Modern.az

“Uşaqlığım gözümün qarşısına gələndə ürəyim ağrıyır” - Ədalət Tahirzadə “Mənim kəndim”də DANIŞIR - FOTOLAR

“Uşaqlığım gözümün qarşısına gələndə ürəyim ağrıyır” - Ədalət Tahirzadə “Mənim kəndim”də DANIŞIR - FOTOLAR

Reportaj

24 Dekabr 2019, 08:35

Deyirlər ki, insan yaşlandıqca doğulduğu yurda, körpəliyinin, uşaqlığının, gəncliyinin keçdiyi yerə meyli daha da artır. Başqa sözlə desək, torpaq insanı özünə çəkir. Yaşlı insanların uşaqlıq xatirələrini necə içdən, kövrək hisslərlə ifadə etdiklərini görəndə, bir daha əmin olursan ki, boşuna belə demirlər…  Bu xatirələri dinlədikcə, insanda qəribə duyğular yaranır.

Saytımızın “Mənim kəndim” rubrikasının növbəti qonağı, professor Ədalət Tahirzadə də bizimlə söhbət zamanı eyni kövrəkliklə uşaqlıq illərinə qayıtdı. Qəbələ rayonunun Xırxatala kəndində, təbiətin qoynunda, müdhiş saflıq mühitində həyata addımlarını atan həmsöhbətimiz unudulmaz anlarını Modern.az-la bölüşüb.



Molla Çərkəz əfəndinin nəvəsi…



Mən doğma kəndimə o qədər bağlı insanam ki, yurdum haqqında məlumatları gələcək nəsillərə çatdırmaq üçün kitab da yazdım. 19 il ərzində ərsəyə gələn, kiril qrafikalı əlifba ilə yazılan bu kitabın adı “Xırxatala kəndinin tarixi və uruqlarının soyağacı” adlanır. “Uruq” deyəndə nəsil nəzərdə tutulur. 1996-cı ildə işıq üzü görən kitabda 1300 nəfərin şəcərəsi əks olunub.


Ailəmdən danışım… Atam Şərif Tahirli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, 42 il müəllim işləyib. Halbuki çox kasıb ailənin övladı olub və bu kasıblıq bizim ailəyə də sirayət edib. Anam kolxozda çalışırdı, ali savadı yox idi. İnandırım sizi, ali savadı olmasa da, mənim anam savadı olanlardan qat-qat çox bilirdi. Kənddə “Molla Çərkəz əfəndinin qızı Ruqiyyə” deyəndə, hər kəs ona rəhmət oxuyur. Molla Çərkəz əfəndi, yəni mənim ana babam ruhani idi. Tək Qəbələdə deyil, ətraf bölgələrdə də böyük hörməti vardı. Babamın mollalığı dövründə kəndə bir nəfər də olsun polis gəlməzdi. Kənddə münaqişə düşəndə o dəqiqə deyərdilər ki, gəlin Molla babanın yanına gedək, şərimizi o kəssin. Hətta kəndimizdə camaatın bir andı vardı: “Molla babanın oxuduğu qara (böyük) Quran haqqı!”.

 



“Mənim kəndim üç nəsildən yaranıb”

Kəndimizdə üç nəsil birləşib, camaatı formalaşdırıb. Birinci nəsil Alı uşağı (bizim kənddə nəslə, tirəyə “uşaq” deyirlər; Alı uşağı bizim nəsildir), ikincisi Məmmədsüflü uşağı (Məhəmmədyusifin nəsli), üçüncüsü Mollamətdi uşağı (Molla Məhəmmədin nəsli). Bu üç nəsil birləşərək, Xırxatala kəndini yaradıblar.


Ata babam Yusif kişi oğlan nəvələrini həmişə çox istəyirdi. İlk nəvəsi də mən olduğumdan, məni lap başqa cür sevirdi.


Kəndimizdə keçən uşaqlığımı yadıma salanda velosipedlə bağlı bir hadisə ağlıma gəlir. Kəndimizdə ilk velosiped Rəhman dayıda idi. Mən də o vaxtlar çox balaca idim, məktəbə belə getmirdim. Bizim taxtadan köhnə iri bir darvazamız var idi. Rəhman kişi gəlib bizim darvazanın yanından keçəndə, mən əlimdəki çubuğu düz velosipedin təkərinin arasına atdım. O vaxtı da kəndin yolları yayda toz, qışda isə əl qalınlığında palçıq olurdu. Elə çubuğu atmışdım ki, gördüm Rəhman kişi göydə uçur. İnanın, qorxumdan həyətə necə girdimsə, onu bir Allah bilir. Sonra dayanıb, qapının arxasından gizlincə xeyli baxdım. Bir də gördüm Rəhman kişi əlində təkəri əyilmiş velosipedlə bizə gəlir. Sən demə, babama şikayət eləməyə gəlib ki, sənin nəvən mən boyda kişini yıxıb. Həmin gün axşama qədər qonşularda gizləndim ki, babamın əlinə düşməyim. Axırda gördüm yox, acından ölürəm, evimizə gəlib, sakitcə süfrənin qırağında oturdum. İndi gözləyirəm ki, babam mənə nəsə deyəcək, amma demədi. Mənə nə qədər hirsli olsa da, xətrimə dəyməzdi, çünki məni həddindən artıq çox istəyirdi.


“Atam əsgər gedəndən üç ay sonra mən dünyaya gəlmişəm...”

- Mən dünyaya gələnədək atam əsgər gedib. Üç il yarım ata üzü görməmişəm. Atam əsgərlikdən məktub yazıb ki, oğlum olsa, adını Ədalət qoyun.

Ailədə 4 uşaq olmuşuq: 1 bacı, 3 qardaş. Evin böyüyü mən, sonbeşiyimiz isə bacım olub. Çox pis oluram ki, bir dənə də olsun, uşaqlıq şəklim yoxdur. İndi kimin uşaqlıq şəklini görsəm, həsəd aparıram ki, mənim niyə şəklim yoxdur?

Atam kəndimizdə müəllim işləyirdi, 120 manat maaş alırdı. Az maaş almasına baxmayaraq, hər birimizə ali təhsil verib. Maddi vəziyyətimiz çox ağır idi. Atam bizi çox çətinliklə böyüdüb, boya-başa çatdırıb. Bizim kənddə məktəb 8 illik olduğuna görə orta məktəbi Zarağan kəndində oxumalı oldum. Ailə vəziyyətimiz o qədər acınacaqlı olub ki, hələ də uşaqlığım gözümün qarşısına gələndə ürəyim ağrıyır. İnanın, atamın bəzən 20 qəpiyi olmurdu ki, mənə yolpulu versin…



Məktəb illəri...


- Orta məktəbdə dərslərimi yaxşı oxumuşam. Ən çox qorxduğum müəllim də atam olub. Çox sərt adam idi. Düzdür, uşaq vuran deyildi, ancaq bir baxışı ilə şagirdi sakitləşdirməyi bacarırdı. İnanın ki, lövhədə yazı yazırdı, deyirdi “filankəs, sakit dur!”. Elə bil, arxada da gözü var idi.


Mən “Səfillər” romanını 5-ci sinifdə oxuyub bitirmişəm. Kəndin kitabxanasında elə bir kitab qalmamışdı ki, onu mən oxumayım. Yeganə oxuya bilmədiyim əsər Lev Tolstoyun “Hərb və sülh” əsəridir. Bu yaşıma qədər üç dəfə cəhd etdim ki, oxuyum, alınmadı.
Kəndimizdə kolxoz hesabına ayda, iki ayda bir dəfə camaata kino göstərirdilər. Hind filmləri olanda hətta qonşu kəndlərdən də gəlib baxırdılar. O vaxtlar filmə baxmaq bizim üçün  əlamətdar hadisəyə çevrilirdi.



“Atamdan sonra dayağım, köməyim əmim olub”

- Böyük əmim Nəriman rayonda zərgər işləyirdi, mən də o vaxtları tələbə idim. Bir tələbəyə əsas nə lazım idi: ərzaq və pul. Ən çətin məqamımda əmim əlimdən tutub, tez-tez pul, ərzaq göndərirdi ki, mən korluq çəkməyim. Mənə ata əvəzi olub, ona görə də əmimin xətri həmişə mənə əzizdir.

O vaxtlar indiki kimi deyildi ki, hər şey yaxşı olsun. Deməli, rayona getmək üçün avtovağzala gedirdin, birdən bilet olurdu, birdən də yox. Bilet tapmayanda 360 km-lik yolu avtobusda ayaqüstə getməli olurdun.


İsmayıllı rayonunun Topçu kəndində təyinatla 3 il müəllim işləmişəm.  Ömrümün 3 ən gözəl və unudulmaz ili bu kənddə keçib. Topçu camaatı məni öz balası kimi sevib, çünki onların uşaqlarına hətta şənbə və bazar günləri də dərs deyirdim. O kənddə elə bir ev olmayıb ki, məni qonaq etməsin. Məndən soruşsalar ki, dünyanın ən gözəl insanları kimlərdir, deyərəm ki, topçulular!


Toy, yas mərasimlərində kəndin birliyi…

- Bizim kəndin bir özəlliyi var. Tutaq ki, bir insanın yas mərasimi düşdü, ölü nə vaxt götürüldü, məzarı nə vaxt qazıldı - bundan ev yiyəsinin xəbəri olmur.

Keçmişdə adət idi, ölü öləndə camaata çay və qənd paylayardılar. Qonşumuzda Nabat nənə ölmüşdü, hər kəsə qənd, çay paylanırdı. Nəhayət, mənə də qənd veriləndə sevinmişdim. Çox balaca idim, anlamırdım, deyirdim “ay Allah, ölənlər tez-tez olaydı...”.

Keçmiş toylarımız çox maraqlı keçirdi. Səsi-sədası qonşu kəndlərə kimi gedib çatırdı. İki gün, iki gecə toy çalınırdı. Həm də əsas musiqi aləti zurna və kos (böyük nağara) idi. Bizim toylarda içki olmurdu. Qonaqlar gəlib yeyirdi, yorulana qədər oynayırdı, şabaş verib gedirdi. Gəlinin başına düyü, konfet atardılar. Biz uşaqlar da o konfetləri elə həvəslə yığardıq ki, adama ləzzət eləyirdi.

Bir əhvalat danışım. Mənim əmim bir qızı istəyirdi, elə onunla da evləndi. Əmimin toyu idi. O vaxt mən 1-ci sinifdə oxuyurdum. Toyda bir dava düşdü ki, gəl görəsən. Sən demə, əmimin evləndiyi qızı başqa birisi də istəyirmiş. Toy günü həmin bu adam öz dəstəsi ilə davaya gəlmişdi. Dava qızışdığı vaxtda mən qorxumdan evin damında gizlənib baxırdım.



“Çox dəcəl olmuşam”

- Bir məsəl var: yerdə yeri, göydə göyü yandırır. Mən də elə uşaq olmuşam. Bir yerdə sakit durmurdum. “Quzuluğuma” görə sol qolum bir dəfə çıxıb, iki dəfə sınıb. İndi saatı da sağ qoluma vururam, çünki sol qolum yaxşı işləmir. 1950-ci illərin ortaları idi Kəndimizə ilk maşın gəlmişdi. Bu da Nəsrullah əminin VF 60-51 QAZ-51-i idi. Kəndin ortasında bir dəmirçixana var idi. Nəsrullah əmi maşını onun yanındakı qoz ağacının altında saxlamışdı. Əlim dinc dayanmayıb maşının təkərinin havasını boşaltdım. Təkərdən hava çıxanda fışıldayırdı, bu da çox xoşuma gəlirdi. Nəsrullah əmi təkərin yatdığını görüb qəzəblənib, oradakı uşaqlardan soruşub ki, bunu kim eləyib? Demişdilər ki, Ədalətin işidir. O da məni əl-əl axtarırdı ki, çırpsın. Həmin hadisədən xeyli vaxt keçmişdi. Bir gün darvazanın ağzında dayandığım yerdə Nəsrullah əmi maşını düz yanımda saxladı. Kişi maşından düşüb, yaxamdan yapışanda yadıma düşdü ki, başına oyun açmışam. Gördüm ki, Nəsrullah əmi məni pis vuracaq, əli göydə olanda onu qabaqladım. Dedim, Nəsrullah əmi, axşam qonaqlarımız gələcək, sən də bizə gəl. İnanırsınız, kişini bir gülmək tutdu, əli boşaldı, yaxamı buraxıb çıxıb getdi.



İlk məhəbbət yada düşər…
 

Əslində məhəbbət mövzusu mənim yaralı yerimdir. İstər orta məktəbdə, istərsə də ali məktəbdə sevgi macəralarım olub. Həmişə yoldaşıma da zarafatla deyirəm ki, sən mənim sonuncu ilk məhəbbətimsən. İlk məhəbbətim yeddinci sinifdə oxuyanda olub. Sinfimizə yeni bir qız gəldi, adını çəkmək istəmirəm. Bu qızı görən kimi bir könüldən min könülə ona vuruldum. Hətta adını balaca mıxlarla partaya həkk etmişdim. Ancaq bu qızla münasibətimiz alınmadı. Elə yaxşı ki, də alınmayıb. Sonradan eşitdim ki, mənə də, başqa bir oğlana da eyni zamanda məktub yazırmış.

Tələbəlik illərində isə qrupumuzdakı qızların əksəriyyətini sevmişəm. Hətta elə qızlar vardı ki, onları sevdiyimdən özlərinin xəbəri belə olmayıb. Onu da deyim ki, evlənənədək bir qızın əlinə əlim dəyməyib. Mən qrup nümayəndəsi idim, ona görə çalışırdım ki, sevdiyim qızlara kömək edim. Nə problemləri vardısa, əlimdən gələni edirdim, imtahanlarda köməklik göstərirdim.  

Hər imtahanda qızlara kömək edə-edə, hər dəhlizdə bir qızı görüb aşiq ola-ola ömür keçməz ki… Zaman keçdikcə, düşünürdüm ki, belə olmaz, konkret biri ilə evlənməliyəm. Həyat yoldaşımı isə atam məsləhət görüb. Bir gün anam yanıma gəlib dedi ki, atanın ürəyində şir yatır. Soruşdum ki, o şir kimdir? Dedi ki, Yusifin qızını sənə almaq istəyir. Qızı uşaqlıqdan tanıyıram. İnstitutda oxuyur. Sən demə, onun da məndən xoşu gəlirmiş. Evləndik və 42 ildir bir yerdəyik. Sizə bir sirr də açım: zamanında qızlardan mənə gələn məktubların hamısını həyat yoldaşıma vermişəm. Ondan heç vaxt heç nə gizləməmişəm. Yoldaşım elə qadındır ki, indiyə qədər ona xəyanət etməmişəm.





Aysel Aslan
Jalə Mehdi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar