Modern.az

Şaxta baba Tiflisdə eşşək arabası ilə gəzir

Şaxta baba Tiflisdə eşşək arabası ilə gəzir

Ölkə

30 Dekabr 2009, 18:40

Gürcüstanın paytaxtı Pələngi qarşılamağa hazırdı

Dünyanın bütün ölkələrində 2010-u daha yaxşı qarşılamaq yarışı gedir. Bütün şəhərlər, əsasən də paytaxtlar bir gün sonra təşrif buyuracaq “pələng”in şərəfinə bəzədilir. Elə qonşu ölkənin mərkəzi Tiflis kimi. Xristian ölkəsi olduğu üçün Gürcüstanda bayram bir az başqa cür keçirilir…

2010-cu ilə saatlar qalıb. Gürcüstanın paytaxtı Tiflis bütün hazırlıqları bitirib və əlini əlinin üstünə qoyub yeni ili gözləyir. Tiflis yeni ili əsasən parlamentin önündə qarşılayacaq. Adətən mitinqlər, piketlər və inqlablar məskəni olan parlamentin önü bu dəfə şəhərin ən iri yolkasının məkanıdı. Parlamentin önündə yolka oyuncaqları şəklində dükanlar qurulub və içərisində yeni il bəzəkləri satılır. Balacalar buradan qara oxşar köpük püskürdən balonlar alır və bir-birinin üstünə “qar yağdırırlar”.

Paytaxt sakinləri, digər şəhərlərdən və ölkələrdən gələn qonaqlar da parlament olduğu küçəyə - Rustaveliyə gəzintiyə çıxıblar. Gürcülər bayram sevinclərini, təbriklərini Azərbaycanla da bölüşdülər: “Arzu eləyirəm ki, Bakıda və Tiflisdə həmişə sülh olsun” deyir David Kandalaki.
Şalva Besidze Sumqayıtdakı və Bakıdakı dostları Aydına, Telmana salamlarını göndərir, bütün Azərbaycanın yeni ilini təbrik edir. İki gənc qız – Lika və Keti isə Şaxta babadan əsasən sevgi arzulayırlar. Yeni ildə yeni eşqə düşmək onların əsas istəkləridi. Bir də ““Porşe” maşın və yaxşı bir ev olsa, pis olmaz” deyirlər.
Tiflisdə və bölgələrdə yaşayan Gürcüstan Azərbaycanlıları da yeni ili paytaxta keçirmək üçün toplaşıb. Onlar Azərbaycandakı soydaşlarına təbrik göndərdilər. İqbal, Azad, Sevda, Ülviyyə həm Azərbaycanda həm də Gürcüstanda sülh olmasını xahiş edəcəklər Şaxta babadan.

Şaxta baba isə Tiflisdə eşşək arabası ilə gəzir. Hərdən öz arabasına balacaları mindirib gəzdirir də. Şaxta baba, modern.az oxucuları üçün 2010-cu ildə nələr olacağı, insanlara növbəti il üçün hansı hədiyyələri gətirdiyi barədə xəbər verdi:  “Gələn il hər şey daha yaxşı olacaq. Sülh, xoşbəxtlik və sevgi gətirmişəm insanlara. 2010-cu ildə çox gözəl keçəcək”.
Tiflisin küçələri işıq saçır. Hər yan bəzədilib, hamı bayram mahnıları oxuyur. Burada hətta kuklalar da canlanıb yeni il musiqisi çalır...


Arxada parlament və Tiflisin ən böyük yolkası

Parlament öz yolkası ilə

İşıq saçan ağac

Yollar da bəzədilib

Vüqar Baba
Tiflis, Gürcüstan

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir