Modern.az

YAP-ın rayon təşkilatının sədri həbs olundu - DOSYE - YENİLƏNİB

YAP-ın rayon təşkilatının sədri həbs olundu - DOSYE - YENİLƏNİB

19 Dekabr 2019, 13:48

Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov həbs olunub. Onların ötən gecə saxlanılaraq Bakıya gətirildiyi bildirilir.

İcra başçısı və birinci müavininin külli miqdarda rüşvətə görə saxlanıldığı bildirilsə də, hələlik bu barədə rəsmi açıqlama yoxdur.

Modern.az-ın məlumatına görə, Ağstafa rayon İcra Hakimiyyəti başçısının həbs olunan birinci müavini Ramiz Tatarov həm də hakim Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatının sədridir.

O, YAP-ın Ağstafa rayon təşkilatının VII konfransında  sədr seçilib.

Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahından - mətbuat xidmətindən fakta münasibət bildirilməyib.

 
Modern.az-ın məlumatına görə, Ramiz Cahangir oğlu Tatarov 1957-ci ilin dekabr ayının 19-da Qazax rayonunun Aşağı Göycəli kəndində anadan olub.

1974-cü ildə o vaxtkı Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakultəsinə daxil olub, 1979-cu ildə həmin fakultəni bitirib. Əmək fəaliyyətinə 1980-ci ilin aprelində Qazax rayon Ağamalıoğlu adına sovxozda normalaşdırıcı vəzifəsi ilə başlayan R.Tatarov həmin ilin dekabr ayında sovxozun mühasib müavini təyin olunub.
1989-cu ilin may ayından oktyabr ayınadək sovxozun baş iqtisadçısı, oktyabr ayından həmin sovxoza direktor təyin olunub. 1991-ci ilin iyun ayından 1995-ci ilin may ayınadək Ağstafa rayonunun M.Allahverdiyev adına sovxozunda direktor vəzifəsində işləyib. 1995-ci ilin may ayından 1998-ci ilin dekabr ayınadək Ağstafa Rayon Aqrar Sənaye Kombinatının baş direktoru, 1998-ci ilin dekabr ayından hal hazıradək Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləyir.

1993-cü ilin mart ayında Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan R.Tatarov 1999-cu ilin sentyabr ayından YAP Ağstafa rayon təşkilatının sədridir.

“Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalına layiq görülüb. Evlidir, dörd övladı var.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...