Modern.az

Fatma Yıldırım: “Qarabağlı kimi Bərdəni özümə doğma hesab edirəm”

Fatma Yıldırım: “Qarabağlı kimi Bərdəni özümə doğma hesab edirəm”

8 Yanvar 2020, 10:58
Yeni Azərbaycan Partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsindən deputatlığa namizədi Fatma Yıldırım Modern.az saytının suallarını cavablandırıb. 

 

- Fatma xanım, niyə parlament seçkilərinə qatılmaq, deputat olmaq istəyirsiniz?

 

- İlk növbədə fevralın 9-da ölkəmizdə keçiriləcək parlament seçkisində iştirak etmək üçün üzvü olduğum Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm cənab prezident İlham Əliyevə mənim də namizədliyimin irəli sürülməsinə görə təşəkkür edirəm. Məlumdur ki, respublikamızda bütün sahələrdə əsaslı və uğurlu islahatlar həyata keçirilir. Bütün bunlar, eləcə də, kadr sahəsində aparılan islahatları ictimaiyyət çox yüksək dəyərləndirir. Digər tərəfdən qadınların dövlət idarəçiliyində irəli çəkilməsi, ildən-ilə onların daha çox parlamentdə təmsil olunması, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın həm ölkəmizdə, həm də beynəlxalq aləmdə nüfuzu biz Azərbaycan qadınlarına daha çox güvən və stimul verir. Bu mənada mən də hələ gənc yaşlarından ictimai-siyasi fəaliyyətlə yaxından məşğul olan bir ziyalı xanım kimi ölkəmizdə gedən bu proseslərdə daha yaxından və fəal iştirak etmək istərdim.

 

- Deputat seçilərək reallaşdırmağı hədəflədiyiniz məsələlər nələrdir? 

 

- Əlbəttə, mən də digər həmkarlarım kimi YAP-ın vahid siyahısı ilə seçkilərdə iştirak edəcəm. Belə ki, seçki platformasının əsası partiyamızın sədri, dövlət başçımız İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətdən ibarətdir. Əslən bir Qarabağlı kimi, Bərdəni özümə doğma hesab edirəm. Seçilərəmsə, məni dəstəkləyən Bərdə sakinlərinin hər birinin yanında olacağam. Artıq bu bölgənin çox problemlemini öyrənmişəm və düşünürəm ki, biz həmin problemləri dövlətimizin gücü ilə həll edəcəyik. Möhtərəm prezidentimizin təbirincə desək, mən də Bərdənin ən sadiq xidmətçilərindən olacağam.

 

- Seçki prosesinə hazırlıq kampaniyası necə gedir?

 

- Sözsüz ki, səsvermə prosesinə hazırlıq mərhələsi Seçki Məcəlləsinin tələblərinə tam uyğun şəkildə davam edir. Artıq namizəd kimi qeydiyyatdan keçmişəm. Ümid edirik ki, maraqlı təbliğat-təşviqat kampaniyası ilə çıxış edərək seçicilərin etibarını qazana biləcəyik. 

  

Qeyd edək ki, Fatma Vidadi qızı Yıldırım 1973-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Qarabağlıdır (Şuşa rayonunun Malıbəyli kəndi). Atası mərhum fizika elmləri doktoru, professor, ictimai xadim olan Vidadi Yusif oğlu Əliyev Qarabağ İcmasına əvəzsiz xidmətlər göstərib.

 

Fatma Yıldırım Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məzunudur, fəlsəfə doktorudur. O, müxtəlif özəl şirkətlərdə insan resursları üzrə şöbə müdiri, 2012-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində kadrlar üzrə şöbə müdirinin müavini, daha sonra isə “Mənzil İnşaatı Dövlət Agentliyi”ndə “İnsan resursları” şöbəsinin müdiri vəzifəsində çalışıb. 2018-ci ildən isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “İnsan resursları” şöbəsinin müdiri və dövlət qulluğunun müşaviridir. Bundan əlavə, 2012-ci ildən çalışdığı qurumlarda Yeni Azərbaycan Partiyasının ərazi üzrə təşkilatlarının sədr müavini vəzifəsində çalışıb. Həmçinin, eyni müddət ərzində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib. Hazırda YAP Nəsimi rayon təşkilatının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə ilk partiya təşkilatının sədr müavinidir. Komitə daxilində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədridir.

Fatma Yıldırım diaspora fəaliyyəti ilə də fərqlənməyi bacarıb. Belə ki, bir müddət Belçika Krallığında yaşayan Fatma Yıldırım 2003-cü ildə “Avropa Azərbaycanlıları Mərkəzi”nin təsisçisi və sədri olub. Sözügedən ictimai birlik Avropada Qarabağ həqiqətləri, Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində kütləvi tədbirlərin keçirilməsini və təbliğat işlərinin aparılmasını təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?