Modern.az

12 dairədən yeni deputatın seçiləcəyi 100 faiz dəqiqləşib - SİYAHI - YENİLƏNİB

12 dairədən yeni deputatın seçiləcəyi 100 faiz dəqiqləşib - SİYAHI - YENİLƏNİB

Parlament

24 Dekabr 2019, 11:46

9 fevral 2020-ci il tarixinə təyin olunmuş növbədənkənar parlament seçkisi yaxınlaşdıqca, həyəcan, rəqabət, iddialar da artır.

Hazırda müzakirə olunan əsas mövzulardan biri 6-cı çağırış Milli Məclisin tərkibində yeni deputatların neçə faiz təşkil edəcəyidir.

Şübhəsiz ki, bütün deyilənlərə rəğmən, növbəti parlamentin neçə faizinin yeni deputatlardan ibarət olacağını 9 fevral seçkisindən sonra biləcəyik.

Bununla yanaşı, bəribaşdan bəzi seçki dairələrini gələcək parlamentdə yeni deputatların təmsil edəcəyini 100 faiz əminliklə söyləyə bilərik.

Modern.az saytı 6-cı çağırış Milli Məclisdəı yeni deputatlarla təmsil olunacaq seçki dairələrinin siyahısını  diqqətinizə çatdırır.


120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi – Bu dairənin 5-ci çağırış Milli Məclisdəki deputatı Astan Şahverdiyev 2018-ci ilin aprelində qəfil ürəktutmasından vəfat edib. Dairə yeni deputatını gözləyir.


46 saylı Şirvan seçki dairəsi – Bu dairənin deputatı Rafael Cəbrayılov bir müddət öncə qalmaqallı şəkildə könüllü olaraq deputatlıqdan imtina etməyə məcbur qalıb və Mərkəzi Seçki Komissiyası onun mandatına xitam verib. R.Cəbrayılovun bu addımı atnasına səbəb 300 min ABŞ dollarını borc götürməklə Milli Məclisin deputat vəsiqəsini girov qoymaq ittiham olunması idi. Onun yenidən namizəd olnayacağı da dəqiqdir.

14 saylı Xəzər seçki dairəsi – Dairənin Milli Məclisdəki deputatı, ölkənin birinci xanımı Mehriban Əliyeva 2017-ci ildə Birinci vitse-prezident təyin edildiyindən  onun səlahiyyətlərinə xitam verilib.


91 saylı Ucar seçki dairəsi
– Dairənin Milli Məclisdəki deputatı Vüsal Hüseynov  2018-ci ilin aprelində Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib. Azərbaycan Konstitusiyasının 89-cu maddəsinə görə, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tuta bilməz.

Konstitusiyanın bu maddəsi daha bir neçə dairədə yeni deputın seçilməsini zəruri edib.

34 saylı Xətai ikinci seçki dairəsi
- Bu dairənin deputatı Fuad Muradov 2018-ci ilin aprelində Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

43 saylı Sumqayıt üçüncü seçki dairəsi – Bu dairənin deputatı Muxtar Babayev  2018-ci ilin aprelində ekologiya və təbii sərvətlər naziri təyin edilib.

 

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi – Bu dairənin deputatı Rövşən Rzayev də 2018-ci ilin aprelində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

122 saylı Xankəndi seçki dairəsi  - Bu dairənin 5-ci çağırış Milli Məclisdəki deputatı Flora Qasımova Modern.az-a bildirib ki, qəti şəkildə 9 fevral seçkisində iştirak etməyəcək. O, yerini gənclərə vermək fikrində olduğunu vurğulayıb:


32 saylı Suraxanı üçüncü seçki dairəsi – Bu dairənin deputatı Ağacan Abiyev deyib ki, artlq kifayət qədər yaşlandığından gələn il keçiriləcək parlament seçkisində iştirak etməyəcək. O da yerini gənclərə verməyin tərəfdarı kimi çıxış edib.

 

53 saylı Quba-Qusar seçki dairəsi - Bu dairənin deputatı Yevda Abramov bu yaxınlarda vəfat edib. Bu səbəbdən ordan da yeni deputatın seçilməsi qaçılmazdır.


17 saylı Yasamal 3-cü seçki dairəsi - Bu dairənin deputatı Elşad Həsənov Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 


64 saylı Sabirabad 2-ci seçki dairəsi -
Bu dairənin deputatı Rüstəm Xəlilov Hacıqabul rayon İcra hakimiyyətinin başçısı təyin edilib.


Beləliklə, yuxarıda sadalanan 12 dairəni Milli Məclisdə yeni deputatın təmsil edəcəyi qətiləşib. Amma belə dairələrin artacağı şübhə doğurmur...

 

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi