Modern.az

Gürcüstan parlamentində komitə sədri olan azərbaycanlı tələbə: “Soydaşlarımıza  dəstək olmağa çalışırıq”

Gürcüstan parlamentində komitə sədri olan azərbaycanlı tələbə: “Soydaşlarımıza  dəstək olmağa çalışırıq”

Diaspor

18 Yanvar 2020, 10:38

 

Gürcüstan Texniki Dövlət Universitetinin 4-cü kurs tələbəsi və ictimai fəal gənc Elvin Tağıyev Gürcüsta parlamentində gənclərlə iş üzrə dövlət komitəsinin sədri seçilib.

 

Komitə sədrliyinə gedən yolla bağlı Modern.az-a açıqlama verən Elvin Tağıyev bildirib ki, Gürcüstan Texniki Dövlət Universitetində sosial elmlər fakultəsinin İctimaiyyətlə  əlaqələr bölməsində təhsil alır:

 

“İki  ildir ki, Gürcüstan parlamentində tələbə komitəsində aktiv fəaliyyətə başlamışam. İlk olaraq bu komitəyə tələbə kimi qoşuldum. Bir semestr yerli özünüidarəetmə və regional komitədə oldum. Tələbə olaraq təcrübə topladım və aktiv fəaliyyət göstərdim. Təcrübəmi davam etdirərək komitənin müavini olaraq işimi davam etdirdim. 80 nəfərə yaxın tələbə sektoruna rəhbərlik edirdim”.

 

Elvin Tağıyevin sözlərinə görə, proqramın sonuna yaxınlaşanda hüquq komitəsinin sədri müəyyən səbəbə görə istefa verib:

 

“Ancaq mən və tələbələr komitəni tərk etmədik. Eyni şəkildə komitənin həm sədri və müavini olduq. Təcrübə toplayan tələbələrimizin bu işdən ayrılmasına yol vermədik, onların zəhmətini boşa buraxmadıq. Bu şəkildə aktiv fəaliyyətimizi sona yetirdik. Semestri uğurla bitirəndən sonra  aktiv gəncləri mükafatlandırdıq. Bu semestrin axırında isə Gürcüstan tələbə  parlamentinin fəxri dəvəti əsasında gənclərlə iş və dövlət komitəsinə sədr kimi dəvət olunduq”. 

 

Komitə sədri qeyd edib ki, aktivlik martın 1-dən start götürəcək:

“Yanvarın 1-dən martın 1-nə qədər olan müddətdə isə komitə olaraq təcrübə toplayan tələbə qəbulu həyata keçirəcəyik. Bizim komitədə həm azərbaycanlı, həm də gürcü tələbələr var. Soydaşlarımıza mümkün qədər dəstək olmağa çalışırıq. Təcrübə toplayan gənclərimiz parlamentdə xüsusi görüşlərə gedir. Parlament komitələrində qanun layihələrinin müzakirəsinə qatılıb iştirak edirlər. Parlamentin fəaliyyəti ilə yaxından tanış olurlar, deputatlarla görüşürlər”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı