindirir, özümə inamı artırır, jurnalistikada təsadüfi adam olmadığıma görə sevinc hissi yaradır. İlk təbrik isə, əlbəttə, qızımdan gəldi.Yerinin içindən mənə sarı boylanıb uşaq dili ilə, cümlələri dolaşdıra-dolaşdıra, qarışdıra-qarışdıra təbrik etdi. Həyat yoldaşım birlikdə qocalmaq arzusunu dilə gətirdi.  Sonra da doğmalar, dostlar, hər kəs. Hələ ki, təbriki gecikən bircə oğlumdur, o da uzaqdadır deyə yəqin unudub (gülümsəyir).

 

- Bir çoxlarının təntənəli ad günlərindən ötrü ürəyi getsə də, “mən ad günü qeyd etməyi xoşlamıram” deyirlər. Sirr deyilsə, siz özünüzü hansı kateqoriyadan sayırsınız? Bu günü necə qeyd etməyi planlaşdırısınız?

 

- Təntənəli ad günü qeyd etdiyimi heç xatırlamıram. Yəni dost-tanış çağırım, restoranda qeyd edim, bu, heç vaxt olmayıb. Həmişə doğmalarımın əhatəsində, ailə üzvlərimlə ad günü keçirmişəm. Bu gün də belə olacaq. Amma doğum gününə xüsusi hazırlaşan adamlara da pis baxmıram. İnsan yer üzünə gəlişini bayram edirsə, bunun nəyi pisdir ki?  

 

- “Bu gün onun doğum günüdür” xatırlatmasında Ləman Ələşrəfqızı imzasını Azərbaycan mətbuatına həkk edilməsini nəyə borclusunuz ?

 

- Məncə, daha çox zəhmətimə. Bizim məktəb illərimizdə hətta belə bir başlıq altında inşa yazı da yazdırırdılar : "Əmək insanı ucaldır". Düşünürəm ki, hansı peşədə, sənətdə olmasına baxmayaraq, insanlar öz üzərində işləməli, o peşəni ucaltmalıdırlar. Mən həmişə jurnalistikanı ucada görmək istəmişəm, bu peşəyə əlçatmaz peşə kimi baxmışam. Amma, əlbəttə ki, Allahın verdiyi nəsnələrin də rolu var bu məsələdə. Məsələn, istedad, məsələn, səs, məsələn, xarakter və sair...   

 

- “Keçmiş ANS”-çi Ləman və “Real”-çı Ləman. İndiki mətbuatın fonunda hansı sizi daha çox ifadə edə bilir?

 

- Məncə, sadəcə Ləman Ələşrəfqızı imzası var. Bu imza illərdir professional jurnalistika ilə məşğul olur, özünəməxsusluğu ilə fərqlənir, kimsə sevir bu qələmi, kimsə sevmir. Dəyişən bir şey yoxdur. Yəni imzamın qarşısında keçmiş, indiki və yaxud gələcək sözlərini görmək istəmirəm.

 

- Ləman Ələşrəfqızının özünə arzuları...

 

- Özümə arzularım millətimə, dövlətimə arzularımdan çox deyil. Allah bu milləti, dövləti qorusun, hifz eləsin. Əgər bu millət, bu dövlət olmayacaqsa, biz də fərd kimi olmayacağıq. Yəni, “qoy mən tox olum özgələr ilə nədi karım” təfəkküründən xilas olmadıqca, inkişafımız da sual altındadır. Allah bu millətin yüksəliş gününü görməyi nəsib etsin hər birimizə. 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı