Modern.az

Köhnə deputatlar proqnozları ALT-ÜST ETDİLƏR

Köhnə deputatlar proqnozları ALT-ÜST ETDİLƏR

Ölkə

24 Dekabr 2019, 14:16

Azərbaycanın parlament tarixində ilk dəfə olaraq Milli Məclis buraxılıb.

Hələ dekabrın 2-də parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi üçün ölkə Prezidentinə müraciət edən V çağırış Milli Məclisin deputatları yenidən namizədliklərini irəli sürürlər. Halbuki, məntiqlə gözlənilirdi ki, ölkə başçısından Milli Məclisin buraxılmasını xahiş edən köhnə deputatlar yenidən namizəd olmaq istəməyəcəklər.
Bəziləri hətta iddia edirdi ki, V çağırış Milli Məclisə etimadsızlıq göstərilibsə, bu, parlamentin tam olaraq yenilənəcəyi anlamına gəlir.

Ancaq V çağırış Milli Məclisin deputatları yenidən öz namizədliyini irəli sürməkdə proqnozları alt-üst etməkdədirlər.

Bu zaman sual olunur: Buraxılmış parlamentin köhnə üzvlərinin hamılıqla seçkilərə qatılması nə dərəcədə doğrudur?


V çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a bildirib ki, heç bir halda vətəndaşın seçiminin qarşısını almaq olmaz:


“Əlbəttə, hər kəs Azərbaycanda Konstitusiya  çərçivəsində öz iradəsini nümayiş etdirmək hüququna malikdir. Onun seçmək və seçilmək hüququ var. Hesab edirəm ki, dediyiniz bu cür halların özünüifadə etməsinə normal yanaşmaq lazımdır. Heç bir halda vətəndaşın seçiminin qarşısını almağa ehtiyac yoxdur. Nə Azərbaycan qanunları buna imkan verir, nə də buna ehtiyac var. O adamlar ki bir daha özlərində potensial hiss edib müasir dövrün çağırışlarına uyğun olaraq, öz fəaliyyətlərini Milli Məclisdə daha məhsuldar formada quracaqsa, dövlətçiliyimizin qorunub saxlanması uğrunda fəallıq göstərəcəksə, bu cür insanların parlament  seçkilərində öz namizədliyini verməsi və xalqın müzakirəsinə buraxılması yaxşı haldır”.


Fəzail Ağamalı sonda seçimin xalqa məxsus olduğunu ununtmağı xüsusi vurğulayıb:


“İstər vaxtilə seçilən, istrəsə də hansısa səbəbdən seçilməyən şəxs yenidən namizədliklə bağlı addımlar atırsa, buna müsbət yanaşmaq lazımdır. İstənilən halda kimsə namizədliyini verirsə, sonda onu xalq seçməlidir. Xalqın gözü tərəzidir. Namizədliyini irəli sürənləri götür-qoy edəcək. Baxacaq ki, keçmişdə deputat olan bu şəxslər nə dərəcədə dövlətinə, xalqına, qanunvericiliyə xidmət ediblər. Təbii ki saf-çürük ediləcəklər. V çağırış Milli Məclisin deputatlarının nə dərəcədə fəallıq göstərdiyi, nə dərəcədə məhsuldar olduğu da xalqın gözünün önündədir. Əminəm ki, xalqın seçimi ilə doğru seçim olacaq. Kimlərinsə arzu edib parlamentə düşmək üçün həvəs göstərməsindən asılı olmayaraq, xalqın etimadını qazanmayanlar kənarda qalacaqlar. Bu seçim də xalqın seçimidir”.


Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu, məşhur “91-lər”dən biri Xeyrəddin Qoca məsələyə qısa və lakonik cavab verib:


“Onu deyə bilərəm ki, buraxılmış parlamentin üzvlərinin yenidən deputat olmaq üçün namizədliklərini vermələri etik baxımdan doğru hal deyil. Çünki özləri ərizə yazıblar ki, biz işləyə bilmirik. Belə olan halda yenidən namizədlik irəli sürməyin nə anlamı var?! Bax onu anlamıram”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır