Modern.az

Şəhid oğlu deputatlığa namizədliyini İRƏLİ SÜRDÜ

Şəhid oğlu deputatlığa namizədliyini İRƏLİ SÜRDÜ

22 Dekabr 2019, 22:36

V çağırış Milli Məclisin deputatı Flora Qasımovanın köməkçisi Səbuhi Səmədov da deputatlığa namizədliyini irəli sürüb.

Bu barədə Modern.az-a Səbuhi Səmədovun özü məlumat verib. O bildirib ki, öz təşəbbüsü ilə 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürüb:


“Bunun üçün müvafiq sənədlər dairə seçki komissiyasına təqdim olunub. Növbəti mərhələ olaraq, imza vərəqələrinin təqdim olunmasını gözləyirik ki, imzatoplama kampaniyasına start verək. Bildiyiniz kimi, 2011-ci ildən əfsanəvi komandir, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı, 122 saylı Xankəndi seçki dairəsi üzrə IV və V çağırış Milli Məclisin  deputatı Flora Qasımovanın köməkçisi vəzifəsində çalışıram. Bu illər ərzində hər bir işdə məsuliyyəti və tələbkarlığı ilə seçilən Flora xanımın təcrübəsindən çox yararlanmışam. Seçici qəbullarının keçirilməsinə, seçici sorğularındakı problemlərin qısa zaman ərzində araşdırılmasına və ya sorğuların aidiyyatı orqanlara göndərilməsinin təmin olunmasına həssas yanaşmaq əsas qayəmizdir. Düşünürəm ki, seçkilərin nəticəsindən asılı olmayaraq, qazanılan təcrübə hər zaman yolumuzu aydınlatmağa kömək edəcək. 122 saylı Xankəndi seçki dairəsi üzrə digər namizədlərə uğurlar arzu edirəm. Doğma xankəndlilərimi layiqli namizədə səs verməklə seçkilərdə fəal olmağa çağırıram”.


Qeyd edək ki, Səmədov Səbuhi Gündüz oğlu 1983-cü ildə Xankəndi şəhərində anadan olub. 1992-ci ildə Birinci Qarabağ Müharibəsinin başlanması ilə əlaqədar ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Orta təhsilini Bakı şəhəri Nərimanov rayonunundakı 200 saylı tam orta məktəbində davam etdirib. 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 2005-2006-cı illərdə həqiqi hərbi xidmətdə olub. Hazırda 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisin deputatının köməkçisidir. “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin həmtəsisçisidir.


Səbuhinin atası Səmədov Gündüz Hidayət oğlu 8 may 1992-ci ildə Şuşa şəhərinin müdafiəsi zamanı şəhid olub. Prezident İlham Əliyevin 30 iyun 2005-ci il tarixli 867 saylı sərəncamı ilə şəhid “Vətən uğrunda” medalı ilə təltif edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir