Modern.az

Türkiyə Qarabağa niyə qoşun yeritmir? - Türk millət vəkili AÇIQLADI

Türkiyə Qarabağa niyə qoşun yeritmir? - Türk millət vəkili AÇIQLADI

Qarabağ

3 Yanvar 2020, 16:52

Xəbər verdiyimiz kimi, yanvarın 2-də Türkiyə Böyük Millət Məclisində Liviyaya əsgər göndərilməsi ilə bağlı qanun layihəsi müzakirə olunaraq qəbul edilib.

 

Müzakirələr zamanı  İYİ Partiyadan olan millət vəkili Aytun Çıray çıxış edərək sənədi kəskin tənqid edib. Liviyaya əsgər göndərilməsinə etiraz edən millət vəkili Qarabağın işğal altında olmasını xatırladıb:

“Qardaş Azərbaycan torpaqlarının 20 faizi tam qanunsuz olaraq işğal altındadır. Haydı, qalxın, gedək, oranı qurtaraq. Niyə etmirsiniz?”

 

Qeyd edək ki, Aytun Çırayın Qarabağla bağlı qaldırdığı məsələ cavabsız qalıb.

 

Modern.az İYİ Partiya təmsilçisinin təklifi ilə bağlı Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımın fikirlərini öyrənib.

 

Türkiyəli deputat ölkəsinin hər zaman Azərbaycana dəstək olduğunu qeyd edib:

 

“Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bunu dünya-aləm bilir. Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bir gün Azərbaycana getməyə ehtiyac olsa, Türkiyə Azərbaycanın yanında olacaq. Onsuz da bizim əlaqələrimiz ən yaxşı şəkildə davam edir. Azərbaycan bizim canımız, qanımızdır. Qarabağ bizim də, 82 milyon türkün də qanayan yarasıdır. O baxımdan, təbii ki, Azərbaycanın bayrağı sonsuza qədər dalğalanacaq”.

 

Şamil Ayrım onu da vurğulayıb ki, Türkiyə Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasını istəyir.

“Əlbəttə, belə bir şey olsa, azərbaycanlı qardaşlarımızın yanında yer alacağımızı dünya-aləm bilir. Amma biz rəhmətlik Atatürkün dediyi kimi, bu işin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. “Yurdda sülh, cahanda sülh!” prinsipi ilə heç bir gəncimizin, heç bir insanımızın burnunun qanamasını istəmirik. Amma yenə də deyirəm, şərtlər başqa cür olsa, Türkiyə Azərbaycanın yanındadır”, - deyə millət vəkili bildirib.

 

Əfsənə ŞƏRİF

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?