Modern.az

“Dairələrdə dəyişiklik etməyəcəyik” - Rəqiblərdən YAP-ın siyahısına MÜNASİBƏT

“Dairələrdə dəyişiklik etməyəcəyik” - Rəqiblərdən YAP-ın siyahısına MÜNASİBƏT

27 Dekabr 2019, 17:54

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın İdarə Heyətinin iclası keçirilib. Toplantıda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədləri təsdiq olunub.

 

Qeyd edək ki, YAP-ın siyahısı ictimaiyyətə təqdim olunmasa da, partiyanın icra katibinin müavini Siyavuş Novruzov modern.az-a açıqlamasında artıq namizədlər siyahısının Mərkəzi Seçki Komissiyasına təqdim olunduğu bildirib.

 

Maraqlıdır, hakim partiyanın namizəd siyahısı ictimaiyyətə açıqlandıqda digər siyasi partiyalar seçki siyasətində dəyişiklik edəcəklərmi?

 

Bu barədə Modern.az-a danışan Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı YAP-ın namizəd siyahısını nəzərə alacaqlarını bildirib:

 

“Yeni Azərbaycan Partiyasının namizəd siyahısının müəyyənləşməsi bizim partiyanın parlament seçkiləri haqqında siyasətinə dəyişikliyə səbəb ola bilər. Biz YAP siyahısını nəzərə alacağıq. Namizədlərlə müzakirə aparıb, namizədin özünün də rəyi ilə fikrimizi konkretləşdirəcəyik.

Hələlik YAP-ın siyahısı ictimaiyyətə açıqlanmadığından konkret hansı dairələrdə dəyişiklik edəcəyimizi bilmirik”.

 

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev isə bildirib ki, bu sadəcə siyasi rəqabətdir, düşmənçilik deyil:

 

“Biz arzulayırıq ki, demokratik seçki keçirilsin. Bir dairədən 10-15 nəfər namizədliyini verib, bir nəfər qalib gələcək, qalanları susmalıdır.

Amma iqtidar partiyasının siyahısı bizim üçün də maraqlıdır ki, hansı dairələrdəki namizədlərimizin rəqibləri kimlər olacaq. Ümumilikdə isə bizim siyasətimizdə heç bir dəyişiklik olmayacaq. Çünki namizəd siyahımız artıq dəqiqdir”.

 

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə də partiyanın seçki siyasətində heç bir dəyişiklik həyata keçirməyəcəyini vurğulayıb:

 

“Bütün partiyalar demək olar, seçkilərdə iştirak edirlər. Mən hamıya uğurlar arzu edirəm. Hesab edirəm ki, xalqın iradəsi qalib gələcək. Partiyanın siyahısı rəsmi açıqlandıqdan sonra da namizədlər və dairələrlə bağlı dəyişiklik etməyəcəyik”.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı