Modern.az

Xankəndi Şəhər İcra Hakimiyyəti yaradılacaq?

Xankəndi Şəhər İcra Hakimiyyəti yaradılacaq?

Qarabağ

10 Yanvar 2020, 15:00

Azərbaycanın işğal olunmuş rayonlarının əksəriyyətinin icra strukturları var. Bu strukturlar ölkəmizin digər rayonlarında, qaçqın və məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərdə fəaliyyətini davam etdirirlər.

Yeganə Xankəndi şəhəridir ki, bu şəhərin icra strukturları ölkəmizdə fəaliyyət göstərmir. Halbuki Xankəndi sakinləri Bakı ilə bərabər Azərbaycanın 38 rayonunda məcburi köçkün həyatı yaşayırlar.

 

Bu barədə Modern.az-a danışan “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirib ki, digər işğal olunmuş rayonların sakinlərinin mütləq əksəriyyəti azərbaycanlılardır. Ona görə, həmin rayonların idarə və təşkilatları demək olar ki, olduğu kimi qalıblar:

 

“Onların rəhbərləri də öz yerindədir. Bunu Xankəndinə aid etmək olmaz. Təbii ki, Xankəndinin bir hissəsində azərbaycanlılar yaşayırdı. Amma orada ermənilər də məskunlaşdırılmışdı. Təəssüf ki, süni artım nəticəsində oradakı əhalinin mütləq əksəriyyəti ermənilər idi. İcra dairələrində çalışanların da bir hissəsi Azərbaycanda, bir hissəsi isə işağlda olan Xankəndi şəhərimizdədir. Ona görə, Xankəndi icra strukturlarının yaradılması o qədər də məsqədəuyğun hesab olunmur”.

 

Ə.Nuriyev xankəndililərin Azərbaycanın digər rayonlarında pərakəndə məskunlaşmasının da məsələyə təsiri olduğunu söyləyib:

 

“Həmçinin Xankəndidən məcburi köçkün düşən əhalinin əksəriyyəti digər rayonlara səpələnib. Kompakt bir hissədə yaşayış yoxdur. Məsələn, şuşalılar, xocalılar, kəlbəcərlilər nisbətən daha kompakt yaşayırlar”.

 

Son olaraq, ekspert onu da diqqətə çatırıb ki, Dağlıq Qarabağa daxil olan, bu kimi şərtlərə cavab verməyən digər rayonlarda da icra strukturları yaradılmayıb.

 

Qeyd edək ki, Xankəndinin icra strukturlarının yaradılmasını bu dairənin deputatı Flora Qasımova da zaman-zaman gündəmə gətirib. Deputat Milli Məclisdə çıxışlarında Xankəndi, onun tabelçiliyində olan yaşayış məntəqələri, əraziləri və digər vacib əhəmiyyətli məlumatları ictimaiyyətə, eləcə də xaricdən gələn qonaqlara çatdırmalı olduğumuzu vurğulayıb:

“Bizdən fərqli olaraq ermənilər Xankəndini Stepanakert adı ilə dünyaya təqdim edirlər. Ola bilsin, buna səbəb Xankəndinin icra strukturunun olmamasıdır. Hazırda Azərbaycanın müxtəlif bölgələrində Xankəndidən olan məcburi köçkünlər yaşayır. Hesab edirəm ki, Xankəndi icra strukturu yaradılmalıdır ki, bu məsələlər kompleks həllini tapa bilsin”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı