Modern.az

İsveçdə yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd ediblər - FOTO

İsveçdə yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd ediblər - FOTO

29 Dekabr 2019, 10:54

İsveçdə fəaliyyət göstərən İsveç-Azərbaycan Dərnəyinin (SAF) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Stokholmda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

 

Modern.az AzərTac-a istinadən xəbər verir ki, ölkəmizin səfirliyinin əməkdaşlarının, Azərbaycan və türk diasporunun, yerli ictimaiyyətin və KİV nümayəndələrinin də iştirak etdikləri mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

İsveç-Azərbaycan Dərnəyinin rəhbəri Sevda Dadaşova tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, qürbətdə olmalarına baxmayaraq, azərbaycanlıların bir araya gəlməsinin vacibliyini vurğulayıb. O, bu günün xaricdə yaşayan soydaşlarımız arasında əlaqə qurmaq, birlik və həmrəylik ideyalarını təşviq etməklə yanaşı, xalqımızın mədəni və mənəvi zənginliyini bir daha nümayiş etdirmək üçün yaxşı imkan olduğunu bildirib. S.Dadaşova tədbirin təşkilinə göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib.

 

Tədbirdə iştirak edən diaspor fəalları çıxışlarında İsveçdəki azərbaycanlıların fəaliyyətindən danışıb, bayramlar münasibətilə təbriklərini çatdırıblar.

 

Diaspor fəallarından Rahim Sadıqbəyli “Öppna kanalen” televiziyasında Azərbaycanla bağlı proqramların yayımlanacağı haqda məlumat verib. Bildirib ki, birinci veriliş artıq hazırlanıb. Həmin veriliş dekabrın 31-dən başlayaraq çərşənbə axşamları və bazar günləri İsveç auditoriyası üçün yerli dildə yayımlanacaq.

 

Sonra tədbir musiqili proqramla davam edib. Azərbaycandan Stokholma təşrif buyuran musiqiçilər Zemfira İbrahimova, Kamil Cəfərov və Rəşad Quliyev sevilən bəstəkarların əsərlərini və xalq mahnılarını ifa ediblər. SAF-ın nəzdində fəaliyyət göstərən “Qarabağ” milli rəqs qrupunun üzvləri də milli rəqslərimizi yüksək peşəkarlıqla ifa ediblər.

 

Daha sonra tədbirdə iştirak edən uşaqlar üçün müxtəlif viktorinalar keçirilib və ölkəmizlə bağlı hədiyyələr təqdim olunub. Azərbaycanın milli rəqsləri ilə davam edən mərasim tamaşaçıların böyük marağı ilə qarşılanıb.

 

Tədbirdə Azərbaycanın İsveçdəki səfirliyinin birinci katibi Vaqif Seyidbəyov, İsveç-Azərbaycan Dərnəyinin nəzdində fəaliyyət göstərən “Qarabağ” milli rəqs qrupunun bədii rəhbəri Sevda Dadaşovaya Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri diplomunu təqdim edib.

 

Bayram tədbiri çərçivəsində açılan “Azərbaycanın rəngləri” adlı sərgidə tanınmış fotoqraf Etibar Cəfərovun çəkdiyi fotoşəkillər nümayiş olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi