Modern.az

“Prezidentin belə jestləri mətbuatın nüfuzunu artıracaq”

“Prezidentin belə jestləri mətbuatın nüfuzunu artıracaq”

Media

25 Dekabr 2019, 16:42

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də yerli telekanallara ilin yekunları ilə bağlı geniş müsahibə verib.  Müsahibə zamanı Prezident bəzi mesajlar verib.

Ölkə başçısının bu addımı mətbuatda və sosial şəbəkələrdə təqdir edilir və mediaya diqqətin artırılması kimi dəyərləndirilir. Media nümayəndələri hesab edirlər ki, Prezidentin jurnalistlərlə aktiv əməkdaşlığı məmurlar üçün də nümunə olacaq.

Tanınmış jurnalist, teletənqidçi, professor Qulu Məhərrəmli Modern.az-a açıqlamasında mediaya bu cür diqqətin ənənə halını almasını arzuladığını deyib:

“Yaxşı olar ki, hər hansı sahədə ciddi məsələlər olanda, Prezident, yaxud digər rəsmi şəxslər ictimaiyyətə informasiya versin.

Mediada hazırda ən böyük problemlərdən biri informasiyaların əlçatan olmamasıdır. Əgər davamlı diqqət göstərilsə, jurnalistlərin informasiya mənbələri ilə problemləri olmaz. Məmurlar, xüsusilə yüksək vəzifə sahibləri jurnalistlərin suallarını cavablandırmırlar. Hərəsi bir ictimaiyyətlə əlaqələr şöbəsi yaradıb. Həmin şöbələr isə faktiki olaraq, qurumu “qorumaq” üçündür. Məlumat dəqiq, vaxtında jurnalistlərə çatdırılmadıqda onlar məcbur olub, ehtimallara söykənirlər. Ona görə, biz arzu edərdik ki, mediaya bu cür diqqət davamlı olsun”.


“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid
isə bildirib ki, prezidentin doğum günü ərəfəsində yerli jurnalistlərə müsahibəsi təqdirəlayiq idi və böyük maraqla qarşılandı:

“Müsahibədə ölkə ictimaiyyətini maraqlandıran demək olar ki, bütün məsələlər barədə suallara Prezidentin ətraflı cavablarının şahidi olduq. Prezidentin ayrı-ayrı vaxtlarda tezis kimi səsləndirdiyi fikirləri bu dəfə tam dolğunluğu ilə dinlədik. Müsahibənin formatı və vaxt genişliyi imkan verdi ki, bütün məsələlər barədə Prezidentin mövqeyi ilə ictimaiyyət ətraflı tanış olsun. Əminəm ki, yaxın aylarda mətbuatımız Prezidentin bu müsahibədə səsləndirdiyi fikirlərin təhlilinə geniş yer ayıracaq.
Belə müsahibələrin ənənəyə çevrilməsi müsbət tendensiya olmaqla yanaşı, ölkə mətbuatının nüfuz və məsuliyyətinin artmasına da şərait yaradacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür