Modern.az

Almaniyada “Azərbaycan evləri” – “Həmrəylik evləri” - FOTOLAR

Almaniyada “Azərbaycan evləri” – “Həmrəylik evləri” - FOTOLAR

Diaspor

26 Dekabr 2019, 17:10

“Almaniyanın iki böyük şəhərində Azərbaycan evinin açılması çox əlamətdar hadisədir. Belə bir evin açılmasının müsbət tərəfləri var. Hesab edirəm ki, Almaniyada yaşayan azərbaycanlıların bir araya gəlməsi üçün bunun çox mühüm əhəmiyyəti olacaq”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında  Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev Almaniyada açılan Azərbaycan evinin  əhəmiyyətindən danışarkən deyib.

 

Onun sözlərinə görə, Almaniyanın iki böyük şəhərində Azərbaycan evinin açılması bir çox sahələrə müsbət təsir göstərəcək:

 

“Almaniyada çoxlu soydaşlarımız və həmvətənlərimiz yaşayır. O baxımdan hər bir azərbaycanlı üçün həm Kölndə, həm də Berlində doğma ocağın açılması çox yaxşı haldır. İnanırıq ki, azərbaycanlıların  yenidən nəinki diaspor fəaliyyətində, eləcə də Azərbaycançılıq ideyası ətrafında birləşməsinə çox böyük dəstək olacaq. Azərbaycan diasporunun fəaliyyəti son bir ildə çox şəffaf və təmənnasız fəaliyyət istiqamətlərini qurub. Bu işdə biz Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq şəraitində çalışırıq ki, burada olan bütün soydaşlarımıza kömək göstərək. Bu addım bütün azərbaycanlıların Almaniyada yenidən təşkilatlanmasına müsbət təsir göstərəcək”.

 

Qeyd edək ki, xaricdə yaşayan soydaşlarımızın birliyi üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan evlərindən daha biri 25 dekabrda Almaniyanın Köln şəhərində açılıb.

 

Modern.az-ın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Komitənin Strateji Yol Xəritəsinə uyğun olaraq yaradılan Köln Azərbaycan evi soydaşlarımızın istifadəsinə verilib.

 

Kölndəki Azərbaycan evi də digər şəhərlərdə olduğu kimi, soydaşlarımızla yanaşı Azərbaycan dövlətini və xalqını sevən, milli maraqlarımıza hörmətlə yanaşan hər kəs üçün açıq bir müzakirə məkanı, görüş yeridir.  

 

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri, Almaniya Azərbaycanlıları Alyansının üzvləri, diaspor fəalları, soydaşlarımız, ictimaiyyət və KİV nümayəndələri iştirak edib. 

 

Tədbirdə çıxış edənlər Azərbaycan evlərinin əhəmiyyətindən danışıb, bu evlərin soydaşlarımızın birliyi, birgə fəaliyyət göstərməsi üçün xüsusi önəm kəsb etdiyini vurğulayıblar.

 

Tədbir Azərbaycan musiqilərindən ibarət konsert proqramı ilə davam edib. 

 

Xatırladaq ki, Almaniyada daha bir Azərbaycan evi 24 dekabrda Berlin şəhərində açılıb.

 

Namidə BİNGÖL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir