Modern.az

Deputatlığa iddia edən bir çoxları YAP-ın siyahısını gözləyir...

Deputatlığa iddia edən bir çoxları YAP-ın siyahısını gözləyir...

Hadisə

22 Dekabr 2019, 16:24

Azərbaycanda 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq bir çox dairələr üzrə namizədlərin irəli sürülməsinə başlanıb. Siyasi partiyalar bir-birinin ardınca namizəd siyahılarını açıqlayır.
Hakim Yeni Azərbaycan Partiyası isə hələ ki öz namizədlərinu elan etməyib. Bəzi tanınmış şəxslər, nüfuzlu siyasətçilər isə hakim partiyanın namizəd siyahısını gözləyir. Onlar partiyanın namizədləri ilə tanış olmadan öz dairələri haqqında qərar verməyə tələsmirlər.

 

Yaranmış vəziyyət haqqında Modern.az-a danışan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı hakim partiyanın siyahısını gözləməyin səbəbini belə izah edib:

 

“Bir çox namizədlər YAP-ın siyahısını açıqlamasını gözləyirlər. Bunun səbəbi isə partiyanın geniş sosial dayaqlara, böyük imkanlara malik olması faktorudur. YAP Azərbaycanda ən güclü siyasi təşkilatdır, əhəmiyyətli idarəetmə strukturuna malikdir. Partiyanın 125 dairənin hər birində qalib gəlmək imkanı və şansı var. Əgər bir rayonda, bir dairədə partiyanın minimum 20 min üzvü varsa,  həmin üzvlərin ailələrindən ən azı bir nəfəri də bura əlavə etsək, rəqəm 40 minə çatır. Partiya üzvləri seçicilərin say çoxluğundan istifadə edərək, hər hansı dairədən ən azı 15-20 min səs toplaya bilərlər. Bu isə 60 faiz səsin toplanmasına kifayətdir. Ona görə, digər namizədlər gözləyirlər ki, hakim partiya hansı dairələr üzrə hansı namizədlərini irəli sürəcək. Xüsusilə, hər kəsə maraqlıdır ki, YAP  hansı dairədə namizədinin deputat olmasında maraqlıdır. Digər namizədlər prosesləri izləyib, bu amili hökmən nəzərə almalıdırlar”. 

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə hazırkı situasiyanı qəbul etmir. O hesab edir ki, seçki özü də bir yarışdır:

 

“Gərək insanda yarış psixologiyası, sağlam rəqbət ruhu olsun ki, seçkilərdə yaxşı iştirak edə bilsin. İdmançılar çalışırlar ki, ən güclü idmançıya qalib gəlsinlər. Zəif idmançıya qalib gəlmək məna ifadə etmir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının siyahısını açıqlamasını gözləyən namizədlərdə yarış psixologiyası zəifdir. Əksinə, çalışmaq lazımdır ki, ən güclüyə qalib gələsən ki, qələbənin dadı olsun.

 

Mən namizədliyimi irəli sürmüşəm. İmzaların toplanmasına başlayırıq. Mənim dairəmdən kim namizədliyini irəli sürəcək, kim irəli sürüb, heç bir əhəmiyyəti yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır