Modern.az

Paytaxtın girişində “Bakı” yazılan stela niyə yoxdur?

Paytaxtın girişində “Bakı” yazılan stela niyə yoxdur?

19 Dekabr 2019, 08:50

Azərbaycanda indi elə bir yaşayış məntəqəsi tapılmaz ki, girişində və ya çıxışında oranın adını bildirən lövhə olmasın. Paytaxt Bakı ilə bağlı isə vəziyyət fərqlidir. Bakı şəhərinin bir neçə yerdən girişi olmasına baxmayaraq, onların heç birində “Bakı” yazılmış böyük lövhələr quraşdırılmayıb. İnsanlar, paytaxta səyahət edən xarici vətəndaşlar, qonaqlar Bakıya yaxınlaşdıqlarını ancaq yol hərəkət nişanlarında əks olunan məsafə göstəricilərindən bilirlər. Bu isə gündən-günə turistlərin, xarici qonaqların marağına səbəb olan paytaxtımız üçün mənfi məqamdır.

 

Qeyd edək ki, kənd, qəsəbə, şəhər və rayonların girişində həmin inzibati ərazinin adını özündə əks etdirən əzəmətli tikililər stela da adlandırılır. Stela işarə verən, əlamət göstərən bir tikilidir.

 

Onu da qeyd edək ki, Bakının girişlərində stelalar hələ SSRİ dönəmindən qoyulmayıb. Hansı ki, İttifaqın paytaxtı Moskvada və digər ittifaq ölkələrinin paytaxtlarının girişində şəhərin adını bildirən stelalar inşa edilmişdi. Hazırda Azərbaycanın Gəncə, Sumqayıt, Mingəçevir başda olmaqla bütün şəhər və rayonlarının girişlərində ad bildirən daş lövhələr var.

 

Modern.az-ın əməkdaşı Bakı şəhərinin girişlərində stelanın olmamasının səbəblərini öyrənmək üçün Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Lakin icra hakimiyyətinin mətbuat xidmətindən qurumda bu barədə heç bir informasiya olmadığı bildirilib.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə də əlaqə saxladıq. Komitədə də bu məsələdən xəbərsizdirlər:

“Sözügedən məlumat lövhələrinin quraşdırılması Komitənin səlahiyyətində deyil”.

 

Bakı şəhərinin yolları ilə bağlı məsul olan Avtomobil Yolları Dövlət Agentliyindən də saytımıza bildirilib ki, qurumun belə bir səlahiyyəti yoxdur:

 

“Bakının giriş hissələrində yol hərəkət nişanları, məsafəni müəyyən edən lövhələr yerləşdirilib. Konkret “Bakı” yazısı olan, dəbdəbəli daş lövhələrin qoyulması isə agentliyin səlahiyyətində deyil”.

 

Qeyd edək ki, paytaxtımıza üç hissədən şimal, cənub və şimal-qərbdən giriş mövcuddur. Şimal giriş Binəqədi rayonu, cənub girişi Qaradağ rayonu, şimal-qərb girişi isə Qobustan rayonu ərazisindən başlayır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!