Modern.az

Qarabağ münaqişəsində 2019-cu il: Əldə olunan razılaşmalar, itirilən imkanlar - ŞƏRHLƏR

Qarabağ münaqişəsində 2019-cu il: Əldə olunan razılaşmalar, itirilən imkanlar - ŞƏRHLƏR

Ölkə

29 Dekabr 2019, 14:05

İlin yekunları ilə bağlı müxatəlif sahələrdə yadda qalan məqamlar nələr oldu?

 

Modern.az bu dəfə 2019-cu ilin Qarabağ probleminin həlli istiqamətində necə yadda qaldığını araşdırıb.

 

“Qarabağ danışıqlarında itirilmiş il oldu”

 

Bu barədə saytımıza danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu təəssüflə vurğulayıb ki, 2019-cu il Qarabağ danışıqlarında itirilmiş il oldu:

 

“Bunu Prezident İlham Əliyev də çıxışında qeyd etdi. Ermənistanın siyasətində dəyişiklik yoxdur. Danışıqlarda heç bir irəliləyiş olmadığına görə gələn il də bu vəziyyətdə davam edəcək. 2020-ci ildə vəziyyətin belə davam etməsinin cəbhədə gərginliyə yol aça biləcəyi istisna deyil”.

 

 “Qarabağ münaqişəsi ilə bağlı proseslər nəticəsiz, amma çox fəal olub”

 

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov 2019-cu ildə Qarabağ münaqişəsi ətrafında baş verən hadisələri analiz edib. O diqqətə çatdırıb ki, bu il də Ermənistan rəhbərliyi hər bir imkandan istifadə edib, təhrikedici bəyanatlar səsləndirdi:

“Azərbaycanın dövlət başçısı erməni baş nazirə cavab da vermişdi. Rusiyanın, daha doğrusu bu dövlətin xarici işlər naziri Sergey Lavrovun fəallaşması il ərzində hiss olunurdu. O, Azərbaycanın mövqeyinə zidd olan müxtəlif bəyanatlarla çıxış etdi. Hazırda danışıqlar mövcud deyil. İl ərzində sülh prosesini dəyişmək cəhdlərinin olduğunu gördük. Hiss olunur ki, Rusiya və S. Lavrovun əsas məqsədi imitasiya şəklində danışıqları bərpa edib, ictimaiyyətdə olan gərginliyi bu və ya digər yollarla azaltmaqdır. Amma bu da baş vermir. Çünki Azərbaycan tərəfi formatın dəyişməsinə icazə vermir. Ona görə, prosesdə heç bir irəliləyiş yoxdur. Sadəcə olaraq, dekorasiyanı dəyişmək cəhdlərini müşahidə edirik”.

 

“Münaqişə tərəfləri arasında kəskinləşmə meylləri güclənir”

 

  1. Zülfüqarov vurğulayıb ki, bu il ərzində Ermənistanın mövqeyi ciddi şəkildə sərtləşib:

“Bu onu göstərir ki, yeni hakimiyyət konfrantasiya yolunu seçmirlər. Onlar da yaxşı başa düşürlər ki, danışıqlar bu cür bəyanatlarla dalana dirənibsə, deməli, konfrantasiya qaçılmazdır. Ermənilər yüz vəchlə toqquşmadan qorxmadıqlarını göstərmək istəyirlər. Halbuki ciddi şəkildə ehtiyat edirlər, hərbi əməliyyatlar bu və ya digər səbəbə görə bərpa oluna bilər. Bu baxımdan vəziyyət dəyişməz qalır, kəskinləşmə meylləri güclənir”.

 

“Lavrov əsaslı mövzuları müzakirə etmək niyyətində deyil”

 

Sabiq XİN başçısı 2019-cu ildə təşkil olunan erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərlərinin təşkil olunmasına da toxunub. O bu hadisəni “ictimaiyyətdəki gərginliyi azalmaq üçün edilən cəhd” adlandırıb:

“Bu qarşılıqlı səfərlər nəticə vermədi. Gərginliyi azaltmaq cəhdləri göstərir ki, Rusiya, S.Lavrov əsaslı mövzuları müzakirə etmək niyyətində deyil. Sadəcə olaraq, ictimaiyyəti aldatmaq, nəsə baş verdiyi barədə görüntü yaratmaq niyyətindədirlər. Halbuki hamımız başa düşürük, torpaqlarımız azad olunmasa, münaqişənin həllində heç bir irəliləyiş də olmayacaq”.

 

“Həmsədr dövlətlər də günahkardır”

 

Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, Beşinci Çağırış Milli Məclisin deputatı Elman Məmmədov da 2019-cu ili münaqişənin həlli baxımından uğursuz il kimi qiymətləndirib:

“Ölkə başçısı da müsahibəsində qeyd etdi ki, 2019-cu il Qarabağ münaqişəsi ilə bağlı itirilmiş il kimi yadda qaldı. Bunun günahı isə düşmənin qeyri-konstruktiv mövqeyində, beynəlxalq təşkilatların laqeydliyində, həmsədr dövlətlərin biganəliyindədir. Həmsədrlər bir növ işğalçının nazı ilə oynayırlar. Özünü vasitəçi adlandıran dövlətlər ermənilərin mövqeyi ilə oturub-dururlar. Ciddi mövqe ortaya qoymurlar. Buna görə, 2019-cu ildə heç bir mövqe ortaya qoyulmadı. Ümid edirəm ki, 2020-ci ildə Azərbaycanın təşəbbüsü, bütün sahələrdə olan üstünlüyü və gücü sayəsində Qarabağ münaqişəsində dönüş olacaq”.

 

“2020-ci ildə Qarabağ probleminin həlli üçün ciddi iş görülsün”

 

Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu isə üzdə olan məqamlarla deyil, pərdə arxasında Qarabağla bağlı xeyli irəliləyişlərin olduğunu düşünür:

“Hətta gözləyirdik ki, ilin sonuna qədər Qarabağla bağlı yaxşı xəbərlər olacaq. Amma reallaşmadı. Erməni tərəfinin qeyri-konstruktiv mövqe sərgiləməsi nəticəsində bu baş tutmadı. Nə qədər ki, biz Qarabağı azad etrməmişik, geridə qalan heç bir ili Qarabağ üçün uğurlu hesab edə bilmərik”.

 

Rey Kərimoğlunun sözlərinə görə, bu il Ermənistanın siyasi rəhbərliyinin – baş nazir Nikol Paşinyanın yarıtmaz, qeyri-konstruktiv mövqeyinin bir daha şahidi olduq:

“Təəssüf ki, Ermənistanın bu mövqeyi sayəsində bu qədər böyük problem yenə də nəticəsiz qaldı.

Bu baxımdan, 2019-cu ildə ürəkaçan heç nə olmadı. Arzu edirəm, 2020-ci ildə Qarabağ probleminin həlli üçün  ciddi iş görülsün və ortalıqda nəticə olsun”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir